Sizin reklam burada

Divizion klubları heyəti komplektləşdirib

Baxış Sayı:113


“Zaqatala” sınaqçı-rəqib tapmaqda çətinlik çəkir
Ötən sayımızda xəbər verdiyimiz kimi, oktyabrın 1-də birinci dəstədə yeni mövsümə start veriləcək. Onu da bildirmişik ki, 2020/21 mövsümündə divizionda 10 komanda medallar uğrunda mübarizə aparacaq. Onlardan 5-i əvəzedicilər, 5-i də aşağı dəstə klublarıdı. Yeni “futbol ili” ərəfəsində divizion təmsilçilərinin hazırlıq planları ilə maraqlanmağı lazım bildik.
Nazim Əliyev (Qaradağ Lökbatan): “Bildiyiniz kimi, bizim komanda başqalarından fərqli bir qədər gec bir araya gəldi. Bu üzdən heyəti komplektləşdirmək baxımından çətinliyimiz var. Düşərgəyə bir neçə yeni oyunçu dəvət etmişik, bəziləri ilə də danışıqlar davam edir. Divizionda tətbiq olunan limit işimizi bir az da çətinə salıb. Baş məşqçi olaraq mən indiki halda 3 limit haqda düşünməık məcburiyyətindəyəm. Təcrübəlilər, yəni yaşı çox olanlar, 2000 doğumlular və bir nəfər də daha yaşı ondan da aşağı olanlar. Yaxşı olardı ki, heyət təcrübəli və 2000 doğumlulardan qurulaydı. Belədə daha mübariz komanda formalaşdıra bilərdik. Yoxlama görüşlərinə gəlincə, komandanı yenidən qurmağımıza baxmayaraq, divizionun ən güclülərindən biri olan “Neftçi-2” ilə yoxlama görüşü keçirməyi lazım bildik. Daha güclü komanda ilə oyunda çatışmayan cəhətləri daha yaxşı görmək olur. Həmin matçda yenilsək də, qarşılaşma bizə çox şey verdi. Daha bir yoxlama görüşü keçirməyi planlaşdırmışıq. Ancaq rəqib müəyyənləşməyib. Rəqib tapa bilməsək, öz aramızda ikitərəfli oyun keçirəcəyik. İnanıram ki, komanda turdan-tura oyununu tapacaq”.
Yaşar Vahabzadə (Kəpəz): “Hazırlıq prosesi dövründə artıq bir yoxlama görüşü keçirmişik “Turan Tovuz”la oyunumuz 3:3 hesabı ilə başa çatıb. Tovuz təmsilçisi ilə qarşılaşmaya qədər gündə iki məşq keçirdik. Həmin matçdan sonra yükləməni bir qədər aşağı salıb bir məşq keçmişik. Heyəti komplektləşdirmək baxımından çətinlik çəksək də, geridə qalan müddətdə müəyyən işlər görməyi bacarmışıq. Heyətdə əsasən gəncəli futbolçular çıxış edirlər. Kənardan 4 oyunçu dəvət olunub. Onlardan üçü Bakıdan, biri isə Qəbələdən gəlib. Sentyabrın 25-də Gəncədə daha bir yoxlama oyunu keçirəcəyik. Rəqib “Zaqatala” olacaq. Ondan sonra isə artıq çempionatın startını gözləyəcəyik”.
İlham Yadullayev (Turan Tovuz): “Baş məşqçisi olduğum komanda sentyabrın 6-dan toplaşıb. İlk həftə gündə iki məşq etdik. Sonradan artıq bir məşqlə toplanışı davam etdirdik. Bu müddətdə 4 yoxlama oyunu keçirmişik. İlk oyunda bu il Region Liqasında çıxış edəcək Ağstafa “Avey”i ilə qarşılaşdıq və qalib gəldik. Ondan sonra səfərdə “Qəbələ”nin U-19 kollektivini yendik. Ötən həftənin şənbə günü Gəncədə “Kəpəz”lə heç-heçə etdik. Bu gün (dünən) isə yenidən “Avey”i sınağa çəkdik və qalib gəldik. Bununla da yoxlama görüşlərini başa vurduq. Heyəti, demək olar ki, komplektləşdirmişik. Ola bilsin, qarşıdakı günlərdə bir futbolçu komandaya qoşuldu. Hələ ki bununla bağlı son qərar verilməyib. Hamı kimi, bizə də limit problem yaradıb. Bu üzdən kənardan oyunçu dəvət etmək məcburiyyətindəyik. Yeni mövsümdə də hədəfimiz mükafatçılar sırasına düşməkdi. Bununla bağlı rəhbərliklə söhbətimiz olub. İnanıram ki, ötənilki nəticəni təkrarlaya biləcəyik”.
Rüstəm Məmmədov (Zaqatala): “Bütün komandalar kimi, biz də sentyabrın əvvəlindən bir araya gəlmişik. Toplanışın ilk iki həftəsində daha çox seleksiyaya diqqət ayırdıq. Tətbiq olunan limit bizə çox çətinlik yaradır. “Zaqatala”nın U-19 komandası olmadığından U-17-dən bəzi oyunçuları sıralarımıza dəvət etdik. Baxışa gələnləri də sınaqdan keçirdik. Artıq heyəti koplektləşdirmişik. Bu günə kimi yalnız bir yoxlama görüşü keçirmişik. “Qəbələ” ilə qarşılaşmışıq. Əslində həmin oyunu heç sınaq matçı da adlandırmaq düz olmaz. Çünki biz U-19 komandası ilə oynamaq istəyirdik. Ancaq həmin vaxt “Qəbələ”nin həmin yaş qrupunun əksər üzvləri yığmanın toplanışına yollandığından bizə qarşı 16-17 yaşlı uşaqlar oynadı. Təbii ki, bu da istənilən effekti vermədi. Zaqatala bir qədər uzaq bölgə olduğundan yoxlama görüşü üçün rəqib tapmaqda çətinlik çəkirik. Əvvəlki illərdə bu boşluğu Gürcüstan komandalarının sayəsində aradan qaldıra bilirdik. Hər il qonşu ölkənin güclülər dəstəsində çıxış edən kollektivlərlə üz-üzə gəlirdik. Ancaq bu il pandemiya səbəbindən sərhədlər bağlı olduğundan ora yollana bilmədik. Əvəzində tez-tez ikitərəfli oyunlar keçirirdik. Çempionatın startı ərəfəsində Gəncədə “Kəpəz”lə qarşılaşacağıq. Bəli, hazırlıq dönəmində bir yoxlama görüşü keçirmək çox azdı. Ancaq başqa çarəmiz yoxdu. Onsuz da “Zaqatala” hər il mövsümün əvvəlində 3-4 tur əziyyət çəkir. Sonradan formaya düşərək oyunumuzu tapırıq. Yəqin bu il də eyni aqibəti yaşayacağıq. Məqsədimiz mükafatçılar sırasında yer almaqdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR