Sizin reklam burada

“Neftçi” neftçilərin bayramını qələbəylə təbrik etdi

Baxış Sayı:150


12. Qarabağ (Ağdam) – Neftçi (Bakı) 1:2 (1:1)
12. Emil Balayev – 4,5
44. Elvin Cəfərquliyev – 5,0
55. Bədavi Hüseynov – 5,5
81. Kevin Medina – 6,0
5. Maksim Medvedev (k) – 5,5
(30. Abbas Hüseynov, 74) – 5,5
2. Qara Qarayev – 5,5
6. Patrik Andrade – 6,5
18. İsmayıl İbrahimli – 5,5
(77. Vild-Donald Gerye, 74) – 5,0
19. Filip Ozobiç – 5,5
7. Ovusu Kvabena – 6,0
11. Mahir Emreli – 5,0
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
8. Uroş Matiç
21. Rauf Hüseynli
22. Musa Qurbanlı
27. Toral Bayramov
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Patrik Andrade

30. Aqil Məmmədov – 5,5
2. Cabir Əmirli – 5,5
6. Voislav Stankoviç – 6,0
3. Mamadu Mboc – 6,5
26. Ömər Buludov – 6,0
(27. Fərid Yusifli, 90+2) – qiymətsiz
36. Mamadu Kane – 6,0
8. Emin Mahmudov (k) – 6,0
24. Yusuf Laval – 6,0
(91. Tallison Dias, 85) – qiymətsiz
10. Saman Nərimancahan – 6,0
7. Namiq Ələsgərov – 6,0
13. Prins İbara – 5,5
(22. Mirabdulla Abbasov, 62) – 5,5
Ehtiyat oyunçular
12. Kamran İbrahimov
4. Rener Alves
19. Fəhmin Muradbəyli
20. Mərt Çelik
29. Sabir Buqrin
37. Vüsal Əsgərov
40. Vüqar Həsənov
45. Əli Mürsəlov
80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Mamadu Mboc
Qollar: O.Kvabena, 10 (1:0, Q.Qarayev). V.Stankoviç, 12 (1:1, E.Mahmudov). N.Ələsgərov, 68 (1:2).
Vərəqələr: M.Kane, 41 (oyunun bərpasını ləngitmək). M.Medvedev, 59 (qeyri-idman hərəkəti). M.Mboc, 76 (qeyri-idman hərəkəti). P.Andrade, 78 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Bakı).
20 sentyabr. Suraxanı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Düşdükləri vəziyyətdən, klub və komandanın imkanlarından, çempionatdakı hədəflərindən asılı olmayaraq, “Qarabağ”la “Neftçi” arasındakı duellər özünəməxsus prinsipiallığını itirmir. Lap ağdamlılar ÇL-in qrupunda mübarizə aparsın, bakılılar elitada qalmaq uğrunda - yenə fərq etməyəcək. Bu oyunun adı Azərbaycan derbisidi, vəssalam.
Komandalar arasındakı ədavətin hansı həddə olduğunu bilmək üçün 2017-nin dekabrından bəri çempionatda baş tutan son 10 oyunun yekun nəticəsinə nəzər salmaq kifayət edirdi. 3 dəfə “köhlən atlar” qələbəyə sevinmişdi, 2 dəfə “ağ-qaralar”ın üzü gülmüşdü, daha 5 qarşılaşma isə heç-heçə sonuclanmışdı. “Neftçi” “Qarabağ”ı rəqib meydanında sonuncu dəfə 28 ay əvvəl (868 gün), lap dəqiq desək, 2018-ci il mayın 6-da Rəhman Hacıyevin vurduğu qolla 1:0 hesabı ilə məğlub etmişdi. Yəni “köhlən atlar”la son 4 səfər matçında “ağ-qaralar” qələbəyə həsrət qalmışdı.
Nədənsə budəfəki derbiyə proqnoz vermək olduqca çətin idi. Heyətində ciddi dəyişikliklər edilən və əvvəlki günlərindən xeyli uzaq düşən “Qarabağ”ın bir neçə gün öncə Larnakada ciddi zərbə alması əzəli rəqiblə duel ərəfəsində adamı düşünməyə vadar edirdi. Düzdü, bakılılar da “Qalatasaray”a uduzmuşdu. Lakin futbolla az da olsa, maraqlananlar bu iki yenilgi arasındakı fərqlərdən mütləq xəbərdardı. Ən böyük yük komandadakı psixoloji gərginliyi aradan qaldırmalı olan Qurban Qurbanovun üzərinə düşəcəkdi. Alınmadı...
Bəli, “Neftçi” çempion üzərində qələbə qazandı. Lakin bu heç də qonaqların üstün futbol nümayiş etdirməsindən xəbər vermir. Hər iki komandada yorğunluq müşahidə olunurdu, hər ikisi ilk yarıda ehtiyat edirdi, hər ikisinin qol imkanları vardı, hər iki komandanın qapıçısı kobud səhvlərlə yadda qaldı... Sadəcə, “ağ-qaralar” meydanda daha çox qaçan və mübarizə aparan tərəf idi ki, belədə ağdamlıların yol verdiyi səhvlərdən maksimum yararlandılar. Bu yerdə meydan sahiblərinin “Molde”ylə qarşılaşmadan sonra özlərinə gələ bilmədiklərini vurğulamalıyıq.
Namiq Ələsgərovun qələbə qolu ofsaydı pozan Qarayla çıxışda inamsız oynayan Eminin ayağına yazılmalıdı. Bakılıların ilk qolunda isə Stankoviçin başla fərqlənməsinin qarşısını Mahir almalıydı, o da tapşırığın öhdəsindən gələ bilmədi. Kvabenanın rəqib qapısından keçirdiyi topa şərh verməli olsaq, Cabirin onunla ikili mübarizədən məğlub ayrılmasını və Aqilin uzaq küncə gedən “mərmi”yə reaksiya göstərməməsini qeyd etmək yerinə düşər.
“Neftçi”nin Neftçilər günündəki qələbəsi lap yerinə düşdü. Həm çempionatdakı intriqa ilk turlardan qızışacaq, həm “Qarabağ” Avroliqa ərəfəsində səhvlərini görüb, “yuxudan ayılacaq”, həm də bu gedişlə çempionluq mübarizəsi son turlara qədər davam edəcək.

Gözdən qaçmadı
* Hakimin final fitindən 6-7 dəqiqə əvvəl “Neftçi”nin əsas heyət üzvləri meydanın mərkəzinə toplaşan kimi geri qayıtmaqlarına dair tapşırıq aldılar. Dəhlizə tərəf qayıdıb bir müddət orda gözləyəndən sonra qazona öncə ağdamlılar ayaq basdı, daha sonra bakılılar.
* Oyun başlamamış Ovusu Kvabenanın rəqib komandanın heyətindəki qaradərililəri – Yusuf Lavalla Mamadu Kaneni bağrına basması xoş görüntü idi. Lakin həmin istiliyi digər afrikalılar – Mamadu Mbocla Prins İbaraya göstərməməsi təəccüb doğurdu.
* “Qarabağ”ın azarkeşləri stadionun kənarından sevimli komandalarını dəstəkləyirdi. Lakin 40-cı dəqiqədə “Qarabağ, Qarabağ” səsləri yaxın məsafədən eşidildi. Ətrafa boylandım və 10-a yaxın azarkeşin stadionun beton hasarlarında oturub ayaqlarını salladıqlarını gördüm. Oyunu izləmək sevincləri heç 5 dəqiqə çəkmədi. Polis baş leytenantının çavuşlara xitabən “onları salın ordan aşağı” əmrindən dərhal sonra fanatlar bir göz qırpımında qeyb oldular.
* Oyundan sonra “Neftçi”nin paltardəyişmə otağında əsl bayram ab-havası yaşanırdı. Elə buna görə də Füzuli Məmmədov mətbuat konfransına Əliyar Ağayevin final fitindən 17 dəqiqə sonra təşrif buyurdu.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR