Sizin reklam burada

Gördüyümüz, susduğumuz həqiqətlər

Baxış Sayı:119

AFFA-nın Azərbaycan futboluna, onun dəyərlərinə münasibəti gözümüzün önündədi. Tanınmış futbol həkimi Boris Xetaqurovun 80 illik yubileyinə göstərilən münasibəti hamımız gördük. Eyni münasibət İsgəndər Cavadova, Kazbek Tuayevə göstərilə bilərdimi? Əlbəttə, xeyr! Mən demirəm ki, Cavadov, yaxud da qocaman Tuayev belə münasibətə layiqdi. Onlar da pis, ya da yaxşı Azərbaycan futboluna xidmət etmiş adamlardı. Heç kimin zəhmətini danmaq olmaz. Veteranların arasında ayrı-seçkilik salınmamalı, hamısına dəyər verilməlidi. Fərqi yoxdu, onlar Azərbaycan futboluna bilavasitə meydanda xidmət göstəriblər, yoxsa meydanın ağ cizgisinin kənarında. AFFA İsgəndər Cavadovun, İqor Ponomaryovun, lap elə Ruslan Qurbanovun doğum gününə həssas münasibət göstərib, onları təbrik edirsə, Boris Xetaqurova da eyni dərəcədə diqqət göstərilməliydi. Çünki qayğıkeş həkim yaşıl meydanlarda top qovanların sağlamlığının keşiyində dayanıb, onların ayaqları, qolları zədələndə çantasını götürüb meydana qaçıb. Təəssüflər olsun ki, ona münasibətdə eyni həssaslığı göstərmədilər, 80 yaşını tamamlayan ahıl həkimin qəlbini qırdılar.
Mən ötənləri yenidən xatırlayıb, Xetaqurovun dərdini təzələmək istəmirəm. Hərgah onun üçün bu dərdin heç vaxt köhnəlmədiyinə, özünə qarşı edilən haqsızlığın əzabını hələ də çəkdiyinə əminəm. Heç Boris Nanayeviç bu qəbildən olan yeganə insan da deyil. Səmədağa Şıxlarovun müalicəsi üçün tələb olunan pulu AFFA xəstəxananın hesabına nə vaxt köçürdü? Bəli, məhz mətbuatda və sosial şəbəkələrdə ardıcıl qınaqlar səslənəndən sonra. Özü də həmin o pulköçürmə əməliyyatı daldan atılan daş effekti verdi. Çünki AFFA xəstəxananın hesabına pulu köçürüb, ödəniş qəbzini nümayiş etdirəndə Şıxlarov əməliyyat olunmuşdu. Yaxşı ki, dostları, yaxınları tələb olunan pulu toplayıb, veteran futbolçunu əməliyyat etdirmişdilər. Səmədağa bəy və onun ailəsi AFFA-ya ümid olsaydı, Allah göstərməsin, iş-işdən keçə də bilərdi. Nazim Süleymanovun başına gətirilənlər də gözümüzün önündədi. Adam yeganə azərbaycanlı futbolçudu ki, Rusiya çempionu adını qazanıb. Vaqif Cavadovun Hollandiyadakı macəralarını saymasaq, Nazim bəy, ümumiyyətlə, Azərbaycandan kənarda çempion olan yeganə futbolçumuzdu. Acı da olsa, həqiqətdi ki, ikinci belə bir futbolçumuz yoxdu. Bundan sonra heç olacağı da gözlənilmir. Yaxın gələcəkdə bunu reallaşdıra biləcək futbolçumuz yoxdu. Bəs AFFA Rusiyada iz qoyan azərbaycanlıya hansı hörməti qoydu? Bəli, Süleymanovu daim kənarda saxladılar, bezdirdilər, yordular.
Nazim bəyin 50 illik yubileyi vətəndən kənarda, Vladiqafqazda yüksək səviyyədə qeyd olundu. Azərbaycanlı futbolçunun şərəfinə veteranlar arasında dostluq görüşü də, dövlət rəsmilərinin qatıldığı ziyafət də məhz Azərbaycandan kənarda baş tutdu. AFFA isə günü-günə sataraq, Nazim Süleymanovun 50 illik yubileyini yola verdi. Nə düz-əməlli tədbir keçirildi, nə də veteranların iştirakı ilə futbol bayramı. Bəhanələri də o oldu ki, Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşırlar, təbiri də həmin yarışdan sonra keçirəcəklər. Tədbirdən sonra isə yayın istisi AFFA-ya mane oldu. Davamını siz də bilirsiz, dağ boyda futbol veteranının, Rusiya çempionatına möhürünü vurmuş adamın yubileyi unudulub getdi. Bundan beş il sonra, yəni Nazim Süleymanovun 55 yaşı tamam olanda AFFA-da onu yadına salan tapılmadı. Səbəb də bəlli idi, Süleymanov veteranları təşkilatlandırıb, onların pozulan hüquqlarının bərpası üçün çalışmağa başlamışdı.
Demək istədiyim odu ki, Azərbaycan futbolunun dəyəri sayılan veteranlara, özünəməxsus əməl sahibi olan insanlara qarşı sərgilənən bu boyda sayğısızlığın fonunda U-17 yığmamızın Moldovadakı beynəlxalq turnirdə qazandığı kubokun hərraca çıxarılmasına təəccüblənmək lazım deyil. Kimsə həmin kubokun AFFA-ya lazım olmadığını görüb, sonra da onu satmağa qərar verib. Cəmi 25 manata Azərbaycan futbolu üçün tarixi qənimət sayılacaq kubok satılıb. Həm ağırdı, həm də kədərli. Ümumi mənzərə belədi, dostlar. Görürük və susuruq. Çünki AFFA illər boyunca bizim üçün bu acı həqiqətləri adiləşdirib. Görə-görə gəlirik, görə-görə barışırıq, görə-görə susuruq!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR