Sizin reklam burada

PFL və AFFA səviyyəsində yersiz süründürməçilik...

Baxış Sayı:126


...və ya ağası bəlli olmayan Azərbaycan futbolu
Uzun illərdi ki, “Futbol+” qəzeti Azərbaycan çempionatının oyunlarını işıqlandıraraq matçlardan reportajlar hazırlayır. Bu mövsüm isə qarşılaşmalar haqda məlumatların hazırlanması ilə bağlı xırda problem yaşayırıq. Məsələ burasındadı ki, hakimlərin, hakim-inspektorların və AFFA nümayəndələrinin qeydiyyat yerini dəqiqləşdirə bilmirik. Məsələ ilə bağlı “Futbol+”in baş redaktoru Mahir Rüstəmli sentyabrın 22-də PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasova müraciət edərək, ondan həmin şəxslərin hansı rayonda qeydiyyatda olması ilə bağlı siyahını göndərməsini istəyib. Elgiz bəy baş redaktordan siyahının göndərilməsi üçün rəsmi məktubla PFL-ə müraciət etməli olduğunu bildirib. Bundan sonra Mahir bəy Elgiz Abbasova rəsmi e-mail göndərib. Üstündən üç gün ötəndən sonra qurum rəsmisi baş redaktora siyahının verilməsinin onun səlahətində olmadığını, AFFA Hakimlər Komitəsinə müraciət etməli olduğunu bildirib.
Dünən son turun reportajlarını hazırlayarkən əlimizdəki köhnə siyahıdan istifadə edərək hakimlərin, onların köməkçilərinin, inspektorların və AFFA nümayəndələrinin qeydiyyatda olduğu yerləri qeyd etdik. Bir sözlə, çempionatının təşkilati işlərinə nəzarət edən qurumdan informasiya əldə edə bilmədik. Biz də “ağa deyir, sür dərəyə, sür dərəyə” məsəlinə əməl edərək AFFA Hakimlər Komitəsinə müracitə etdik. Qurumun Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilova istəyimizi, fikrimizi çatdırdıq. Onun söylədiklərini olduğu kimi təqdim edirik: “Elgiz Abbasov sizin məktubu mənə ünvanladı. Mən də öz növbəmdə Frits Stuxliki məsələdən xəbərdar etdim. O, mənə bildirdi ki, reportajlarda Azərbaycan Respublikasının vətəndaşı kimi qeyd etsinlər. Hakimlərin, onların köməkçilərinin, inspektorların və AFFA nümayəndələrinin qeydiyyat yerləri haqda siyahısını sizə verə bilmərik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Firuz Abdullaya rəsmi məktub göndərsəz, o, sizə bu məsələdə kömək ola bilər. Mənlik heç nə yoxdu”.
Göründüyü kimi, aləm dəyib bir-birinə. PFL əvvəlcə məktub istəyir, sonra cavab verir ki, bizlik deyil və günahı atır Hakimlər Komitəsinin boynuna. Onlar da deyir ki, hamını Azərbaycan vətəndaşı kimi göstərin, ya da rəsmi məktubla federasiyaya müraciət edin. Problem yoxdu. Firuz Abdullaya da məktub yazarıq. Amma Stuxlikin siyahını verməməsi hansı məntiqə əsaslanır? İllərdi “Futbol+” bu bilgiləri rahat şəkildə oxucuya çatdırıb. Dünyanın bütün çempionatlarının protokollarında hakimlərin, onların köməkçilərinin, inspektorların və nümayəndələrin qeydiyyat yeri göstərilirsə, bizdə niyə Azərbaycan vətəndaşı kimi qeyd olunmalıdı? Məgər premyer-liqa beynəlxalq səviyyəli turnirdi? Yoxsa Stuxlik çempionatın adının “premyer-liqa” olduğunu görüb, Rusiya və ya İngiltərədəki ilə səhv salır?
Nə olar, dedikləri yola da baş vuracağıq. Necə deyərlər, ağa deyir sür dərəyə, sür dərəyə. Amma burda ağa kimdi? PFL, AFFA, yoxsa Stuxlik? Əvvəlcə onu qərarlaşdırın, cənablar. Sonra biz də ona rəsmi məktubla müraciət edək.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR