Mübaliğəsiz və qeyd-şərtsiz demək olar ki, Azərbaycan hazırda yeni tarixinin ən önəmli anlarından birini yaşayır. Ötən əsrin 90-cı illərinin əvvəlində erməni-rus alyansının işğalına məruz qalan torpaqlarımızı qaytarmağa, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə çox yaxınıq. Ordumuz qələbə yürüşünü davam etdirməkdə israrlıdı. İnşallah, tezliklə hədəfimizə çatacağıq, Azərbaycanın həyatında yeni mərhələnin əsası qoyulacaq. Ölkə daxilində birlik ən yüksək səviyyədədi, hər kəs Prezident İlham Əliyevin işğalı aradan qaldırmaq yönündəki fəaliyyətini dəstəkləyir və imkanı daxilində bu prosesə töhfə vermək istəyir.
Təbii ki, ermənilərin havadarları, onlara züy tutanlar uzun fasilədən sonra döyüş meydanında təkbətək qalmağımızdan narahatdılar, Azərbaycanın haqq mübarizəsini az qala dünyanı məhvərindən çıxaracaq hərəkat kimi qələmə verməyə çalışırlar.
Biz haqqıq, torpaqlarımızın qayıtması, milyona yaxın qaçqının yurd-yuvasına dönməsi yolunda heç nədən çəkinməyəcək, son damla qanımıza qədər mübarizə aparacağıq. Bu artıq gün kimi aydındı, zərrəcə şübhəm yoxdu.
Amma məsələnin başqa tərəfi də var. Azərbaycanı başqa ölkələrdə təmsil edən idmançılar, burda çıxış edən legionerlər ən müxtəlif platformalarda Vətən müharibəsinə dəstək versələr də, səsini içinə salıb, heç danışmayanlar da var. Zənn etdiyiniz kimi, söhbət Rusiya premyer-liqasının klublarının şərəfini qoruyan azərbaycanlı futbolçulardan – Ayaz Quliyev, Kamran Əliyev və Ayxan Hüseynovdan gedir. Fikir verirsizsə, Henrix Mxitaryan az qala hər gün nəsə deyir, Rusiyanı təmsil edən erməni tennisçi Karen Xaçanov və onlarla başqası da ondan geri qalmır. Həyasızcasına və sırtıqlıqla Azərbaycanın ünvanına hərzə-hədyan danışırlar, ittiham edirlər. Onların mövqeyi bizim üçün zərrəcə önəmli deyil. Haqsızın yanında duran özü də haqsızdı, beləsinə fikir verməyə dəyməz. Yaxşı, bəs bizimkilər niyə susur? Müsahibə, açıqlama başlarına dəysin, heç olmasa, sosial şəbəkə hesablarında Azərbaycanın haqq işinə, ordumuzun azadlıq mübarizəsinə hansısa şəkildə dəstək verə bilməzlərmi? Bilərlər, bal kimi də bilərlər. Amma istəmirlər. Və bu istəməməyin də kökündə əsas iki səbəb dayanır.
Birincisi, adı çəkilən futbolçular Rusiya vətəndaşı kimi qeydiyyatdan keçiblər, indi də yerində işlədilməyən hansısa ifadə üzündən formasını geydikləri komandaların azarkeşləri, bu ölkənin futbolunda söz sahibi olan adamlar, yəni ümumilikdə futbol ictimaiyyəti ilə düşmən ola biləcəklərindən çəkinirlər. İkinci və daha qorxunc səbəb odu ki, bu adamlar, sadəcə, vətəni sevmirlər, onları Azərbaycanla ad-soyaddan başqa hansısa hiss, vətənpərvərlik duyğuları, təəssübkeşlik hissi bağlamır. Beləliklə, söykəndikləri mülahizələr nə olur-olsun, azərbaycanlı futbolçular qorxu hissini içlərindən çıxara, vətənin torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəsinə dəstək verə bilmirlər. Acı da olsa, reallıq belədi. Yüzdəyüz əminəm ki, istənilən başqa xalqın nümayəndələri belə məsələdə daha diqqətli davranar, şəxsi mənafeyini heç vaxt vətənin maraqlarının üstünə çıxarmazdı.
Əlbəttə, mən Rusiya futbolu ilə bağlı gerçəkliklərdən də az-çox xəbərdaram. Çox yaxşı yadımdadı ki, Mahir Şükürov 2010-da Rusiyanın dövlət himni səslənərkən komanda yoldaşlarından fərqli bayrağa tərəf çevrilmədiyinə görə az qala linç ediləcəkdi. Yəni belə məsələlərdə rusların azərbaycanlılarla başqaları arasında fərq qoyduğu aydındı. Bununla belə, şərtlər nə olur-olsun, ortada Azərbaycan davası gedirsə, vətənimiz üçün Şekspirin qəhrəmanının “olum, ya ölüm” sualı hədsiz aktuallıq qazanıbsa, geydiyin formanı da, şəxsi mənafeyi də, ümumiyyətlə, hər şeyi bir kənara atmaq olar. Mövzu Vətəndisə, qalanı təfərrüatdı. Ayaz, Kamran, Ayxan, axı siz hardasız?