Sizin reklam burada

Dənizlidən eşitdiyimiz həqiqət

Baxış Sayı:112

2016-cı ilin mayında Bakıda futbol bayramına hazırlıq gedirdi. 17 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatı Azərbaycan paytaxtında keçiriləcəkdi. Bu evsahibliyi bizə təkcə Avropanın futbol ailəsinin diqqət və marağını qazandırmamışdı, həm də U-17 millimiz final mərhələsində iştirak edən komandalardan birinə çevrilmişdi. AFFA bu məsuliyyətli yarışa xeyli ciddi hazırlaşırdı. Özümüzü təkcə yaxşı təşkilatçı, qonaqpərvər ev sahibi kimi yox, futbolu inkişafda olan Avropa ölkəsi kimi göstərməliydik. Ona görə də AFFA yaşı həmin turnirdə iştirak etməyə imkan verən futbolçu nəslinə xüsusi diqqət ayırır, Təbriz Həsənovun çalışdırdığı yığma komandaya hər cür şərait yaradılırdı. U-17 millisinə yaradılan şərait əsas yığmadan, demək olar ki, fərqlənmirdi. Obrazlı desək, AFFA Təbriz Həsənovu və U-17 millisini ovcunun içində saxlayırdı.
17 yaşadək futbolçulardan ibarət komandamız tez-tez təlim-məşq toplanışı keçirir, başqa ölkələrdəki beynəlxalq turnirlərə yollanırdı. Proses təxminən iki ilə yaxın davam etdi, amma sonunu gətirə bilmədik. Söhbət təkcə milli komandamızın Avropa çempionatındakı çıxışından getmir. AFFA özü illərlə xərc çəkilən, əmək sərf edilən U-17 millisinə ağır psixoloji zərbə vurdu. 2016-cı ilin əvvəllərindən etibarən milliyə Türkiyədən futbolçular cəlb olunmağa başladı. Bu da yeniyetmə çağını yaşayan milli üzvlərində təlaş, ruh düşkünlüyü yaratmağa başladı. Futbolda ilk addımlarını atan yeniyetmələrin ürəyinə və beyninə belə bir fikir hakim olmağa başladı ki, biz illərlə tər tökürük, millidə oynamaq üçün can qoyuruq, amma Avropa çempionatından öncə kənardan gələnləri komandaya doldururlar. Avropa çempionatının startına sayılı günlər qalmış futbolçuların valideynləri həyəcanla zəng vurur, “Amal, bizim uşaqları “sındırırlar”, belə olmaz. Az qalırıq ki, futbola nifrət edək” deyirdilər. Çox təəssüf ki, elə qorxduğumuz kimi də oldu, bədbin proqnozlar özünü doğrultdu.
Avropa çempionatının Bakı Olimpiya Stadionunda keçirilən açılış oyunu sizin də yadınızdadı. Millimiz bu oyunda Portuqaliya ilə qarşılaşdı və ölkə başçısının, eləcə də 30 mindən çox azarkeşin gözləri önündə qapımıza 5 cavabsız top vuruldu. Söhbət heç də vurulan qolların sayında, bizim bu qollardan heç birinə cavab verə bilməməyimizdə deyil. Onsuz da Portuqaliyanın gücü bəllidi, Ronaldonun həmyerliləri sonda qitə çempionu olmaqla da favorit adını bir daha təsdiqləməyi bacardılar. Bunlar normal şeylərdi. Amma Azərbaycanı təmsil edən komandanın belə məsul oyunda meydanda varlıq göstərə bilməməsi rəzalət idi. Özü dü bu rəzalət tablosu xeyli davam edən bahalı hazırlıq prosesindən sonra ortaya çıxmışdı. Qəzəbdən, xəcalətdən özümüzə yer tapa bilmirdik. Məsələ onda idi ki, baş məşqçi Təbriz Həsənov bu oyunda illərdi hazırlıq keçdiyi, vətən, bayraq, milli komanda üçün meydanda can qoyan yeniyetmələrə yox, AFFA-nın “milliləşdirdiyi” gəlmələrə güvənmişdi. Millimizin start heyətində elə Portuqaliyanın qapımıza vurduğu qolların sayı qədər “milliləşdirilmiş” futbolçu yer alırdı. Adlarını birlikdə xatırlayaq: Hüseyn Seyliğli, İsmayıl Karakaş, Barış Əkinçiər, Mətin Gülər, Doğukan Öksüz.
AFFA-nın siyasəti bəllidi. Elxan Məmmədovun ideologiyası belədi, adam yoğurub-yapmadan kökə sahibi olmaq istəyir. Yəni futbolçu yetişdirmədən, infrastruktur yaratmaqdan, uşaq futboluna qayğı göstərmədən güclü milli komanda yaratmaq istəyir. Amma ortaya çıxardıqları komanda biabırçı nəticə göstərir, hamımızın üzünü qaraldır. Özü də 5 “milliləşdirilmiş” futbolçu ilə qapımızdan eyni sayda cavabsız top buraxırıq. Növbəti oyunda Təbriz Həsənov səhvini müəyyən qədər düzəltdi, “milliləşdirilənlərdən” birini ehtiyatda oturtdu, Pilağa Mehdiyevi start heyətinə daxil etdi. Bu da öz bəhrəsini verdi. Özünüsübut eşqiylə alışıb-yanan Pilağanın ötürməsini Murad Mahmudov Belçikanın qapısından keçirdi və komandamız ağır yenilgidən sonra qazandığı 1 xalla azarkeşlərin könlünü almağı bacardı. Qrupdakı sonuncu oyunumuzu Şotlandiyaya qarşı keçirdik və qələbə qazandıq. Bizə qələbə gətirən qolun altında isə “Qəbələ”nin yetirməsi Fərid Nəbiyevin imzası var idi. Onun vurduğu qol oyunda yeganə oldu və Şotlandiyanı 1:0 hesabıyla məğlub etməyi bacardıq.
Üstündən xeyli müddət keçib, amma AFFA hələ də mənfur siyasətindən əl çəkməyib. Hanı Təbriz Həsəovun Portuqaliya ilə oyunda meydana buraxdığı “milliləşdirilənlər”? Onların heç birindən Azərbaycan futbolu iynənin ucu boyda xeyir görmədi. Bu yaxınlarda U-19-un yeni heyəti açıqlandı. Estafeti Əmrə Yıldırımla Sərhan Ürəsin qəbul edib. “Dənizlispor” camiəsi Əmrənin millimizə çağırılmasını bayram edir, yerli mətbuat da bu məsələyə diqqət ayırıb. Saytlardan biri belə yazıb: “Əmrə Yıldırım “Beşiktaş” və “İstanbul BŞ”nin futbolçuları ilə birlikdə müsafir kimi Azərbaycan millisinin formasını geyəcək”. Acı həqiqətdi dostlar, Azərbaycan millisi dünyada yeganə komandadı ki, ora əcnəbi futbolçuları qonaq kimi çağırırlar, qonaqlara milli forma geydirirlər. Görəsən, AFFA Dənizli mətbuatının yazdıqlarından xəcalət hissi keçirirmi?!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR