Voleybol yığmamızın sabiq üzvü Polina Rəhimova şəxsi "feysbuk" səhifəsində son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı Milli Ordumuza dəstək verib. Dövlət himnindən sitat paylaşan 30 yaşlı hücumçu oktyabrın 3-də baş tutan matçda meydana vətən üçün çıxacağını bildirib. Braziliyanın "Sesi" klubunun formasını geyən Rəhimova xalqımıza tezliklə sülh arzuladığını bəyan edib: "Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə... Şanlı Vətən!!! Azərbaycan!!! Bu gün mənim üçün karantindən və uzun fasilədən sonra ilk oyundu. Matç zamanı bayrağımızı asmağımıza icazə verməsələr də, bu gün qəhrəmanlarımız kimi ölkəm üçün oynayacam! Azərbaycan, mən səninləyəm! Bu gün hamımız birlikdə olmalıyıq! Hamıya tezliklə sülh arzulayıram. Mən müharibənin əleyhinəyəm!" Cüdo Federasiyası da orduya dəstək olub. Qurum “feysbuk” səhifəsində paylaşım edərək, 11 fərqli dildə Qarabağın Azərbaycan torpağı olduğunu yazıb: “Azərbaycan Ermənistan tərəfindən işğal olunan torpaqları üçün döyüşür. Müharibə Ermənistanın yox, Azərbaycanın torpaqlarında davam edir. “Qarabağ Azərbaycanındı”.
Yeri gəlmişkən, Azərbaycan cüdo ictimaiyyətinin 100-dən çox nümayəndəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak üçün müraciət edən cüdoçular, məşqçilər, hakimlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırışına əsasən könüllü olaraq ordu sıralarına qoşulub. Düşmənə layiqli cavab verən ordunun sıralarına qoşulmaqdan şərəf duyduqlarını deyən cüdoçular Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyinə əmin olduqlarını vurğulayıblar. Ölkə cüdo ictimaiyyətinin bütün nümayəndələri döyüşə hazırdı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti dəstəkləyirlər. Onlar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlar həyata keçirən rəşadətli ordumuza uğurlar və şanlı qələbə arzulayıblar.
Sərbəst və yunan-Roma güləşi millilərimiz də dəstək nümayiş etdiriblər. Bununla bağlı Güləş Federasiyasının rəsmi "feysbuk" səhifəsində video paylaşılıb. Videoda beynəlxalq yarışlarda erməni idmançılarına qalib gələn güləşçilər - İslam Abbasov, Eldəniz Əzizli, Toğrul Əsgərov, Ağahüseyn Mustafayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və Rafiq Hüseynovun fikirlərinə də yer verilib. İdmançılar cəbhəyə yollanıb düşmənə qarşı döyüşməyə hazır olduqlarını bildiriblər.
"Keşlə"nin sabiq legioneri Sezar Meza Kolli ordumuzun Dağlıq Qarabağı erməni quldurlarından təmizlənmək üçün apardığı hərbi əməliyyatla bağlı mövqeyini bildirib. 29 yaşlı paraqvaylı yarımmüdafiəçi "instaqram" səhifəsində dəstəyini ifadə edib: “Bu millətin bir hissəsi olduğum üçün fəxr edirəm. Qələbə bizimlədi, Azərbaycan!” Qeyd edək ki, Sezar bu il AFFA-ya Azərbaycan vətəndaşlığı almaq istəyi ilə müraciət etmişdi. Bu da onun 5 il yerli klublarda çıxış etmsəylə bağlıdı.
AFFA-nın təşkilatçılığı ilə Azərbaycan Ordusuna dəstək məqsədilə fləşmob keçirilib. Könüllülər üzərində işğalda olan rayonlarımıza məsafəni göstərən lövhələr nümayiş etdiriblər.
AÇ-2020-nin Bakı şəhəri üzrə fristayleri, veteran futbolçu Nuqzar Kvirtiya və xanımı İnna Kvirtiya ermənilərin törətdiyi təxribatlara cavab verib. Onlar "feysbuk" vasitəsilə xaricdə yaşayan dostlarına və izləyicilərinə videomüraciət ediblər. Cütlük ermənilərin Azərbaycanda xarici ölkə vətəndaşlarının dini diskriminasiyaya məruz qalması ilə bağlı səsləndirdiyi fikirlərin yalan olduğunu bildirib. 10 ildən artıqdı ölkəmizdə yaşayan cütlük indiyədək heç vaxt dini baxışlarına görə təzyiqlə üzləşmədiklərini vurğulayıblar. Onlar sonda "Erməni təxribatını dayandırın!" çağırışı ediblər.
ADBTİA ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan "Mitsubishi Pick-up L200" avtomobili təqdim edib. Həmçinin döyüş bölgəsindəki əsgərlərə dəstək məqsədi ilə akademik, inzibati heyət və tələbələr öz ürək sözlərini əks etdirən “Əsgərə məktub” yazıblar və akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndəriblər.