Sizin reklam burada

Qurban Qurbanov nə demək istəyir?

Baxış Sayı:132

“Qarabağ”ın “Neftçi” ilə oyununun nəticəsinə, yəni uzun fasilədən sonra evdə bakılılara uduzmasına həm də o konteksdə baxmaq lazımdı ki, Qurban Qurbanovun qorxduğu başına gəldi. Yadınızdadısa, baş məşqçi “Molde”yə məğlubiyyətdən sonra vətənə dönərkən hava limanında jurnalistləri bu yükün altından çıxmağın çox çətin olacağını demişdi. Azərbaycan çempionu faktiki bütün oyun komponentlərində üstün olduğu, qorxduğu, çəkindiyi açıq-aşkar görünən komandaya uduzmuşdu. Ortada qrupa vəsiqə, milyonlar var idisə, belə məğlubiyyətlərə dözməyin mənəvi-psixoloji cəhətdən necə cətin olduğu hər kəsə aydındı. Sirr deyil ki, belə hallarda adam-futbolçu-məşqçi bəzən hətta həyatın sonunun çatdığını, onu növbəti qələbələrə səsləyən hansısa hədəfin olmadığını düşünür, istər-istəməz boşluğa yuvarlanır və ruh düşkünlüyü yaşayır. “Qarabağ” hətta indiki durumunda da Avroliqanın pley-offunda qarşılaşacağı cütdəki hər iki komandadan – “Legiya” ilə “Drita”dan zəif olmasa belə, Qurban bəyin gözün qorxudan məhz bu məqamdı, yəni yetirmələrini yaşadıqları mənəvi böhrandan çıxarmağın çətinliyi.
“Bizdən və rəhbərlikdən çox şey asılıdı. Futbolçularımızın yanında, arxasında olmalıyıq” deyən çalışdırıcının həyəcanlanması, komandadakı mikroiqlimin pozulmaması üçün səyləri birləşdirməyə çağırması anlaşılandı. Ardıcıl 7-ci dəfə avrokuboklarda qrupa düşməyin başqa formulu yoxdu. Rəhbərlik ilə komanda birləşməyi, bütünləşməyi bacarsa, istənilən rəqibi, lap elə “Legiya”nı da yenmək mümkündü. Amma dediyimiz münbit şəraitin yaraması ölkənin uzun fasilədən sonra qrupdan kənarda qalması, bizim üçün avrokubok həyəcanının elə oktyabrın ilk günündə bitməsi ilə nəticələnəcək.
Qurban Qurbanovun rəhbərliyə və ictimaiyyətə verdiyi mesajlar öz yerində. Amma mənə elə gəlir ki, hörmətli baş məşqçi bəzi məqamlarda özü də daha çox avantüraya əl atmalı, risk etməkdən çəkinməməlidi. İş ondadı ki, mümkün avantüralardan biri elə Qurban bəyin oğlu ilə bağlıdı. Bu adamın – Musa Qurbanlının 19 yaşının tamamına artıq az qalır. Avropada, dünyada 18-19 yaşlı ulduzlar “at oynadır”, qitə çempionatlarının, mundialların final mərhələsində oyunu ilə göz oxşayırlar. Bizdə isə Qurban bəy oğluna nə çempionatın vacib oyunlarında, nə də avrokuboklarda güvənir. Maraqlıdı, şans qazanmayan gənc hücumçu ustalığını, təcrübəsini necə artıra, qol duyumunu necə inkişaf etdirə bilər? Bir ilə əvvəl U-21-in hansısa oyununda qaçırdığı şansa görə göz yaşını saxlaya bilməyibsə, karyerası boyunca ehtiyatda oturmalıdı?
Əslində oyunun məzmunu, quruluşu ilə bağlı da müxtəlif fikirlər səsləndirmək olar. Birmənalı şəkildə anlamaq lazımdı ki, rəqibin güclü və zəif olmasına baxmadan meydanın eninə və arxaya ötürmələrin sayı hədsiz çoxdu və komanda bu mənada axsayır. Müasir futbolda hər ötürmə rəqib qapısı önündə gərginliyi artırmağa hesablanan gediş olmalı, daha top boş-boşuna meydanının eni və uzunu boyunca dığırlanmamalıdı. Köhnə-yeni çempionun oyununda diqqətimi çəkən məqamlardan biri də uzaqdan zərbələrin yoxluğudu. Ümumiyyətlə, bu təkcə “Qarabağ”ın yox, Azərbaycan futbolunun problemidi. Nəyə görəsə bu ölkənin futbol ictimaiyyətinə elə gəlir ki, qol vurmaq üçün topu mütləq qapıçı meydançasının, ya da ən azı cərimə meydançasının xəttinə qədər daşımaq lazımdı. Bəlkə də bizimkilərin uzaqdan zərbə vurmaqdan çəkinməsinin əsas səbəbi öz gücünə inamsızlıqla bağlıdı. Amma onlar hər belə zərbənin gözlənilməzlik effekti daşıdığını, istənilən səkmə halında qapıçının gücsüz olacağını da unudurlar.
Ölkədaxili yarışlarda intriqa axtaranların maraqları baxımından “Qarabağ”ın çempionatdakı və kubokdakı istənilən uğursuzluğu önəmlidi. Təbii ki, belədə mükafatlar uğrunda mübarizə sona qədər gedəcək, Allah qismət edərsə və pandemiya imkan verərsə, azarkeşlər də tribunalarda intriqanın ləzzətini yaşayacaqlar. Amma bütövlükdə ölkə futbolunun maraqları baxımından “Qarabağ”ın bu il Avroliqanın qrupundan kənarda qalması yüzdəyüz ziyandı. Allah eləməmiş, belə hal yaşanarsa, ilk növbədə klub, daha sonra ölkə futbolunun bütün qatları hansısa dərəcədə ziyanı hiss edəcək. Ona görə də indiki məqamda Qurban bəyin, komandanın, klubun qarşısında duran əsas hədəf rəqibin kimliyindən asılı olmayaraq, pley-off səddini adlamaqdı. Güman edirəm ki, belədə həm komandadakı mikroiqlim qaydasına düşəcək, həm də Qurban bəyin Avroliqanın qrupu üçün rəhbərlikdən yeni transferlər istəməyə üzü olacaq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR