Sizin reklam burada

Xayme İspaniyadan qayıtdı

Baxış Sayı:115


Bu gün Qurban Qurbanovu ən çox narahat edən məsələ komandada zədəlilərin çoxluğudu. Xayme Romero kimi vacib fiqurun sıradan çıxmasının hansı məna kəsb etdiyini “Molde” və “Neftçi”ylə oyunlar göstərdi. Abdulla Zubirin Larnakadakı qarşılaşmadan sonra ayağında ağrılar hiss etməsinin nəticəsi isə derbidə iştirak etməmək oldu. Onlardan əvvəl Rahil Məmmədov zədələnib, uzun müddətə sıradan çıxmışdı. Qısası, mübarizə qızışmamış “Qarabağ”lıların hərəsi bir yerdə yıxılıb qalıb.
Onların hazırkı durumu, eləcə də yaşıl meydanlara dönüş tarixi hər birimiz üçün maraqlıdı. Mövzu qaranlıq qalmasın deyə, klubun mətbuat katibi Nurlan İbrahimovla söhbətdə son vəziyyəti öyrəndik: “Xayme müayinə üçün Kiprdən İspaniyaya, ordan da fizioterapiya üçün İstanbula yollanmışdı. Dünən gecə Bakıya qayıtdı (sentyabrın 22-dən 23-nə keçən gecə - H.). Sabah (bu gün) klubun həkimləri Romeronu təkrar müayinə edib, son durumuna baxacaqlar. Yalnız bundan sonra kollektivə nə vaxt qoşula biləcəyi məlum olacaq. Avroliqa matçına qədər hazır olub-olmayacağını hazırlıq mərhələsinin axarı göstərəcək. Hələ ki fərdi məşqlərə başladığını deyə bilərəm. Xaymenin zədəsi sol ayağın ön əzələsində idisə, Rahilin arxa əzələsində problem vardı. O da bir müddət İstanbulda fizioterapiya keçəndən sonra Bakıya qayıtdı, indi də fərdi məşq edir. Zubirə gəlincə, bu gün trenajor zalında çalışıb. “Sumqayıt”la oyunda meydana çıxacağı inandırıcı görünməsə də, Avroliqa qarşılaşmasına qədər hazır olmaq ehtimalı çoxdu”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR