Rafiq Mirzəyev: “Məşqçilər Komitəsində təmsil olunanlar ancaq öz problemlərinin həlli üçün çalışırlar”Veteranlar İttifaqının dünən keçirilən tədbirində veteran futbolçu Rafiq Mirzəyev də var idi. İclas başa çatandan sonra həmkarları ilə ayaqüstü söhbətdə Mirzəyevin əsəbi tonda danışması diqqətimdən yayınmadı. Rafiq bəyə yaxınlaşıb əsəbləşməsinin səbəbini soruşdum. Sanki bunu gözləyirmiş kimi veteran futbolçu ürəyini boşaltdı: “Bu gün Veteranlar İttifaqının növbəti toplantısı keçirildi. Özünüz də həmin tədbirdə iştirak etdiz, aparılan müzakirələrin şahidi olduz. Deyirik ki, biz veteranları heç kim vecinə almır. Niyə belə olmalıdı? Hər halda, bura toplaşanların hər biri uzun illər futbol oynayıb, bu sahədə can qoyub. Ancaq təəssüf ki, AFFA-nın indiki rəhbərliyi bir çox məsələlərdə bizim mövqeyimizi öyrənmir, məsləhət və tövsiyələrimizə ehtiyac duymur. Veteranlar İttifaqı var, ancaq onun bir rəsmi ofisi, hansısa binada otağı yoxdu ki, lazım olanda ora yığışaq, dərd-sərimizi bölüşək. AFFA-da Məşqçilər Komitəsi adlı qurum fəaliyyət göstərir. 4 nəfərlik komitəyə assosiasiyanın inzibati binasında yer verirlər, ancaq bizə ögey münasibət göstərirlər. Heç olmasa, bu gün iclas keçirdiyimiz məkanı bizə ayırsınlar. Məşqçilər Komitəsindən söz düşmüşkən, onu da deyim ki, həmin qurum heç bir iş görmür. Orda təmsil olunanlar ancaq öz problemlərinin həlli üçün çalışırlar. Söylədiklərimi kimə desəz, sübut edə bilərəm. Bu illər ərzində Məşqçilər Komitəsi hansı işlər görüb? Veteranlar İttifaqında ölkənin sayılıb-seçilən mütəxəssisləri yer alıb. Yaxşı olardı ki, AFFA rəhbərliyi bizi də dinləyəydi”.
Rafiq bəylə söhbət zamanı Novruz Əzimov da fikirlərini bizimlə bölüşmək istədiyini bildirdi: “Neftçi”dən ayrılandan sonra AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüm. Söhbət əsnasında qısa vaxtda işlə təmin olunacağımı söylədi. Ancaq görün üstündən neçə il keçib. Hələ də bir şey yoxdu. Bugünlərdə İntizam Komitəsinə Erkin Qədirli adında yeni rəhbər təyin etdilər. Erkin müəllimi yaxından tanımıram, ola bilsin, insan kimi çox gözəl insandı. Ancaq niyə o? Mənim sənədlərim də AFFA-dadı. Məmmədovun müavini Sərxan Hacıyevlə danışdım. Mənə qayıtdı ki, “Erkin müəllim hüquqşünas olduğu üçün ora təyin olunub”. Ona qalsa, mən də ali təhsilli hüquqşünasam, özü də 40 ildi futboldayam. Mənə komitə üzvü olmağı təklif edirlər. Mən niyə sədr yox, üzv olmalıyam? Qədirlini futbol ictimaiyyətində kim tanıyır? AFFA rəhbərliyinin bizə ögey münasibəti hamımızı incidir”.
RƏŞAD