Region Liqası üçün qeydiyyatdan keçənlərin ilkin siyahısı 12-də açıqlanacaqÖtən saylarımızın birinə müsahibə verən AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev müxtəlif yaş qrupu üzrə komandalar arasında ölkə çempionatına oktyabrda start veriləcəyini söyləmişdi. Yusif bəy onu da əlavə etmişdi ki, U-10 və U-14 yaşarası liqalar oktyabrın 3-də, başqaları isə 10-u və 17-də başlayacaq.
Ancaq startı oktyabrın 3-nə nəzərdə tutulan liqalarda oyunlar keçirilmədi. Bu üzdən yenidən Vəliyevlə əlaqə saxlayıb, durumla maraqlandıq: “Liqalarda yeni mövsümə start verilməməsinin səbəbi ölkədəki mövcud durumdu. Nəzərə alsaq ki, bizim keçirdiyimiz liqalarda 3 zona cəbhəyanı bölgələri əhatə edir, çempionatın startının yubanması başadüşüləndi. Bugünlərdə bir daha şahidi olduq ki, erməni vandalları münaqişə zonası olmayan və mülki əhalinin yaşadığı rayonları, şəhərləri də artilleriya atəşinə tuturlar, insanların həyatı təhlükədə olur. Bu üzdən çempionatın startını 2 həftə ertələməyi lazım bildik. İnanırıq ki, şanlı ordumuz qısa vaxtda qalib gələcək və biz də ondan sonra liqalarda yeni “futbol ili”nə başlayacağıq. Hazırkı plana əsasən ola billər ki, digər zonalarda çempionata başlayaq. Yəni bütün liqalarda ilk oyunları oktyabrın 17-də keçirə bilərik. Onu da nəzərə alın ki, liqalar kütləvidi və təhlükəsizlik bizim üçün prioritet məsələdi”.
Son günlər ölkə ərazisində internetin zəif olması liqalarda iştirak etmək istəyən komandalara da müəyyən çətinliklər yaradıb. Belə ki, klublar, idman məktəbləri sifariş ərzizələrini AFFA-nın müvafiq qurumuna təqdim etməkdə çətinlik çəkir. AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəhbərindən bu məsələyə də münasibət bildirməsini istədik: “İnternetlə bağlı yaranan problemlə əlaqədar qeydiyyatdan keçən komandalara məlumat verdik ki, həmin müddəti uzatdıq və liqalar başalayana kimi sifariş ərizələrini onlayn qaydada bizə göndərə bilərlər. Durumu nəzərə alıb, onların vəziyyətini anlayışla qarşılayırıq. Bu ancaq, yenə təkrarlayıram, qeydiyyatdan keçən komandalara şamil olunacaq. Bu arada liqalara qatılmaq fikirinə düşən yeni komandalardan sənəd qəbulu olmayacaq”.
Sentyabrın 15-dən etibarən yeni mövsümdə Region Liqasında iştirak etmək istəyən komandaların qeydiyyatı başlayıb. Yusif bəylə söhbət əsnasında Region Liqasındakı son durumu da xəbər aldıq: “Region Liqsında qeydiyyat davam edir və onu da əlavə edim ki, onların arasında yenilər də var. Ancaq internetlə bağlı yaşanan problem burda da özünü göstərir və komandaların sənədləşmə məsələsində müəyyən gecikmələr olur. Buna baxmayaraq, işlər istənilən səviyyədə gedir. Yeni mövsümdə liqada iştirak edəcək komandaların siyahısına gəlincə, gələn həftənin bazar ertəsi həmin günə kimi qeydiyyatdan keçənlərin adlarını sizə təqdim edə bilərəm. Bilirsiz ki, Region Liqasını oktyabrın 24-də başlamağı planlaşdırmışıq. Bu məsələ də ölkədəki vəziyyətdən asılı olacaq. Hər şey qaydasında olarsa, əvvəlcədən planlaşdırdığımız tarixdə ilk tur oynanılacaq. Amma ola bilər ki, burda da start bir həftə ertələnsin. Belə olacağı halda oktyabrın son həftəsində liqada yeni mövsüm başlayacaq”.
RƏŞAD