Sizin reklam burada

Hər yeddi nəfərdən birinə dopinq təklif olunub

Baxış Sayı:99


AMADA anabolik steroidlərlə mübarizəni gücləndirib
Sentyabrın 24-də “Hilton” otelində cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunan mətbuat konfransı keçirildi. Saat 11-də başlayan tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov, TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva və Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev iştirak etdi.
Bildirildi ki, dopinqin bir növü olan anabolik steroidlərdən istifadə peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib. Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədi. Steroidlərdən istifadənin geniş yayılmasının əsas səbəbi iştifadəçilərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudu. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdı.
AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin aparılan araşdırmalar və dünyada baş verən hadisələr göstərir ki, steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənara çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır. Steroidlərdən müntəzəm istifadə ürəktutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr orqanizmin təbii immunitetini zəiflətməklə xərçəng və başqa ağır xəstəliklərə tutulma riskini artırır. Steroidlərdən istifadə bağlılıq yaratdığı üçün bir sıra sosial-psixoloji fəsadlar da törədir. Ondan mütəmadi istifadə edənlərdə aqressivlik, dərin depressiya halları müşahidə olunur. Sonradan bu maddələrin istifadəsindən imtina edən şəxslərin müalicəsi isə narkotik aludəçilərinin müalicəsindən daha ağır və mürəkkəb bir prosedurdu. Beynəlxalq araşdırmaların nəticələri göstərir ki, narkotik istifadəçilərinin 25 faizi əvvəllər anabolik steroid istifadəçisi olub. Bu isə öz növbəsində cinayət hallarının artması kimi sosial problemlərlə nəticələnir. Steroidlərdən istifadə sonsuzluq riskini artırdığı üçün həm də genefond və demoqrafik problemlərə gətirib çıxarır. Steroidlərin qanunsuz dövriyyəsi və satışı problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddu. Ötən həftə Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkəmizdə bununla məşğul olan dəstənin tutulması və külli miqdarda güclü təsiredici maddələrin dövriyyədən çıxarılması da problemin aktuallığını göstərir. Problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdı. Geniş əhali üçün nəzərdə tutulan və insanların sağlamlıq və fiziki hazırlıq üçün üz tutduqları bir sıra fitness mərkəzləri və idman zallarında steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir.
AMADA tərəfindən gənclər arasında keçirilən sorğu nəticəsində aydın olub ki, hər 7 respondentdən birinə dopinq təklif edilib, onların 60 faizinə isə bu təklif idman zalında və ya fitnes mərkəzində edilib. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır və onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilirlər. Bundan əlavə, steroidlərin sosial şəbəkələr, internet mağazaları, hətta məşhur onlayn ticarət platformalarında satışı geniş yayılıb. Ölkədə aidiyyatə dövlət qurumları belə hallarla mübarizəni mütəmadi olaraq həyata keçirir. Bu istiqamətdə AMADA Dövlət Təhlükəsizliyi Xidməti, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları, o cümlədən Səhiyyə Nazirliyi ilə sıx əməkdaşlıq edir. Problemin miqyasını və aktuallığını nəzərə alaraq ictimaiyyətin bu mübarizəyə fəal qoşulması vacibdi. Steroidlərin istifadəsinin fəsadları ilə bağlı maarifləndirmə işində, onun qanunsuz dövriyyəsi və satışı hallarının aşkarlanmasında ictimaiyyət nümayəndələrinin, o cümlədən də kütləvi informasiya vasitələrinin geniş imkanları var. İctimaiyyətin bu cür məsələlər üzrə məlumat əldə etdikləri zaman hüquq mühafizə orqanlarına, əlavə olaraq idmanla bağlı olduqda isə həmçinin AMADA-ya məlumat vermələri bu mübarizəyə böyük töhfə verə bilər. AMADA anabolik steroidlərin necə əldə olunduğuna dair sorğu keçirib. Şəfəq Hüseynli qeyd etdi ki, anabolik steroidlər bir neçə yolla əldə olunur. 60 faiz dopinqdən istifadə edənlər buna idman zallarındakı məşqçilər tərəfindən sövq edilib. 28 faiz dopinq istifadəçiləri bunu sosial media reklamları vasitəsi ilə alıb, 12 faiz isə məşqçi və həkimlər tərəfindən yanlış bilgi sayəsində dopinqdən istifadə ediblər. Dopinqdən istifadəyə meyilli olanların 52 faizi 19-28 yaş aralığındakı insanlardı. Hüseynli yalnız səyləri birləşdirməklə bu mübarizədə uğur əldə etməyin mümkünlüyünü vurğuladı: "Ötən həftə Dövlət Təhlükəsizlik Xidməti böyük əməliyyat keçirib. Yəni bu istiqamətdə iş gedir. Qaçaqmalçılıqla gətirilən dərmanlar qanunsuz dövriyyə sayılır. Biz bir-birimizə kömək etməliyik".
Kəmalə Ağayeva isə bildirdi ki, steroidlərdən istifadə mədə-sinir sistemindən başlayaraq psixiatrik və ürək-damar problemlərinə qədər bir çox fəsadlar törədir. O, həvəskar idmanda da steroid istifadəçilərinin sayının artdığını diqqətə çatdırdı. Ağayeva Səhiyyə Nazirliyinin dövlət qeydiyyatında olan dərmanların həkim nəzarəti ilə tətbiqini mümkün saydı. Əks halda, o, "qara bazar"dan alınan, mənşəyi bilinməyən keyfiyyətsiz dərmanların orqanizmə mənfi təsir göstərməsinin mümkünlüyünü vurğuladı: "Bu zaman kişilərdə qadınlaşma, qadınlarda isə kişiləşmə, immun sisteminin zəifləməsi, cinsi sferaya təsirlər, orqanizmdə pozuntular, narkotiklərə meyillilik, xərçəng yarana bilər. Araşdırmalar onu göstərir ki, təsirlər həmin insandan sonra bir neçə nəslin korlanmasına səbəb ola bilər. Steroid qəbul edənlərin xərçəng riski adi insanlardan 4-6 dəfə çoxdu".
Fərid Mansurov hər bir uğurun arxasında əzab-əziyyətin durduğunu, amma bəzi insanların qısa müddətdə uğur qazanmaq üçün belə vasitələrdən yararlandığını söylədi: "Belə vasitələrdən yararlandıqdan sonra idmançı müsbət nəticəni gördükdə həmin vasitələrin aludəçisinə çevrilir. Olimpiya və ikiqat dünya çempionu kimi tövsiyə edirəm ki, belə yollara baş vurmasınlar. Bəzi insanlar fikirləşirlər ki, peşəkar idmançı olmadıqları üçün onları heç kim yoxlamayacaq. Amma insanlar öz sağlamlıqlarını müvəqqəti fiziki görünüşlərinə qurban verdiklərini bilməlidirlər. İnanıram ki, bu bəladan canımızı qurtaracağıq. Fitness zalları özəl fəaliyyət göstərsə də, AGİN bu məsələni tənzimləməkdə maraqlıdı. Bu gün pandemiya ilə bağlı hər bir addım Operativ Qərargahın qərarına əsasən atılır. Ümid edirik ki, idman sahəsində də bu icazə veriləcək. Açıq havada yarışların keçirilməsinə icazə verilib. Artıq müəyyən vaxtdan sonra havalar soyuyacaq. Bir neçə idman növündə beynəlxalq yarışlar start götürüb. Operativ Qərargahdan cavab gözləyirik. Dekabrda Bakıda idman gimnastikası üzrə Avropa çempionatının təşkili gözlənilinir”.
Qabil Mehdiyev diqqəti bir çox idmançının məşqçi-müəllimlərin tövsiyəsi əsasında steroidlərdən yararlanmasına çəkdi. O, problemin inzibati yollarla həllinin mümkün olmadığını, bu mövzuda idman jurnalistlərinin təbliğat aparmalarının vacibliyini qeyd etdi. AMADA ilə bir sıra layihələr - yazı müsabiqələri təşkil etmək, sənədli filmlər çəkmək plandadı. Mehdiyev sosial şəbəkələrdə müəyyən dərmanların reklamlarına qarşı tədbirlər görmək üçün komissiya yaradaraq araşdırma aparmağın da mümkünlüyünü dilə gətirdi.
Dopinqdən istifadəyə görə cəzalandırılan idmançıların medalları müvafiq federasiyaların özləri tərəfindən əllərindən alınacaq. Bunu da Şəfəq Hüseynli jurnalistlərə açıqlamasında bildirdi. O, federasiyalardan cəzalı idmançıların medallarının yarışlarda növbəti yerləri tutanlara veriləcəyinə dair təminat aldıqlarını söylədi. Taekvondoçu Ramin Əzizov cəzalandırıldıqdan sonra iştirak etdiyi bütün yarışlardakı nəticələri ləğv olunacaq. Əzizov cəzadan sonra bu ilin fevralında İsveçdəki turnirdə qazandığı bürünc medalı da təhvil verəcək. AMADA bununla bağlı Beynəlxalq Taekvondo Federasiyasına müraciət edib. AMADA Əzizovu avqustun 13-də dopinqdən istifadəyə görə 24 aylıq diskvalifikasiya edib. Onun cəzası fevralın 25-dən qüvvəyə minib.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR