Sizin reklam burada

Ağabala nə vaxt sıraya dönəcəyini bilmir

Baxış Sayı:93


“Hər şeyin istədiyimiz kimi olması üçün vaxt lazımdı”
Azərbaycan premyer-liqasında cari mövsümdə çıxışı maraq doğuran komandalardan biri də “Zirə”di. Ötən mövsümün sonunda “Qarabağ”da futbolçu karyerasını başa vuran Rəşad Sadıqovun çalışdırdığı komandanın necə təsir bağışlayacağı müzakirə mövzusu idi. İlk 3 turda bir qələbə, bir heç-heçə və bir məğlubiyyət ilə yadda qalan qəsəbə təmsilçisi 6-cı pillədə qərarlaşıb. Komandanın vəziyyəti və başqa məsələlər ilə bağlı “Zirə”nin bir müddətdi zədəli olan futbolçusu Ağabala Ramazanovla danışdıq:
- Zədəli olduğuna görə son oyunları buraxdın. Vəziyyətin necədi, nə vaxt meydana qayıda biləcəksən?
- Məşqlərə yeni başlamışam. Hələ ki fərdi məşqlər edirəm. Komanda ilə birlikdə hazırlıq prosesinə qoşulmaq üçün hələ vaxt lazımdı. Nə vaxt qayıdacağımı dəqiq bilmirəm.
- Məşqlər necə keçir? Komandada ab-hava necədi?
- Hər şey qaydasındadı. Plan üzrə davam edirik, istədiyimiz kimi irəliləyirik.
- Premyer-liqada üç tur geridə qalıb. Komandanın çıxışını necə dəyərləndirirsən?
- Ümumi vəziyyətimiz pis deyil. Komanda gündən-günə öz oyununu tapır. Hər şeyin istədiyimiz kimi olması üçün vaxt lazımdı.
- Rəşad Sadıqovun təyinatı sizin üçün gözlənilməz olmadı? Komanda onun sisteminə uyğunlaşa bilir?
- Komanda olaraq hələ qısa müddətdi birlikdəyik. Düşünürəm ki, zaman keçdikcə bizdən tələb olunan oyun üslubuna öyrəşib, onu həyata keçirə biləcəyik.
- Klublarımızın avrokuboklardakı çıxışı barədə fikirlərin də maraqlıdı. “Keşlə” və “Sumqayıt”dan sonra “Neftçi” də Avropa Liqasında mübarizəni dayandırdı. “Qarabağ” isə artıq Çempionlar Liqasında yox, Avropa Liqasında yoluna davam edəcək. Klubların uğursuz çıxışının səbəbini nədə görürsən?
- “Keşlə”, “Sumqayıt” və “Neftçi”nin də Avropa Liqasında mübarizəni davam etdirməsini istəyirdim. Amma təəssüf ki, mübarizəni dayandırdılar. Səbəblər haqda danışmaq çətindi. Hazırda yalnız “Qarabağ” mübarizəni davam etdirir ki, ağdamlılara da uğurlar arzulayıram.
- Milli komandamız Millətlər Liqasında 2 oyun keçirdi. Yığmanın oyunu sənə necə təsir bağışladı? Canni De Byazinin rəhbərliyi ilə nəyə ümid etmək olar?
- İlk oyunda - Lüksemburqla qarşılaşmada tələsgənlik, həyəcan var idi. Kiprlə matçda isə əksinə, futbolçular həm oyuna nəzarət etdilər, həm də baxımlı oyun göstərdilər.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR