Sizin reklam burada

Məqsəd İsayev kuboku Moldovadan Bakıya gətirdiklərini təsdiqlədi

Baxış Sayı:106

Məqsəd İsayev kuboku Moldovadan Bakıya gətirdiklərini təsdiqlədi

“Amma xatırlamıram, kuboku kim götürdü və ya AFFA-ya verildimi?”
Xəbər verdiyimiz kimi, “feysbuk”da “Auksion Azərbaycan” adlı səhifə 76-cı hərracına 2010-cu il iyunun 8-12-si aralığında Moldova Futbol Federasiyasının Kişinyov şəhərində təşkil etdiyi U-17 yığmaları arasında beynəlxalq turnirdə 4-ci yeri tutan komandaya verilən kuboku çıxartmışdı. Həmin məhsul 25 manata Aidə Yunusova adlı şəxsə satılmışdı. Məsələ ilə bağlı ötən sayımıza açıqlama verən AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya növbəti illərdəki kubokların muzeydə olduğunu, amma həmin mövsümə aid olan mükafatın qeydiyyata alınmadığını söyləmişdi. Bundan belə anlaşılır ki, milli komanda Moldovadan özü ilə kuboku ölkəmizə gətirməyib.
Məsələni aydınlaşdırmaq üçün həmin dövrdə U-17 yığmamızın heyərində çıxış edən Məqsəd İsayevlə Elşən Abdullayevə müraciət etmək qərarına gəldik. İkinci ilə danışa bilməsək də, "Səbail"in futbolçusu həmin kubokun ölkəyə gətirildiyini söylədi: “Moldovada iştirak etdiyimiz turnir yadımdadı. 4-cü yeri tutmuşduq və bizə kubok verilmişdi. Həmin mükafatı da özümüzlə birgə Azərbaycana gətirmişdik. Amma xatırlamıram, kuboku kim götürdü və ya AFFA-ya verildimi? O dövrün futbolçularından, sadəcə, “Zirə”də çıxış edən Elşən Abdullayevi xatırlayıram. 1993-94 təvəllüdlü oyunçular yığmaya dəvət olunmuşdular. Baş məşqçimiz isə Oliver Pilzer idi. Digər məşqçiləri həqiqətən xatırlamıram. Amma əminliklə deyə bilərəm ki, kuboku özümüzlə gətirmişdik”.
Məqsədin açıqlamasından görünür ki, turnirdə əldə etdiyimiz mükafat Azərbaycana gəlib, amma federasiya qeydiyyata almayıb. Ölkənin ali futbol qurumunun məhsulu isə hansısa sosial şəbəkə səhifəsində asanlıqla satışa çıxarılıb. Sabah AFFA-ya aid hansısa əşya başqa yerlərdə satışa çıxarılsa, təəccüblənməyək. Yəqin həmin əşyalar da qeydiyyata alınmayıb.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR