Sizin reklam burada

ADBTİA-da güləş zalı istifadəyə verildi

Baxış Sayı:122


Azad Rəhimov: “İlk istəyimiz odu ki, yarışlar keçirilsin, azarkeşlərin iştirakını nəzərdə tutmamışıq”
Dünən ADBTİA-da güləş zalının açılışı olub. Zal əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Güləş Federasiyasının prezidenti Namiq Əliyev iştirak edib. Akademiyanın direktoru Fuad Hacıyev qonaqlara ətraflı məlumat verərək, onları yenidənqurma işləri ilə tanış edib. Güləş zalında həmçinin uzun illər akademiyada fəaliyyət göstərən professor Xanlar Qurbanovun həyat və fəaliyyətini əks etdirən guşə yaradılıb, xatirə lövhəsi asılıb.
Azad Rəhimov zalın açılışından sonra jurnalistlərə açıqlama verib: “Çox sevinirik ki, bu akademiyada sonuncu idman zalı təhvil verildi. Faktiki yenidənqurma və təmir işləri aparıldı. Ən populyar, ən çox sevdiyimiz və xalqımıza ən çox medal bəxş edən idman növünün də akademiyada öz zalı var. Bununla demək olar ki, akademiyanın təmiri 90-95 faiz yekunlaşıb. Hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabr-noyabra qədər bütün dərslər onlayn şəkildə keçirilsin”.
Nazir federasiyaların nazirliyə müraciət etdiyini deyib: "Noyabr-dekabr aylarında yerli çempionat keçirmək istəyirlər. Çox istərdik ki, bu yarışlar baş tutsun. Hazırda Operativ Qərargahla birgə böyük proqram hazırlayırıq. Bu, həm də fitnes və idman zallarının açılmasına aiddi. Müxtəlif tələblər və meyarlar nəzərdə tutulub. Qəbul olunsa, sözsüz, bizim üçün də çempionatları keçirmək çox önəmlidi. İdmançı bir ay evdə qalsa, ona bərpa üçün 3-4 ay lazımdı ki, bu da çətinlik yaradır. Yarış praktikası yoxdusa, bu həqiqətən də onun gücünü, təcrübəsini məhv edir. Çempionatları təşkil etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd olunub ki, Milli Paralimpiya Komitəsinin təklifi ilə Bakıda paracüdo üzrə “Qran-pri” keçiriləcək: “Artıq 15 ölkə qeydiyyatdan keçib. Həmin vaxtadək vəziyyətlə tanış olacağıq və proqram qəbul olunsa, yarış Azərbaycanda baş tutacaq".
Rəhimov bildirib ki, azarkeşlərin yarışlara buraxılması gündəmdə deyil: "İlk istəyimiz odu ki, yarışlar keçirilsin, azarkeşlərin iştirakını nəzərdə tutmamışıq. Ölkəmizdə 47 Olimpiya Kompleksi istifadəyə verilib. Hamısı işlək vəziyyətdədi və qapıları açıqdı. Qeyri-olimpiya idman növlərini də hazırlıq prosesinə cəlb etmişik. Elan etmişik ki, onlar üçün də təlim-məşq toplanışları təşkil etməyə hazırıq. Təəssüf ki, qeyri-olimpiya idman növləri ilə məşğul olanların maaşını verməyə imkan yoxdu. Bu, tam qadağan olunmuş məsələdi. Onlara əlimizdən gələn köməyi etməyə hazırıq. Bizim addımlarımız yalnız zalların qapılarını onların üzünə açmaqdan ibarət ola bilər”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR