Sizin reklam burada

Turdan məqamlar

Baxış Sayı:90

Turdan məqamlar

Turun...
...tələskənliyi..
.
“Qarabağ”ın “Molde”yə məğlub olmasının yaratdığı həvəs, yoxsa “Qalatasaray”ı Bakıya gətirməyin eyforiyası idi, “Neftçi” çempionla oyunda olduqca istəkli təsir bağışladı. Bakılılar ehtiyatlı oyuna üstünlük verməsinə baxmayaraq, sanki meydanı 3 xalla tərk edəcəklərini hiss etmişdilər. Hələ matç başlamamış şahidi olduğumuz hadisə də Füzuli Məmmədovun yetirmələrinin hakimin start fitini səbirsizliklə gözləmələrindən xəbər verirdi. Təsəvvür edin, hakimlər, rəqib futbolçular, bir sözlə, hamı dəhlizdə qazona ayaq basmaq üçün siqnal gözləyir, “ağ-qaralar” isə hamıdan əvvəl meydana çıxmışdı. Lakin Əliyar Ağayevin “geriyə marş” əmrindən sonra qonaq futbolçuların dəhlizə qayıtmaqdan başqa çarəsi qalmadı. Yekunda meydanda öncə ağdamlılar, daha sonra bakılılar göründü.
Hər imkanda rastlaşacağımız hal deyil. Məsələyə aydınlıq gətirmək üçün həmin oyunun səlahiyyətli nümayəndələrindən olan, lakin adının açıqlanmasını istəməyən şəxslə danışdıq: “Pandemiya üzündən çempionatın Əsasnaməsində edilmiş əlavələrə görə komandalar meydana eyni anda çıxa bilməzlər. Bunun üçün komandaların geyim dəstləri dəhlizdə ayrı-ayrılıqda yoxlanılır, daha sonra növbə ilə meydana daxil olurlar. “Neftçi”nin futbolçuları tələskənlik göstərib hakim yoxlamasından əvvəl dəhlizi tərk etmişdilər. Ona görə də geri çağrıldılar, geyim dəstləri nəzərdən keçirildi, sonra meydana çıxdılar”.
...səfəri...
Əminəm ki, futbolla bağlı söhbətlərdə Qəbələnin adı gələndə əsəbdən Yunis Hüseynovun tükləri biz-biz olur. 15 ildən çoxdu məşqçilik edən ötənlərin ünlü “7 nömrə”si bu rayona müxtəlif komandaların “sükanı arxasında” səfər etsə də, meydan sahiblərinin müqavimətini qırmaqda çətinlik çəkir. Qısası, Qəbələ səfərindən qələbəylə qayıtmaq Hüseynovluq deyil.
Buna qədər “Xəzər Lənkəran”ın baş məşqçisi olanda komandası “qrımızı-qaralar”a 0:6 hesabı ilə uduzmuşdu. 2 il əvvəl isə başçılıq etdiyi “Kəpəz” meydan sahiblərinə boyun əymişdi. Yenə darmadağınla – 0:3. Daha bir 0:3 isə 2008/09 mövsümündə “Qəbələ” – “Karvan” qarşılaşmasına təsadüf edib. Deyək ki, “Qəbələ” o dönəmlərdə tarixinin ən güclü heyətinə malik idi, ən yaxşı dövrünü yaşayırdı. İndiki durum isə fərqlidi. Elmar Baxşıyevin başçılıq etdiyi kollektiv tarixinin ən çətin dönəmini keçirir, əvəzində “Keşlə”də işlər yağ kimi gedir. “Qırmızılar”ın bir həftə əvvəl “Qarabağ”la bərabərə qalması və qələbəyə yaxın olması faktı hər şeyi deyir. Di gəl ki, Hüseynovun komandası Qəbələdən qolsuz bərabərliklə qayıtdı.
Səbəbkar acı faktdan xəbərdar olduğunu desə də, tilsimə son qoyacağını gizlətmədi: “Futboldu da, belə şeylər olur. Hər bir komanda üçün düşərli olmayan stadion və ya rəqib var. Ona görə də statistikaya xüsusi önəm vermirəm. İnşallah, nə vaxtsa sindroma son qoyarıq (təxminən 1 saatdan sonra bəndənizlə əlaqə saxladı). Qəbələdə qələbəyə həsrət qaldığımı sizə kim deyir? “Xəzər Lənkəran”ı çalışdıranda səfərdə 1:0 hesabıyla qalib gəlmişdik. Yadımdadı, qolu da Branimir Subaşiç vurmuşdu. Həmin vaxt Mahir Şükürov “Qəbələ”də oynayırdı” (doğrudan da, 2012-ci il aprelin 7-də “Xəzər Lənkəran” “Qəbələ”ni 1:0 hesabıyla məğlub edib).
...yoxluğu
Ölkə futbolu elə vəziyyətə gəlib çatıb ki, aktual mövzu itki xəbərləridi. Ya hansısa komandanı itiririk, ya hansısa formatı, ya məşqçini, ya da futbolçunu. Ötən həftə həmkarımızı itirdik. “Səbail”in mətbuat katibi Törə Əhmədovanı. Şükürlər olsun, dünyasını dəyişməyib,. Yaşayıb, yaratmağa çalışır. Sadəcə, əsas işi AFFA-dadı, “dənizçilər” də əvvəlki firavan günlərindən uzaq düşüb deyə, Əhmədova sözün əsl mənasında başını götürüb qaçdı.
Dilə gətirmək hər nə qədər acı olsa da, premyer-liqa təmsilçisinin bu gün mətbuat katibi olmadan fəaliyyət göstərməsi üzücüdü. Deyək ki, klubla bağlı məsələlərdə kimdənsə, necəsə açıqlama ala bildik. Bunu mətbuat konfranslarında etmək olmayacaq axı. Baş məşqçi Aftandil Hacıyev jurnalistlərin önünə çıxanda kimsə konfransı açıq elan etməli, baş məşqçini təqdim etməli, qələm əhlini sual ardıcıllığına görə müəyyənləşdirməlidi. “Səbail” rəhbərliyinə qalsa, “bunu da baş məşqçi etməlidi” deyərlər. Rövnəq Abdullayevin oğlunun başını qatmaq üçün yaradılan klubdan başqa nə gözləyəsən?!
Klubun mətbuat katibi məsələsi ilə bağlı suala “Səbail”in icraçı direktoru Fərəc Əliyev söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Sumqayıt”la oyunda mətbuat konfransına komandanın meneceri Nicat Zülfülü çıxmışdı. Bununla yanaşı, rəqib komandanın mətbuat katibi Rəşad Məmmədovdan da bu məsələdə bizə yardımçı olmasını xahiş etmişdik. Lakin bu gün üçün mətbuat katibi məsələsi açıq qalmaqdadı. Törə xanımın gedişindən sonra axtarışlarımız davam edir. Açığı, bu mövzuda bir neçə namizədlə görüşümüz olsa da, yekun qərar qəbul olunmayıb. Yəqin ki, yaxın günlərdə xəbər çıxar”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR