“Sivasspor”un ulduzu: “Həyəcanlıyıq, amma uğur qazanmaq istəyirik”“Qarabağ”ın yer aldığı İ qrupunda aşkar autsayder yoxdu. “Vilyarreal” rəqibləri ilə müqayisədə favorit göstərilsə də, mübarizənin son ana qədər davam edəcəyi sirr deyil.
Çempionlar Liqasının, eləcə də Avropa Liqasının qrup mərhələlərində çıxış etmiş “Makkabi” öncəki iki mövsümdə qrupa həsrət qalmışdı. İndi yenidən həvəsləniblər. Bunu klubun baş direktoru Şaron Tammın açıqlamasından da görmək mümkündü: “Avropa Liqasında qrupa vəsiqə qazandığımıza görə qürur duyuruq. “Təbii ki, Çempionlar Liqasında qrupa düşsəydik, daha yaxşı olardı. Ancaq Avropa Liqasındakı uğurdan da məmnunuq. UEFA-dan gələcək 5 milyon avro koronavirusun yaratdığı zərəri bağlamaq üçün kifayət etmir. Dövlətin də yardımı problemlərimizin bir qismini həll edəcək. Ümid edirəm ki, komandamız qrupdan çıxar. Bunun sayəsində həm yolumuza davam edərik, həm də qazancımızı artırarıq”.
Türkiyədən də xəbər var. “Qarabağ”ın digər rəqibi “Sivasspor”un 36 yaşlı ulduz futbolçusu Aruna Kone də qrupdan çıxmaq haqda danışıb. PSV, “Sevilya”, “Levante”, “Viqan”, “Everton” kimi komandaların sabiq hücumçusu həyəcanlı olduqlarını deyib: "Rəqiblərimiz rəqabət qabiliyyəti olan komandalardı. Bizim üçün oyunların hər biri çətin olacaq. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram. Son tura qədər bu komandaları keçmək üçün əlimizdən gələni edəcəyik. "Vilyarreal" qrupda favoritdi. Hər matç üçün böyük istəklə meydanda olacağıq. Komandamız ilk dəfə Avropa Liqasının qrupunda mübarizə aparacaq. Bu səbəbdən çox həyəcanlıyıq, amma uğur qazanmaq istəyirik. Rəqibin kim olacağı fərq etmir, maksimum xallar toplamağa çalışacağıq".
HƏBİB