Sizin reklam burada

Atası şəhid futbolçunun itkisi ilə barışa bilmir

Baxış Sayı:186


Vüqar Bürcəliyev: “Vətənə layiqli oğul böyütdüyümə görə qürur hissi keçirirəm”
Ordumuzun Qarabağda apardığı antiterror əməliyyatlarında şəhid olan oğullar arasında futbol camiəsinin də üzvləri var ki, onlardan biri də “Zirə”nin U-17 komandasının sabiq üzvü İlqar Bürcəliyevdi. O, Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
Qəhrəman şəhidimizin atası Vüqar Bürcəliyevlə əlaqə saxlayıb, həm kollektiv adından başsağlığı verdik, həm də oğlu ilə bağlı xatirələrini bölüşməsini istədik. Şəhid atasına oğlu barədə danışmağın nə qədər çətin olduğunu sizə izah etməyə ehtiyac yoxdu. Vüqar bəyin yeganə təsəllisi İlqarın vətən yolunda, Qarabağın azadlığı uğrunda canını qurban verməsidi: “İlqara futbol sevgisi elə məndən keçmişdi. Özüm də vaxtilə futbol oynamışam. Əvvəlcə Gəncə UGİM-ində, rəhmətlik Zahid Hüseynovun yanında məşq etmişəm. Sonradan “Kəpəz”ə keçdim və Fuad İsmayılovun rəhbərliyi altında futbolun sirlərini öyrənməyə başladım. Ancaq müəyyən səbəblərdən karyeramı davam etdirə bilmədim. Mənim çata bilmədiyim nöqtəyə oğlum Vüqar çatmışdı. O da futbola Gəncədə, Mətləb Məmmədovun rəhbərliyi altında başlamışdı. Sonra isə “Zirə”yə yollandı. Qardaşı Tamerlan bu gün də “Zirə”nin U-19 komandasının şərəfini qoruyur. Mən uşaqların futbol oynaması səbəbindən 20 ildi Bakıya gəlmişəm. Vüqar çox perspektivli uşaq idi. U-17 yığmasına da cəlb olunmuşdu. Əsgərlik yaşı çatanda hərbi xidmətə yollandı”.
Vüqar bəy oğlu ilə arasında olan son söhbəti də yada saldı: “İlqarın oynadığı dönəmdə vurduğu qolların videoyazısı məndə var, hücumçu mövqeyində çıxış edirdi. Çalışırdım bütün oyunlarını izləyim. Orta məktəbi qutarandan sonra ali məktəbə qəbul olmaq istəyirdi. Təəssüf ki, alınmadı. Öz aramızda razılaşmışdıq ki, xidməti başa vurandan sonra İdman Akademiyasına yenidən sənəd versin. Ancaq görünür, qismət deyilmiş. Hərbi xidmətə ötən ilin iyulunda yollanmışdı. İlk vaxtlar Ballı Qaya deyilən yerdə idi. Sonra yerini dəyişdilər və Talış ətrafına göndərdilər. Sentyabrın 27-də onunla sonuncu dəfə telefonda danışdıq. Vəziyyəti ilə maraqlandım. “Hər şey yaxşıdı, heç nədən narahat olma, ata” deyib telefonu söndürdü. Onunla danışan zaman avtomat səsləri eşidilirdi. Söhbət əsnasında “bizimkilkərdi, elə-belə atırlar” söyləyib, narahatlığa əsas olmadığını bildirdi. Ertəsi, sentyabrın 28-də artıq hərbi komissarlıqdan oğlumun şəhid olduğu xəbərini çatdırdılar. İlqar çox tərbiyəli, böyük-kiçik yeri bilən gənc idi. Övladımı itirdiyimə görə hansı hisslər keçirdiyimi, yəqin ki, siz də yaxşı başa düşürsüz. Ancaq Vüqarın vətən, torpaq uğrunda canını qurban verməsi məni qürurlandırır. Vətənə layiqli oğul böyütdüyümə görə qürur hissi keçirirəm. Son illər Bakıda yaşasaq da, İlqarı Gəncədə dəfn etdik. Bakıda mənim kimim var? Əslimiz-kökümüz Gəncədəndi və ona görə də belə qərar verdik. “Zirə”nin rəsmilərinə, U-17-də oğlumun məşqçisi olmuş Rəşad Hüseynova, “Kəpəz”də məşqçisi olmuş Mətləb müəllimə təşəkkür edirəm. Hamısı hüzr mərasimində iştirak etdilər. İndi mən yalnız bir söz deyə bilərəm: “Vətən sağ olsun!”
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR