Sizin reklam burada

“Qarabağ”a nə olub?

Baxış Sayı:137


Problemlər xirtdəyə qədərdi
Azərbaycan futbolunun yox vəziyyətdə olduğu bir dönəmdə ölkə futbol ictimaiyyətinin ümid yeri “Qarabağ”dı. Ardıcıl 7 il çempionluqları bayram edən, 5 dəfə Avroliqanın, 1 dəfə Çempionlar Liqasının qrupunda çıxış etməklə “Çelsi”, “Atletiko”, “Roma”, “İnter”, “Fiorentina”, “Sent-Etyen”, “Sportinq”, “Seltik” kimi Avropanın adlı-sanlı komandalarını Azərbaycana gəlməyə məcbur edən ağdamlılar ağzımıza elə bir şirə salıb ki, hər növbəti il daha artığını istəyirik.
Digər təmsilçiləri uzağı bir mərhələ adlaya bilən ölkədə “Qarabağ”ın Avroliqanın qrupundan çıxa bilməməsi uğursuzluq kimi qəbul edilir. Komandanın müxtəlif dövrlərdə üzləşdiyi çətinliklər, obyektiv səbəblər heç kimi maraqlandırmır. Azarkeşlərin böyük əksəriyyətinin düşündüyü budu: “heç nə bilmək və eşitmək istəmirəm, “Qarabağ” qrupda oynamalıdı, vəssalam”.
Bəli, “köhlən atlar” bu gün çətin dönəmdən keçir. Demək olar, hər il müşahidə olunan həmin dövr sentyabra təsadüf etdi. Yığmanın oyunları ilə bağlı yaranan fasilədən sonra çempionatda “Keşlə”ylə matç heç-heçə sonuclandı (0:0), “Molde”ylə qarşılaşma penalti zərbələri nəticəsində uduzuldu və ən son “Neftçi”dən alınan 1:2-lik yenilgi. “Qarabağ”dan bəhs edəcəyik.
Komanda yenilənib
“Qarabağ”ın son iki ildəki matçlarını yaxından izləyənlər Qurban Qurbanovu “ağ yuyub, qara sərirdilər” ki, bəs Rəşad Sadıqov karyerasını bitirməlidi, Miçel əvvəlki Miçel deyil, Riçard Almeyda “Qarabağ”ı atıb “Astana”ya gedəndən sonra əvvəlki qədər xoş təsir bağışlamır, Dani Kintana bütün ili zədədən əziyyət çəkir və s. Vaxtilə komandanın aparıcı simaları sayılan bu adlardan heç biri hazırda Qurbanovun sərəncamında deyil. Rəşad futbolçu karyerasını başa vurdu, Dani ilə Riçard Asiya ölkələrində verilən pulu Avropadakı mümkün uğurlardan üstün tutdu, Miçel isə koronavirusdan qorxub Azərbaycana qayıtmadı. Çempion birdən-birə əsas heyətin 4 üzvünü itirmək məcburiyyətində qaldı. Siyahını Asmir Beqoviçlə də genişləndirmək olar.
Bu qədər itkini qısa müddətdə “sığortalamaq” və ortaya “keyfiyyətli məhsul” qoymaq asan məsələ deyil. Yenilərin cəlb olunması, ab-havaya uyğunlaşması, baş məşqçinin onlardan nə tələb etdiyini bilməsi vaxt aparır. Elə ona görə də bu gün Riçardla Miçelin olmadığı yarımmüdafiə xətti əvvəlki qədər xoş təsir bağışlamır. “Orta”da “köhnə qvardiya”dan ancaq Qara Qarayev qalıb. Komandanın yarısı hesab olunan Rəşadın futbolçu bir tərəfə, lider kimi meydanda olmaması faktı isə xüsusi müzakirə mövzusudu.
Xaymenin yoxluğu və...
Son 3 oyundakı 300 dəqiqəni nəzərə alsaq - “Keşlə” ilə matçın ilk 45 dəqiqəsi xaric - “Qarabağ” meydanda ağalıq edən tərəf olub. “Molde”ylə qarşılaşmada boşa verilən saysız qol fürsətlərini xatırlatmaq yerinə düşər. “Neftçi”ylə görüşdə isə rəqib əsas diqqəti müdafiəyə ayırıb, ağdamlıları əks-hücumda cəzalandırdı.
Daim hücum edən komandasansa və əlinə real qol imkanları düşürsə, hücumameyilli futbolçuların fərdi ustalığı yüksək səviyyədə olmalıdı. Bu mənada “Qarabağ”da Xayme Romero, Uroş Matiç, Abdulla Zubir kimi əcnəbiləri fərqləndirə bilərik. Lakin hərəsinin bir çatışmazlığı var. Matiç uyğunlaşma dönəmini sürətlə keçməkdə çətinlik çəkir. İki aydı meydandakı yerini axtarır, hələ də tapa bilmir. Xaymenin yersiz zədələnməsi istər komandası, istərsə də Qurbanov üçün ciddi itki sayılmalıdı. Xüsusən də yaxşı forma yığdığı vaxtda kənarda qalması komandaya psixoloji zərbə vurdu. Zubir yüksək fərdi keyfiyyətlərə malik oyunçudu, di gəl ki, vuran ayağı yoxdu. Bəzən də oyuna köklənməkdə problem yaşayır. “Molde”ylə qarşılaşmada Xaymenin meydanda olmaması, Matiçin gözləniləni verməməsi, Zubirin isə... Bu haqda yazının davamında bəhs edəcəm.
Qaçırılan qol imkanları
Açığı, “Keşlə” ilə heç-heçə, “Neftçi”yə məğlubiyyət ciddi narahatlıq doğurmur. “Qarabağ”ın çempionatdakı taleyi necə olacaq” sualının cavabı 2x2-nin cavabı qədər sadədi. İnsanları yerindən tərpədən “Molde”yə yenilgi oldu. Bir var rəqib səndən güclü ola və ya üstün futbol oynaya, bir də var, 120 dəqiqə rəqibə müdafiədən çıxmaq imkanı verməyib, sonda məğlubiyyətə görə başını aşağı salasan.
Mahirlə Zubir əllərinə düşən üst-üstə 5 real qol şansını qaçırmasaydı, indi “Legiya” – “Drita” duelindən hansının qalib ayrılacağını yox, ÇL-in pley-offundakı potensial rəqibin kimliyini müzakirə edirdik. Amma heç biri kürəklərində gəzdirdikləri nömrənin qarşılığını verə bilmədi. Elə imkanları boşa verdilər ki, təkrara baxanda adamın başından tüstü çıxır.
“Qarabağ”ın hücumçu ilə güclənməli olduğunu deməkdən və yazmaqdan dilimizlə barmaqlarımız mazol olub. “Sileks” və “Şerif” səddi keçildi, “Sabah”la matçda qələbə qazanıldı deyə, sanki rəhbərlik müəyyən mənada rahatlaşdı. Halbuki növbəti mərhələlələrdə ağdamlıları daha güclü rəqiblərin gözlədiyini özləri də bilirdi. “Molde” ilə qarşılaşmada Mahirin yerində Armenteros, Pupon, Emeqara, hətta Allahın Kapolonqosu da olsaydı, Azərbaycan çempionu norveçlilərlə görüşün taleyini 90 dəqiqənin tamamına qədər həll edərdi. Emrelinin qol imkanlarını sağa-sola xərcləməsi istər-istəməz komanda yoldaşlarına psixoloji təsir edir. Hamı meydanda can qoyur, top rəqib qapısı önünə qədər gedib çıxır, yekunda “vuran ayağ”ın ayaqları “koda düşür”.
Skamya kasaddı
Yorğunluq da adi yox, başlıca səbəblərdəndi. Bu gün “Qarabağ”ın əsas heyətində çıxış edən yerli futbolçuların hər biri yığma üzvüdü. Şahruddin Məhəmmədəliyevi olsun, Qara Qarayevi, Maksim Medvedevi, Mahir Emrelisi, Bədavi Hüseynovu, Emil Balayevi, Abbas Hüseynovu – hamısının adı Canni De Byazinin əlindəki dəftərçədə var.
Təxminən 5 aylıq futbolsuzluqdan sonra “Qarabağ”lılar ağır təqvimə daxil oldular. Qəbələdə 15 günlük təlim-məşq toplanışı, çempionat və avrokubok matçları, üstəgəl, yığmanın oyunları. Oyun qrafiki sıxlaşanda məşqçilər heyəti ilə futbolçuların işi çətinə düşür. Futbolçular fiziki baxımdan axsayır, məşqçilər isə proqramı həmin yorğunluğa görə qurub, çıxış yolu tapmağa çalışır.
Düzdü, bu gün Avropanın hər yerində oyunlar 3-4 gündən bir keçirilir. Sadəcə, bizimkilər buna öyrəşməyib, öyrəşməkdə çətinlik çəkirlər. Meydanda yol verilən səhvlərin çoxu fiziki yorğunluğun nəticəsidi. İdmanda orqanizm çatdırmayanda birbaşa əsəbə təsir edir. Əsəb olan yerdə isə meydanda istədiyini etmək mümkün deyil. Sərəncamındakı futbolçular sıx qrafikdə özlərini narahat hiss edirlərsə, çıxış yolu geniş ehtiyat oyunçular skamyasına sahib olmaqdı. “Qarabağ”ın bugünkü skamyasında Toral Bayramov, Musa Qurbanlı, İsmayıl İbrahimli, Abbas Hüseynov oturur.
İtirmək istəmirsizsə...
Bütün bunları qeyd etməklə günahı futbolçuların, yaxud sadalanan səbəblərin üstünə yıxmaq fikrindən uzağıq. Ehtiyat oyunçular skamyası kasaddısa, komandada düz-əməlli hücumçu yoxdusa, buna görə cavabdehliyi azarkeş, yaxud jurnalist daşımır. Məşqçilər heyəti ilə klub rəhbərliyinin görməli olduğu işdi. Biz, sadəcə, “Qarabağ”ın son üç oyunda qələbəyə həsrət qalmasının səbəblərini göstərməyə, müəyyən mənada izah verməyə çalışırıq.
Bir şeyə adım kimi əminəm ki, “Qarabağ”ın uğur qazanmasını klub rəhbərliyi ilə Qurban Qurbanov qədər istəyən yoxdu. Biz kiminsə uğuruna sevinən tərəfik, onlar isə öz uğurlarına. Hansı daha “dadlıdı”?
Ola bilsin, pandemiyaya görə büdcədən müəyyən “kəsilmə” olub ki, güclü futbolçuların transferi də buna görə mümkün deyil. Azərbaycanda dünənə kimi də futbol yox idi, amma pula görə gəlirdilər. İndi də pulunu versən, gələcəklər. Rəhbərlik büdcə məsələsində xəsislik etməməli, Avroliqanın qrupuna vəsiqə və ordakı mümkün qələbələr sayəsində UEFA-dan alınacaq vəsaiti göz önünə gətirib əlini cibinə salmalıdı. Hücumçu da alınmalıdı, yarımmüdafiəçi də, qapıçı da. “Qarabağ”ı, eləcə də Qurban Qurbanovu itirmək istəməyənlər pul xərcləməyi bacarmalıdı. Yoxsa dəstək məzmunlu quru-quru açıqlamalarla uzağa getmək mümkün olmayacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR