Sizin reklam burada

AFFA “Neftçi”nin köhnə bazasını uşaqların üzünə bağladı

Baxış Sayı:180


Region Liqasında yeni komandalar olacaq
Ölkə ərazisində karantin rejimi ləğv olunmasa da, artıq futbol həyatı yenidən əvvəlki günləri xatırlatmağa başlayır. Avqustun 21-də premyer-liqa start götürüb, oktyabrın 1-də birinci divizionda 2020/21 “futbol ili”nin ilk turu keçiriləcək. Sentyabrın 15-dən isə Region Liqasında qeydiyyat başlayıb. AFFA-nın bayrağı altında təşkil olunan müxtəlif yaş qrupları üzrə liqaların da oktyabrın ilk həftəsində start götürəcəyi gözlənilir.
İstər Region Liqasının, istərsədə aşağı yaş qrupu üzrə liqaların təşkilinə cavabdehlik daşıyan AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə söhbətdə yeni “futbol ili”ndə hansı yeniliklərin olacağına aydınlıq gətirməyə çalışdıq: “Region Liqasına qatılmaq istəyən komandaların qeydiyyatı davam edir. Dünən (srağagün) liqada iştirak etmiş və bu il debüt etmək niyyətində olan komandaların rəsmiləri ilə onlayn görüşümüz oldu. Region Liqasında çıxış etmək üçün tələb olunan şərtləri bir daha onların diqqətinə çatdırdıq. Hələ ki say barədə danışmaq tezdi. Müraciət etmək o demək deyil ki, artıq onların liqada çıxış edəcəyi dəqiqləşib. Bizim üçün vacib olan təminat məktubudu. Həmin məktubu dövlət qurumu, İcra Hakimiyyəti və ya özəl qurum təqdim edə bilər. Bunu etməkdə məqsəd həmin komandaların çempionatın gedişində kənara çəkilməsinin qarşısını almaqdı. Say barədə hələ ki dəqiq məlumat verməsəm də, onu deyə bilərəm ki, Cənub, Qərb zonasında çıxış etmək istəyən yeni komandalar var. Formata gəlincə, çempionatı ötən il təşkil etdiyimiz kimi keçirəcəyik. Ancaq zonalar üzrə komanda sayından asılı olaraq dövrə sayı dəyişə bilər. Hər il olduğu kimi, Naxçıvan komandaları da Region Liqasında iştirak edəcəklər. Pandemiya ilə bağlı qarşılaşmalar azarkeşsiz keçiriləcək”.
Yusif bəy müxtəlif yaş qrupu üzrə liqaların nə vaxt başlayacağını da açıqladı: “U-10-dan U-14-ə kimi komandaların çıxış etdiyi liqa oktyabrın 3-də start götürəcək. Gənclər Liqası adlandırdığımız və 19 yaşa qədər futbolçuların çıxış etdiyi çempionat bir həftə gec, daha dəqiq desəm, oktyabrın 10-da başlayacaq. Digər yaş qruplarında yeni mövsümün açılışı oktyabrın 17-nə planlaşdırılıb. Uşaq liqalarında da bütün görüşlər azarkeşsiz keçiriləcək. Valideynlərin qarşılaşmaların keçiriləcəyi arenaya girişi qadağan olunacaq. Hər görüşdən öncə həkim personalı uşaqların hərarətini yoxlayacaq. Şübhəli nəsə olarsa, həmin uşaq komandadan kənarlaşdırılacaq, həkim nəzarətinə götürüləcək. Bundan başqa, oyunlar zamanı pandemiyaya görə başqa qadağalar da tətbiq olunacaq”.
Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri sonda bu ildən Bakı zonasında keçirilən qarşılaşmaların məkanını dəyişdirildiyini də vurğuladı: “Bildiniz kimi, artıq neçə illərdi bəzi yaş qrupları Bakı zonasında oyunlarını “Neftçi”nin köhnə bazasında keçirirdi. Ancaq bu ildən məkan dəyişdiriləcək. Buna səbəb bazanın süni ot örtüyünün sıradan çıxmasıdı. Bu artıq qətiləşib. Əvəzində üç stadion arasında seçim edirik. Bu yöndə danışıqlar davam edir və uzağı bir həftə ərzində bu suala aydınlıq gələcək”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR