Sizin reklam burada

Komandaları ləğv olunanlar narahat deyil

Baxış Sayı:83

Komandaları ləğv olunanlar narahat deyil

Mirbağır İsayev: “Heç bir problem yoxdu, işimizə əvvəlki qaydada davam edirik”
Vaxtilə oyun alğı-satqısının tüğyan etdiyi birinci divizionu təmizləmişdilər ki, qarşılaşmalar sağlam mühitdə keçirilsin, şəffaflıq olsun, idman prinsipləri qorunsun. Açığı, hər dəfə kimlərinsə çirkin əməllərə görə futboldan uzaqlaşdırıldığını eşidəndə sevinirdik. Aşağı dəstədə şəffaflığın olması həm də orda top qovan gənclərin məqsədyönlü inkişafı üçün faydalı olmalıydı.
Bu gedişlə iki-üç ildən sonra divizion birdəfəlik ləğv ediləcək. Xatırlayırsızsa, əvəzedicilərin çempionatı ləğv olunub birinci diviziona birləşdiriləndə “Qəbələ-2” imtina edib, yarışa qatılmamışdı. Başbilənlər nə qədər çalışsalar da, bölgə təmsilçisinin rəhbərliyini yola gətirə bilmədilər. Bu dəfə daha iki klub - “Səbail”lə “Zirə” əvəzedici komandalarının divizionda iştirakının məqsədəuyğun olmadığını hesab edib, AFFA ilə PFL-ə “yox” dedilər. Gələn yay daha 2-3 komandanın da bu addımdan yararlanacağının inandırıcı olduğunu nəzərə alsaq, hansı mənzərənin yaşanacağını indidən təsəvvür etmək çətin deyil.
Ölkə futbolunun quyunun dibində olduğu vaxtda bu qədər məşqçi və futbolçunun işsiz qalması ürək ağrıdır. “Səbail-2” ilə “Zirə-2”nin heyətində xeyli sayda məşqçi, futbolçu, həkim, inzibatçı, masajçı var idi. Məlum qərardan sonra onların aqibətinin necə olacağını öyrənmək istədik.
Ötən mövsüm “Zirə-2”ni çalışdırmış Kamen Vasilyevlə danışmaq mümkün olmadığından, klubun mətbuat katibi Elmar Abdullazadəni aradıq: “Əvəzedici komandada çıxış edən futbolçuların böyük əksəriyyəti 2002-03 doğumlular idi. Onlardan 4-ü əsas komandanın məşqlərinə cəlb olunub. Digərləri, yəni yaşı 19-a qədər olanlar isə U-19 komandamızın şərəfini qoruyacaqlar. Yaşı 20-dən çox olan bir neçə nəfər vardı ki, maraqlanmışıq, özlərinə yeni komanda tapıblar. Belə deyim, demək olar, heç bir futbolçu işsiz qalmayıb. Kamen Vasilyevə gəlincə, o, klubun akademiyasında baş əlaqələndirici Zaur Həşimovun köməkçisi olacaq”.
2019/20 mövsümündə “Səbail-2” ilə gümüş medallara sahib çıxmış Mirbağır İsayev isə komandasının tarixin yaddaşına qovuşmasını rəhbərliyin qərarı hesab edib, indiki durumundan məmnunluğunu gizlətmədi: “Başa çatan mövsümdə komandamız birinci divizionun gümüş medallarına sahib çıxdı. Bununla yanaşı, bir neçə gənc futbolçu əsas komanda ilə hazırlıq keçərək, elita həyəcanı yaşadı. Lakin klub rəhbərliyi yeni mövsümlə bağlı bu qərarı veribsə, bizim deyə və edə biləcəyimiz bir şey yoxdu. Yəqin nəsə bilib ediblər. Ona görə də qərara hörmətlə yanaşmalıyıq.
O ki qaldı “Səbail-2”də çalışanların gələcək aqibətinə, hamı işlə təmin olunub. Məni soruşursuzsa, akademiyanın rəhbəriyəm. Köməkçim Müşfiq Qəmbərov U-16 komandasının baş məşqçisi oldu. Rauf Salamov akademiyanın qapıçılarla işləyən məşqçisidi. Həkim U-19 komandasına xidmət edəcək. Masajçı isə U-17 komandasında olacaq. Futbolçuların bir neçəsi əsas komandanın sıralarındadı. Premyer-liqada oynamaq istəyirlərsə, ümidləri doğrultmalıdılar. Qalanları da başqa komandalara yerləşdirilib. Növbəti mövsümdə “Turan Tovuz”da, MOİK-də, “Zaqatala”da, “Sumqayıt-2”də “Səbail-2”nin futbolçuları çıxış edəcəklər. Fürsətdən istifadə edib, hər birinə uğurlar arzulayıram. Dediyim kimi, heç bir problem yoxdu. İşimizə əvvəlki qaydada davam edirik”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR