Sizin reklam burada

“Legiya” - birinci dünya müharibəsinin yadigarı

Baxış Sayı:85


“Qarabağ”ın Avroliqanın pley-offunda “Legiya” ilə qarşılaşacağına şübhə etməsək də, son illərdə Kosovo futbolunun inkişafda olması adamda müəyyən şübhələr yaradırdı. Odu ki, srağagün axşamkı matçın yükununu gözləməliydik. Polşa və Kosovo çempionlarının duelindən birincilər qalib ayrılmaqla (2:0) ağdamlılara rəqib oldular.
Növbəti həftə Varşavada keçiriləcək qarşılaşmanın necə yekunlaşacağı ilə işimiz yoxdu. Bu gün üçün vacib olan “Legiya”nı siz oxuculara yaxından tanıtmaqdı.
Ukraynada yaradılan klub
Ağdamlıların rəqibi Polşada klub futbolunun rəmzlərindən sayılır. Futbolla az da olsa, maraqlanan birini gecə 3-də yuxudan oyadıb “Polşanın üç məşhur klubunun adını çək” desən, gözlərini açmadan “Visla”, “Lex” və “Legiya” deyəcək. Çünki hər üçü zəngin tarixə malikdi, hər üçünün muzeyini saysız titullar bəzəyir, avrokuboklarda müəyyən mənada iz buraxmağı bacarıblar, Avropadakı futbolçuları məhz bu komandalarda parlayıb.
Polşadakı həmkarlarımızın “hərbçilər”, bəzən də “polşalı legionlar” ləqəbi ilə müraciət etdiyi “Legiya” 1916-cı ilin martında – 1-ci dünya müharibəsinin ən qızğın vaxtnda yaradılıb. Amma Polşada yox, Ukraynada. Volın əyalətinin Maneviçi qəsəbəsində. Maraqlıdı ki, komandanın ilk adı “Drujina” olub. Cəmi 7 ay sonra komanda Polşaya köçürülüb və bir neçə il həmin ad altında tanınıb. 1922-ci il iyulun 31-də isə “Legiya” adı ilə qeydiyyatdan keçib. Komandanın yaranmasının üstündən bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq, paytaxt təmsilçisi hələ də 1-ci dünya müharibəsinin yadigarı kimi qəbul olunur.
Geridə qalan 104 ildə “Legiya”nın başına gəlməyən oyun qalmayıb. Dünyanın dərəbəylik olan çağında kim nə istəyirmiş, onu da edirmiş. Klubun adını bir “WKS Varşava” qoyublar, o biri gün dəyişib ÇSKA ediblər. Ayrı-ayrı vaxtlarda dağı(dıl)maq təhlükəsi ilə üzləşməsinə baxmayaraq, klubu yaradanların vəsiyyətinin də verdiyi mənəvi güc sayəsində sonrakı rəhbərlər onu qorumağı bacarıblar.
“Legiya”nın ultraslarının Polşada özünəməxsus yeri var. Hər nə qədər tribunadakı fəallıqları ilə öyünsələr də, özlərini şəhərli hesab etmələri də əlavə üstünlükləridi. Polşada Varşava derbisi deyiləndə hər kəsin ağlına “Poloniya” ilə oyun gəlir. Amma bu, Polşa derbisinə çata bilməz. Ölkənin ən səs-küylü oyunu “Legiya” ilə “Visla” arasında baş tutur ki, bu görüşlərdə yaşanan hadisələrdən azı bir səhifə yazmaq olar. Varşava şimalı, Krakov isə cənubu təmsil edir deyə, aradakı prinsipiallıq anlaşılandı. Üstəlik, biri “hərbçilər”di, digəri “polislər”.
Hüquqşünas rəhbər, “ala itdən məşhur” məşqçi
Klubun prezidenti Dariuş Mioduskidi. Cəmiyyətdə hüquqşünas kimi tanınsa da, eyni zamanda iş adamı və idman fəalı kimi qəbul olunur. “Legiya”nın başına keçməsi isə təsadüfi, eyni zamanda məcburi olub. Futbol fanatı olduğundan, 2012-ci ildə klubun İdarə Heyətində təmsil olunmaq təklifini alan kimi razılaşıb. İclaslara qatılır, komanda ilə xarici səfərlərə yollanırmış. Elə həmin il yaxın dostu olan Boquslav Lesnodorski “Legiya”nın prezidenti təyin olunur. Lakin iki ildən sonra vəziyyəti ağırlaşır ki, Mioduski səhmlərə sahib çıxmaq imkanı qazanır. “Legiya”nın prezidenti ölkəsində emosional və tələbkar klub rəhbəri kimi tanınır.
Komandanın yeni baş məşqçisi Çeslav Mixneviçdi. Bir neçə gün əvvəl Aleksandr Vukoviçin yerinə təyin olunan 50 yaşlı mütəxəssis yeni iş yerində təzədi deyə, haqqında uzun-uzadı bəhs etməyin adı yoxdu. Qısaca Polşanın az qala bütün komandalarında - “Poloniya”, “Vidzev”, “Lex”, “Yagelloniya”, “Zaqlembe”, “Poqon”, “Arka”da – iz buraxdığını qeyd etməliyik. “Drita” səddinin keçilməsində komandaya həmin matçdan 2-3 gün əvvəl qoşulan mütəxəssisin nə dərəcədə pay sahibi olduğunu demək olduqca çətindi.
Pekharta diqqət!
Heyətə gəlincə, 2019/20 mövsümündə qızıl medallara sahib çıxan futbolçuların, demək olar, hamısı komandadadı. Kollektivin aparıcı simaları bu gün də “Legiya”dadı. Oyun təcrübəsinin azlığından əziyyət çəkən bir neçə gənc icarəyə verilib ki, bu da başadüşüləndi. Üstəlik, heyətə Filip Mladenoviç, Yosip Yuranoviç, Rafael Lopes kimi legionerlər, Artur Boruç, Bartoş Kapustka, Mateuş Holovnia kimi yerlilər cəlb olunub.
Bugünkü “Legiya” geniş və Polşa səviyyəsinə görə yetərincə güclü heyətə malikdi. Komandanın əsas siması “vuran ayaq” sayılan Tomaş Pekhartdı. Çexiya yığmasında 19 oyun keçirmiş forvard bu ilin yanvarından bəri “Legiya” formasında meydana çıxdığı 19 oyunda rəqib qapılarına 10 dəfə yol tapıb. Uca boyu ilə öyünən 31 yaşlı Pekhart həm hava toplarında təhlükəlidi, həm də öldürücü zərbələri var. Təbii ki, komanda təkcə Tomaşdan ibarət deyil. Onunla yanaşı, kapitan Artur Enceyçik, gürcü balası Valerian Qviliya, qvineyalı Xose Kante, braziliyalı Lukinyas, Zaqreb “Dinamo”sunun sabiq üzvü Domaqoy Antoliç də kifayət qədər təhlükəsi oyunçular hesab olunur.
“Real”la bərabərə qalmışdılar
Titullardan danışmalı olsaq, “Legiya”nı Polşa futbolunun “1 nömrə”si adlandıra bilərik. “Hərbçilər” indiyə qədər 14 dəfə ölkə çempionluğunu bayram edib, 19 dəfə ölkə kubokunu qazanıblar. 4 dəfə də superkubokun qalibi kimi seviniblər. 2019/20 mövsümündə 63 xal toplayaraq ən yaxın izləyiciləri olan “Pyast”ı 13 xal qabaqlayıblar. Cari mövsümdə isə 4 oyunun ikisində udub, ikisində uduzublar. Məhz çempionatdakı məğlubiyyətlərə görə serb məşqçi ilə yollar ayrıldı.
“Legiya” həm də zəngin avrokubok təcrübəsinə malikdi. Hesablarında 224 beynəlxalq görüş var ki, bu da “Qarabağ”ın göstəricisindən düz iki dəfə artıqdı. İndiyə qədər 2 dəfə Çempionlar Liqasının, 3 dəfə isə Avroliqanın qrupunda mübarizə aparıblar. Maraqlıdı ki, 2 dəfə Avroliqanın, 1 dəfə də ÇL-in qrupundan növbəti mərhələyə adlayıblar. Polşa təmsilçisinin 2016-cı ildə Ronaldo, Benzema, Beyl, Kross, Karvaxal kimi ulduzların əsas heyətdə meydana çıxdığı oyunda “Real”la 3:3 oynaması, elə həmin il səfərdə Dortmund “Borussiya”sına 4:8 hesablı məğlubiyyəti stajlı futbolsevərlərin yadında olmalıdı.
Lakin son 3 ildə qrupa düşmək hədəflər arzu olaraq qalmaqdadı. 2017-nin yayında Avroliqanın pley-offunda “Şerif”ə “ilişmişdilərsə”, bir il sonra həmin turnirin 3-cü təsnifat mərhələsində “F91 Düdelanj”a boyun əymişdilər. Ötən yay Avroliqada 3 mərhələ keçmələrinə baxmayaraq, pley-offda “Reyncers”in müqavimətini qıra bilməmişdilər: evdə 0:0, səfərdə 0:1.
Sonda çoxlarının bildiyi maraqlı bir faktı xatırlatmaq da yerinə düşər. 2017-19-cu illər aralığında “Qarabağ”ın uğurları üçün tər tökmüş Yakub Jezniçak 13 il “Legiya”nın formasını geyib, müxtəlif vaxtlarda kapitan sarğısını daşıyıb. Yakub paytaxt təmsilçisinin heyətində 376 matça çıxmaqla ən çox oynayanların sıralamasında altıncıdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR