Sizin reklam burada

Nail Kərimov “Qəbələ”nin rusdillilərinin “paxırını açdı”

Baxış Sayı:89


“Fürsət tapıb Qutidən futbolçumuza nə dediyini soruşunca...”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər-istəməz köhnə günlərini yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olunan məzəli hadisəli bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı uzun illərdi “Qəbələ” Futbol Akademiyasının baş meneceri vəzifəsini icra edən Nail Kərimovdu.
“Bu günə kimi hələ mənə belə gözəl ötürmə verən olmamışdı”
Qəbələdə “Standard”ı qonaq edirdik. Bizim qapıya hücumların birində müdafiəçimiz topu uzaqlaşdırmaq istəyərkən top ayağına oturmadı və fırlanıb öz cərimə meydançamıza düşdü. “Standard”da Quti adlı futbolçu çıxış edirdi. Yeri gəlmişkən, onu da qeyd edim ki, çox yaxşı oyunçu idi. Müdafiəçimizin uzaqlaşdırmaq istədiyi top onun qarşısına düşdü və o da bundan istifadə edərək gəlişinə zərbə vurub toru silkələdi. Matç başa çatandan sonra səhvə yol verən müdafiəçi mənə yaxınlaşaraq “qaqa, Quti bayaqdan mənə nəsə deyir, ancaq başqa dildə danışdığından başa düşmürəm. Gör nə məsələdi?” söylədi. Fürsət tapıb Qutidən futbolçumuza nə dedyini soruşunca, “ona de ki, neçə vaxtdı Azərbaycanda oynayıram, bu günə kimi hələ mənə belə gözəl ötürmə verən olmamışdı” söyləyib, gülə-gülə məndən uzaqlaşdı.
“Soruşma abi, ilk matçda bir dantik takıma yenildik”
Akademiyanın komandası ilə ilk beynəlxalq turnirə yollanmışdıq. Yarış Türkiyədə, daha dəqiq desəm, Quşadasında keçirilirdi. Təbii ki, ilk dəfə xaricə yollandığımızdan “Qəbələ”ni heç kim tanımırdı. Nə əsas komandamız Avropada özünü tanıtdıra bilib, nə akademiya hansısa ciddi uğura imza atıb. Birinci oyunda “Ankaragücü” ilə qarşılaşmalı olduq və onlara qalib gəldik. İkinci qarşılamaya “Ankaragücü” bizdən öncə çıxmışdı. Qaldığımız otelin liftinə girəndə gördüm ki, bir nəfər Ankara təmsilçisinin formasında dayanıb. Fürsətdən istifadə edib onunla danışmaq üçün “abi, ikinci oyun necə oldu, necə oynadız” sualını verdim. Qayıtdı ki, “soruşma abi, ilk matçda bir dantik takıma yenildik. Ondan sonra heç toparlana bilmirik”. Mən daha nə deyim? Onun söylədiklərini ancaq təbəssümlə qarşıladım. Yazıq heç başını qaldırıb baxmadı ki, qarşısındakı onun “dantik takım” adlandırdığı komandanın formasındadı. Turnirin sonunda o da, onun kimi bəzi bizə yuxarıdan aşağı baxanlar da anladılar ki, “Qəbələ” heç də “dantik takım” deyil.
“Biz elə bilirdik eyni dildə danışırıq”
“Qəbələ”nin mətbuat katibi olduğum dönəm idi. Həmin vaxt komandada bir nəfər çalışırdı ki, o da uzun müddət Rusiyada yaşamışdı deyə danışanda rus və Azərbaycan sözlərini qarışdırırdı. Türklərlə də, demək olar ki, eyni tərzdə danışırdı. Antalyada təlim-məşq toplanışındaydıq. Yoxlama görüşlərinin birini ikimiz tribunada birgə izləyirdik. Həmin an iki türk qardaşımız bizə yaxınlaşaraq “abi, hesab kaç” soruşdular. Bu qayıtdı ki “nol-nol”. Sual verən türklər heç nə başa düşmədiklərindən bir-birinin üzünə baxdılar və bizdən bir qədər aralıda oturub matçı izləməyə başladılar. Arada bizdən soruşdular ki, siz Azərbaycandansız? Qardaş o saniyə “hə” cavabını verdi. Bir-iki dəqiqədən sonra qarşı tərəf “Qəbələ” orda hansı liqdə oynayır” sualını verəndə klubumuzun işçisi “biz orda vışi liqada oynayırıq” cavabını verdi. Hiss etdim ki, türklər yenə heç nə başa düşmədilər. 5 dəqiqədən sonra türk qardaşlarımız yanımızdan durub gedəndə “Azərbaycan haqda təsəvvürümüz başqa idi. Biz elə bilirdik eyni dildə danışırıq” deyib, tribunadan uzaqlaşdılar. Yazıqlar nə bilsinlər ki, bizim klubun əməkdaşı rus dili ilə Azərbaycan dilinin sintez edərək ortaya yeni dil qoyub.
“Hələ də mənə çatmır ki, Uğura niyə “qoca” deyə müraciət edirsiz?”
Vaxt ötdü, vədə yetişdi “Qəbələ” Futbol Akademiyası quruldu. Çalışmaq üçün Əli Yavaş və Halim Fıçıçını akademiyaya dəvət etdik. İlk gündən hamı hər iki mütəxəssisə “hoca” deyə müraciət edirik. Yuxarıda bəhs etdiyim rusdilli qardaşımız da “hoca” deyə bilmədiyindən hər iki məşqçiyə “qoca” deyirdi. Bunlardan təxminən 6 ay sonra Uğur hoca ilə Rəcəb hoca da akademiyaya dəvət olundular. Uğur da o biri türk məşqçilərindən təxminən 15 yaş cavan idi. Bir gün həmin rusdilli qardaşımız mənə yaxınlaşaraq “qaqa, Əli Yavaşa, Halim Fıçıçıya və Rəcəbə “qoca” deməyinizi başa düşürəm. Ancaq hələ də mənə çatmır ki, Uğura niyə “qoca” deyə müraciət edirsiz? O yazıq ki, cavan oğlandı...”. O belə deyəndə məni gülmək tutdu. Sonradan ona başa saldıq ki, “qoca” ilə “hoca” ayrı-ayrı mənalar kəsb edir.
“Prosto napadeniya ilə poluzaşitanın arasında svyazka zəif oldu”
Böyükağa Ağayev akademiyanın seleksiya qrupuna yenə rəhbər təyin olunan vaxtlar idi. Hardasa təxminən 6 ay olar ki, Ağayev işə başlayıb, oyunlara gedir-gəlir. Bizim türk məşqçilər də onun işini bəyənirdilər, təcrübəli mütəxəssis kimi hörmətini saxlayırdılar. Bir gün Rəcəb hoca hansısa oyundan sonra böyük həyəcanla Ağayevə yaxınlaşaraq “Böyükağa hoca, necə oldu, takımın oyununu bəyəndiz, ya yox” sualını verdi. Bildiyiniz kimi, o da rusdillidi. Yarırus, yarı Azərbaycan dilində qayıtdı ki, “vrode bəyəndim, prosto napadeniya ilə poluzaşitanın arasında svyazka zəif oldu”. Təsəvvür edin, yazıq Rəcəb hoca təxminən bir dəqiqəyə yaxın onun üzünə baxa-baxa qalıb və Böyükağa müəllimin nə dediyini başında ha fırlayır, ancaq nə dediyini anlamır. Bilmədi nə cavab versin. Ani pauzadan sonra “heç nə, o tərəfdə çay qoyublar, gedim bir stəkan çay içim gəlim” deyib uzaqlaşdı. Ağayev da başqa səmtə yollandı. Heç iki dəqiqə keçməmiş Rəcəb hoca yanıma gələrək “6 ilə yaxındı Azərbaycandayam. Ağayevin söylədiklərindən bir-iki söz başa düşdüm. Böyükağa hoca nə dedi, ümumiyyətlə, o hansı dildə mənimlə danışdı” sualını verincə, mən də öz növbəmdə həm Ağayevin söylədiklərini tərcümə etdim, həm də durumu ona başa salıb Böyükağa müəllimin rus və Azərbaycan dillərini qarışdırdığını bildirdim.
“Bunlar da oyunun içinə zibil qoyandan sonra deyirlər ki, Dəyanət, gir düzəlt”
1993-94 doğumlu uşaqları Antalyaya - təlim-məşq toplanışına aparmışdıq. Bir neçə nəfər də özünü yaxşı tərəfdən göstərən 1995 doğumluları heyətə qatmışıq. Dəyanət adlı bir hücumçumuz var idi. Həm yaşca balaca idi, həm də akademiyaya yeni gəlmişdi. Biz də onu perspektiv olaraq özümüzlə aparmışıq. Toplanış dönəmində üç yoldaşlıq görüşü danışmışdıq. Bütün rəqiblər də güclü idilər. Moskva “Spartak”ı, “Antalyaspor”, üçüncünün adını xatırlamasam da, səviyyəli komanda olduğu yadımdadı. Onu da qeyd edim ki, özümüz bilərəkdən yaşca bizimkilərdən böyük olan komandalarla qarşılaşmağı planlaşdırmışıq. Bu üzdən istənilən halda onların bizdən güclü olduğunu əvvəlcədən bilirdik. İlk oyunun son dəqiqələri gedir və biz də hesabda geriyik. Halim hocanın tapşırığına əsasən baş məşqçi bütün uşaqlara meydana çıxmaq şansı yaradıb və ən sonda da Dəyanət meydana çıxdı. İkinci qarşılaşmada yenə eyni ssenari təkrarlandı. Hseabda geriyik və son 10-15 dəqiqədə ehtiyatda qalanlar meydana çıxırlar. Dəyanət bu görüşə də 5 dəqiqə qalmış meydana çıxdı. 3-cü matç və yenə hesabda geriyik. Bu dəfə də Halim hoca baş məşqçini yanına çağırıb “hamını dəyişdin, bir Dəyanət qalıb. Vaxt azdı, çalış onu da oynat” dedi. Məşqçi Halim hocanın tapşırığına riayət edir və Dəyanətə hazırlaşmağı tapşırır. O da meydana bizim yanımızdan girdiyindən dediklərini məşqçilər eşitməsə də, biz eşidirdik. Gördüm ayağını meydana qoyanda öz-özünə “bunlar da oyunun içinə zibil qoyandan sonra deyirlər ki, Dəyanət, gir düzəlt” söylədi. Dəyanət özü bizim akademiyadan çoxdan getsə də, söhbəti və dedikləri hələ də qulağımızdadı və tez-tez xatırlanır.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR