Azərbaycan ordusunun tariximizə şanlı səhifələr yazdığı günləri yaşayırıq. Sevincimiz, fərəhimiz yerə-göyə sığmır. Hamımız bu günlərin həsrətiylə yaşayırdıq. Düzdü, şəhid xəbərlərindən ürəyimiz parçalanır, gözlərimiz dolur. Amma müharibənin amansız qayda-qanunları var, onları qəbul etmək və bu qanunlarla yaşamağı bacarmaq lazımdı. Çətin də olsa, belədi, bacarmalıyıq. Uzun illərdi düşmən tapdağı altında olan vətən torpaqlarının həsrəti ilə yaşayırdıq. İndi qisas anı, torpaqlarımızı işğaldan qurtarmaq məqamı yetişib. Həm döyüş, həm də siyasi mübarizə meydanında hər şey xeyrimizədi. Gözü kor, qulaqları kar olan dünya birliyi də artıq həqiqəti başa düşür, Azərbaycan xalqının topraqlarına sahib çıxmaq haqqını da tanımağa başlayıb. İndi dünya Qarabağda apardığımızı müqəddəs savaşı iki aspektdən təqib edir. Biri azərbaycanlıların, onun ordusunun və ölkə başçısının qətiyyəti, inamlı davranışdı. Bu savaşın o biri üzündə isə ermənilərin başda Nikol Paşinyan olmaqla təxribatçı cəhdləri, yalvarışları, qorxaqlıq yağan gülünc açıqlama və iftiralarıdı. Onlar Azərbaycan əsgərinin gücünü gördükcə daha çox qorxmağa başlayır və başlarını itirirlər.
Biz xalq olaraq bu haqq davasının içindəyik. Təbii ki, idman ailəsi də bu davadan kənarda deyil. İstər əlində qələm tutan mətbuat nümayəndələri olsun, istər meydanlarda ədaləti qoruyan hakimlərimiz, yaxud da rinqdə tər tökən döyüşçülərimiz. Jurnalistlər qələmlərini silaha, idmançılarımız da geyimlərini əsgər paltarına dəyişib, vətənin müdafiəsinə yollanıblar. Uzun illər AFFA-nın mətbuat xidmətindəki fəaliyyətiylə tanıdığımız Mahal Məmmədov zabit kimi ordumuzun sıralarına qoşulub. Həmkarlarımızdan Daşqın Əzizlə Şıxı Bayramov da yenidən Azərbaycan ordusunun əsgəridi. Perspektivli hakimlərimizdən sayılan Kamal Umudlu Ali Baş Komandanın səfərbərlik çağırışına səs verənlər sırasındadı. Avropa Oyunlarının qalibi, qitə çempionatının mükafatçısı AyxanTağızadə də yağı düşməni doğma torpaqlarımızdan qovmaq üçün hərbi komissarlığa yollanıb, əlinə silah almaq üçün sıra gözləyir. Azərbaycanın fəxr etdiyi oğullardan olan MMA döyüşçüsü Tofiq Musayevin cəsurluğundan bəhs edən xəbərlər artıq sərhədlərimizi də aşıb. Qardaş Türkiyənin mətbuatı da Tofiqin orduya yollanmasından, mənfur ermənilərə qarşı savaşmaq həvəsindən böyük coşquyla yazır.
Heç şübhə etmirik ki, qarşıdakı günlərdə bu siyahı daha da genişlənəcək. İdman ictimaiyyətinin nümayəndələri müsəlləh əsgər kimi vətənin keşiyində dayanmaqda davam edəcək. Bu vətənin övladları onun hər qarışı uğrunda savaşmağa, düşməni onun sərhədlərindən uzağa qovmaq üçün sonadək mübarizə aparmağa hazırdı. İnşallah, bu müqəddəs savaşın qalibi də Azərbaycan əsgəri olacaq. Müharibə aparmaqla yanaşı, yaşamaq, yaratmaq, başqa sahələrdə də mübarizə aparmaq vacibdi. Çünki vətənin adını təkcə döyüş meydanlarında yox, elm sahəsində də, yarış meydanlarında da ucaltmaq lazımdı. Onun sabahı üçün çalışmağı da unutmamalıyıq. 1990-cı illərin əvvəllərində də Azərbaycanda amansız savaş gedirdi. Həmin vaxt dövlətimiz gənc idi, müstəqilliyi yenicə bərpa etmişdik. Amma həyat davam edirdi. Azərbaycan müstəqil ölkə kimi kövrək addımlarını atır, özünü dünyaya tanıdır, milli rəmzlərini təqdim edir, təhsildə islahatlar aparırdı. Təsadüfi deyil ki, müharibənin ən qızğın çağında futbol üzrə ilk Azərbaycan çempionatına 26 komanda qatılmışdı. Bu faktın özü ölkədə futbolun necə sevilməsinin, eləcə də bizim necə mübariz xalq olmağımızın göstəricidi.
İndi yenə savaşırıq, erməni dığalarını torpaqlarımızdan qovmaq üçün mübarizə aparırıq. Eyni zamanda da yaşamalı, yaratmalı, yeni uğurların planlarını cizməliyik. “Qarabağ”ın bugünkü mübarizəsi də bu sıradandı. Ağdamlılar illərdi öz üzərinə düşən müqəddəs missiyanın öhdəsindən uğurlar gəlir. Azərbaycanın, Qarabağın adını bütün Avropaya tanıdır. Səmimiyyətimə inanın, yaşadığım ərazinin yaxınlığında xidmət aparan polis əməkdaşı gündəmin gərginliyinə baxmayaraq, məni görən kimi “Qarabağ”ın oyunu necə olacaq” deyə soruşur. Ən çətin məqamlarda belə “Qarabağ”ı unutmayan mübariz insanlar var. Bu axşam onların ürəkləri cəbhədəki əsgərlərimizlə və Polşada çətin sınağa çıxacaq futbolçularımızla döyünəcək. Vətən üçün döyünən ürəklər səninlədi, “Qarabağ”. Bu sevgi, milyonların duası sizi qələbəyə səsləsin və xalqımızı çətin günlərdə sevindirin. Uğurlar, bizim çempion!