Oyunsonrası mətbuat konfranslarında baş məşqçilərə ünvanlanacaq sualların çox olacağı əvvəldən məlum idi. Xüsusən də ardıcıl 3-cü oyunda qələbəyə həsrət qalan “köhlən atlar”ın çalışdırıcısı Qurban Qurbanova. Təcrübəli mütəxəssis sualları cavablamamış oyunla bağlı fikirlərini bölüşdü: “İlk hissəni yaxşı keçirdik, sadəcə, ikinci yarıda vəziyyət bir az fərqli oldu. Situasiya bəllidi, bundan sonrakı diqqətimiz futbolçuları daha yaxşı vəziyyətə gətirməkdi. Bizdən və rəhbərlikdən çox şey asılıdı. Futbolçularımızın yanında, arxasında olmalıyıq. Bu futbolçularla uğurlar əldə etməyə çalışmışıq. Bu gün də komandamıza inanırıq. Qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımız var. “Neftçi”ni və Füzuli Məmmədovu təbrik edirəm, vacib qələbə qazandılar. Çempionat yeni başlayıb, görünür ki, gərgin mübarizə olacaq. İndi futbolçuların yanında olub, bu uğursuzluğu aradan qaldırmalıyıq.
- “Şerif”lə oyundan sonra sıx qrafikə girəcəyinizi və heç də asan olmayacağını demişdiz. Son 3 oyunda qələbəyə həsrət qalmısız. Komandanı tanıdığınız üçün belə açıqlama vermişdiz?- Bunu bilmək üçün savad lazım deyil. Sadəcə, sıx qrafikdəyik və məncə, bu hələ başlanğıcdı. Avroliqanın qrupuna düşsək, ondan sonra çox ağır rejim olacaq. Xüsusən də millidə oynayan futbolçular üçün ağır olacaq. Zubirin, Romeronun zədəsi var. Hücum xəttində itkilərimiz var, belə qrafik olanda da ikiqat zərbə vurur. Bu oyuna hazırlaşmaq həqiqətən çətin idi. İlk hissədə oyun nəzarətimizdə idi, fasilədən sonra get-gedə yorğunluq hiss olunmağa başladı. Düzdü, hər iki komanda avrokubok matçına çıxmışdı. Bəlkə də bizdəki yorğunluq bir qədər çox idi. Səfərdə oynamışdıq, 120 dəqiqə mübarizə aparmışdıq… Bunları deməklə "Neftçi"nin haqqına girmək istəmirəm. 3 gün əvvəl harda oynamışıq, nə qədər oynamışıq – bunlar nə sizi, nə azarkeşləri, heç kimi maraqlandırmır. Komandada yorğunluğun olması öz problemimizdi.
- Hücumçu çatışmazlığı hər oyunda özünü hiss etdirir. Bu problem nə vaxt həllini tapacaq?- Bu gün tək hücumçuya yox, bir neçə futbolçuya ehtiyacımız var. Bəzən düşünürlər ki, Qurban Qurbanov prinsipə düşüb deyə, hücumçu almır. Qətiyyən belə deyil. Fikir vermisizsə, “Qarabağ”da həmişə 24 futbolçu olub. Bu gün Zubir və Romero meydanda olsaydı, belə problem çox görünməyəcəkdi. Çünki hər ikisini hücumçu gözündə görürəm. Mahirin də hazırkı durumu - psixoloji gərgin olması və meydana zədəylə çıxması ikinci hücumçuya ehtiyac yaradırdı. Yenə deyirəm, Zubir və Romero olsaydı, bunu həll etmək olardı. Axtarışlarımız davam edir, ancaq hələ ki yenilik yoxdu. Pandemiya transfer işlərində problemlər yaradır.
- Sizcə, rəqibin ikinci qolunda oyundankənar vəziyyət var idi?- Matçın gedişində gördüyümüz o idi ki, oyundankənar vəziyyət var idi. Bu yan xətt hakimi öz işinin öhdəsindən hər zaman layiqincə gəlib. Tanıdığım qədər çox məsuliyyətli biridi. Açığı, oyundankənar vəziyyətin olmasına dair mesajlar aldıq. Ofsayd olsa belə, yan xətt hakiminə heç nə deməyəcəm. Ola bilər ki, səhv olsun. Bəlkə də saniyə məsələsi idi, gecikdi. Amma indi bu, nəticəni dəyişmir və məğlub olmuşuq.
Qurbanovdan əvvəl jurnalistlərin önündə Füzuli Məmmədov çıxmışdı. Qələbədən sonra kefi yerində görünən mütəxəssis də fikirlərini bölüşüb, sualları cavabladı: “Bu qələbəmizi bütün neftçilərə və komandamızın azarkeşlərinə həsr edirik. Avrokubok matçlarından sonra hər iki komandada yorğunluq var idi. Bu oyuna hazırlaşmaq üçün, demək olar, vaxtımız yox idi. Çalışdıq ki, oyunçuları maksimum hazırlayaq. “Neftçi” bu gün meydanda əzmkarlıq göstərdi. Belə güclü rəqibə qarşı oynamaq əzmkarlıq tələb edir. Futbolçularımızı və azarkeşlərimizi təbrik edirəm. Bu qələbə bizim üçün çox vacib idi.
- "Neftçi" bu gün güclü idi deyə qələbə qazandı, yoxsa "Qarabağ"ın fiziki və psixoloji yorğunluğundan istifadə etdi?- Hər iki komanda yorğun idi. "Qarabağ"ın uzun yoldan gəlməsini, isti hava şəraitində oynamasını qeyd edərdim. Rəqibin zəif olduğunu deməzdim. Biz də zəif komanda deyilik. Sadəcə, bu gün futbolçular meydanda mübarizə aparıb qələbə qazandılar.
- “Neftçi”yə gəlməmişdən əvvəl haqqında xeyli danışılan Tallison “Qalatasaray”la görüşdə olduğu kimi, bu gün də start heyətində yer almamışdı. Limitin qurbanıdı, yoxsa intizamında problem var?- İntizamsızlığı yoxdu, özünə çox diqqət edən futbolçudu. “Qalatasaray”la matçda “11-lik”də olmaması taktiki gediş idi. Bu oyunda isə limitə görə ehtiyatda qalmışdı.
- Prins İbara hücum xəttini gücləndirəcək futbolçudu?- İbara çox yaxşı futbolçudu. Bura gələndə oyun təcrübəsinin azlığından əziyyət çəkirdi. Üstəgəl, "Qalatasaray"la oyundan sonra da çox yorulmuşdu. Bu, onda hiss olunurdu. Bacardığını etməyə çalışdı. İbara tək deyil. Mirabdullanın həm davranışı, həm də oyuna münasibəti çox dəyişib. Belə davam etsə, əsas heyətin oyunçusuna çevrilə bilər.
- Sizə elə gəlmir ki, Antonun yoxluğu bu gün "Neftçi"yə fayda verdi?- Mən elə düşünmürəm. Anton vacib futbolçumuzdu. Səhvsiz oyunçu yoxdu. "Sumqayıt"la oyunda problemlərimiz var idi, amma indi bunlar aradan qalxıb. Bizə zaman lazımdı. Vaxt keçdikcə yeni futbolçular komandaya uyğunlaşır. Mən bütün futbolçularıma inanıram. Yetər ki, azarkeşlərimiz də inansın. Belədə qarşıda belə qələbələrimizin sayı çox olacaq.
HƏBİB