Oyunboyu meydanda can qoyanlardan biri də kapitan Maksim Medvedev idi. Təcrübəli müdafiəçi zədəyə görə meydanı erkən tərk etsə də, sol cinahda Vild-Donald Geryenin yoxluğunu unutdura bildi. Təbii ki, Maksimə ünvanlanası suallar var idi.
- Bu qələbə ilə yükün altından çıxmaq mümkün oldu?- Həqiqətən çox emosional ağırlıq altındaydıq. Çünki oyuna gedəndə də başa düşürdük ki, necə böyük məsuliyyət daşıyırıq. Bu zaman istər-istəməz bizə psixoloji tərəfdən təzyiq kimi də var idi. Baş məşqçimiz bizə daim cəbhədə olan vəziyyətdən danışırdı, durumu izah edirdi. Çalışırdıq ki, legionerlərimizə də bunu çatdıraq. Başa düşsünlər ki, bu oyun nə dərəcədə bizim, Azərbaycan üçün vacibdi. Düzdü, buna nail olduq, qələbə qazandıq. Həmin qələbəni əsgərlərimizə, Azərbaycan xalqına həsr edirik. Fikirləşirəm ki, növbəti qələbələrimizi də ancaq əsgərlərimizə hədiyyə etməliyik.
- “Legiya”ya nəfəs almağa imkan vermədiz. “Molde” ilə oyunda qələbə qazanmağa nə mane olmuşdu?- Bu komandayla oyunun statistikasına baxsaq, doğrudan da rəqibi hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilməmişdik. Allah böyükdü. Norveçlilərin pley-offda görüşdüyü "Ferentsvaroş"la matçda hansı nəticənın olacağını deyə bilməzdik. Qismət "Molde"yə penaltilərdə uduzmaq imiş. Bu gün Azərbaycanın belə ağır hərbi vəziyyətində bizə Polşada Qarabağın adını bir daha Avropaya səsləndirmək qismət oldu. Fikrimcə, indiki vəziyyət daha da yaxşı oldu.
- Polşada olduğunuz müddətdə ölkədə başverənləri diqqətdə saxlayırdız? Maraqlıdı, döyüşlərin davam etməsi komandaya necə təsir edirdi?- Bildiyiniz kimi, komandamızda çoxlu legioner var. Onlar bəlkə də bizim üçün ciddi olan söhbəti bilmirlər. Şəxsən mən 2 gün yata bilmədim, hər gün səhər 7-də SMS-lər gəlirdi, xəbərləri açıb baxırdım. Mənimlə Qara Qarayev nə vaxt görüşürdüksə, mövzumuz yalnız cəbhədə olan vəziyyət idi.
HƏBİB