Sizin reklam burada

Məğlub olmaq cinayətdimi?

Baxış Sayı:159

Elçibəy hakimiyyəti dövründə Azərbaycanın baş naziri olmuş Pənah Hüseyn illər sonra dövrü mətbuatda silsilə yazılarla çıxış edirdi. Həmin silsilə məqalələrdə cəbhəçilərin hakimiyyətə necə gəlməsindən, o dövrdə Azərbaycanda və onun adı ətrafında başverənlərdən bəhs olunurdu. Eyni zamanda da Əbülfəz Elçibəyin rəhbərlik etdiyi hakimiyyətin niyə yıxılmasının, xalqın arzularının gerçəkləşməməsinin səbəblərini Pənah Hüseyn öz baxış bucağından izah etməyə çalışırdı. Düzü, üzərindən xeyli vaxt keçib. Orda bəhs olunanları tam dəqiqliyi ilə xatırlamıram. Amma ən çox yadımda qalan həmin silsilənin adıdı: “Cinayətimiz məğlubiyyətimizdi”. Etiraf edək ki, Pənah bəyin qələmindən çıxan bu başlıq xeyli dərin mənalı və fəlsəfi təsir bağışlayır. Lap elə yazının içindəkilər reallıqdan uzaq olsa belə, başlıqdan çox şeyi anlamaq mümkündü. Apardığın mübarizəni uduzmusansa, sənə güvənənlərin etimadını doğrultmamısansa, deməli, cinayət törətmisən. Əlin qana batmasa da, kiminsə ölümünə səbəb olmasan da, ən azı mənəvi məsuliyyət daşıyırsan.
Bir çox sahələrdə belədi. O cümlədən də futbolda. Çünki futbol da insan cəmiyyəti üçün vacib sahələrdən biridi. Dəfələrlə demişik, futbol 22 kişinin topun dalınca qaçması deyil, milyonları öz sehrinə salan bir oyun, eyni zamanda böyük təbliğat vasitəsidi. Burda da acı məğlubiyyətlər, qınananlar və məğlubiyyətə görə günahkar elan edilənlər olur. Amma sözsüz, heç də hər məğlubiyyətə görə adamı cinayətkar elan etmirlər. Futboldakı məğlubiyyətlərə görə Cinayət Məcəlləsində heç bir məsuliyyət yoxdu, burda olsa-olsa, mənəvi məsuliyyət, mətbuatın və azarkeşlərin qınağı olur. Səbəbkarlar da ən pis halda həmin tənqidlərə, qınaqlara tuş gəlir, bəzən də iş yerini itirirlər. Vəssalam. Ümumiyyətlə, futboldakı məğlubiyyətləri heç vaxt faciəyə, dünyanın sonuna çevirmək lazım deyil. Hər bir məğlubiyyətin səbəbləri olur ki, onlara da həssas yanaşmaq vacibdi. Yalnız bu halda məşqçilər, futbolçular həmin səbəbləri dərindən öyrənə, onun nəticələrini aradan qaldıra və ən əsası, gələcəkdə onların təkrarlanmasından qaça bilərlər. Başqa cür mümkün də deyil. Məğlubiyyət varsa, deməli, səbəb də var, səhv də. Sən onu tapıb, aradan qaldıra bilməsən, gələcəkdə onları təkrarlamaqdan da qaça bilməyəcəksən. Deməli, hər dəfə də həmin səhvləri təkrarlamağa, məğlubiyyətə məhkum olacaqsan.
“Qarabağ” qısa müddət ərzində iki vacib oyunda uduzdu. Birində “Molde”yə, digərində “Neftçi”yə. Düzdü, Norveç çempionu ilə oyun qolsuz heç-heçəylə yekunlaşmışdı, rəqib komanda 120 dəqiqə ərzində Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıya yol tapa bilməmişdi. Bununla belə, nəticə bizim üçün acınacaqlı oldu. “Qarabağ” ovcunun içində olan pley-offa vəsiqəni əldən buraxdı. Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə “Qarabağ” həm də Avropa Liqasının qrup mərhələsini özü üçün təmin edəcəkdi. İndi isə vəziyyət xeyli qəlizləşib, “köhlən atlar” işini çətinə salıb. Bu oyunda daha çox hücum edən, qol şansı qazanan, qələbəyə yaxın olan Azərbaycan çempionu idi. Amma sonda qələbəni bayram edən rəqib oldu, onlar sevindilər, biz isə üzüldük. Şəxsi qənaətimdi ki, biz bu görüşü Larnakadakı final fitindən hələ xeyli əvvəl uduzmuşduq. UEFA Norveç çempionunun və onun hökumətinin “çaldığı havaya oynayıb”, oyunun Bakıda yox, neytral meydanda keçirilməsinə qərar verəndə bizi psixoloji məğlubiyyətə düçar etmişdi. Qurban Qurbanov oyundan əvvəl də, sonra da bu məqamı etiraf etmişdi. UEFA-nın acı bağırsaq kimi məsələni uzatması, sonda da əleyhimizə qərar verməsi zərərimizə oldu. “Siyasi müstəvi”də uduzmaqla bir qədər təklənmiş, küncə sıxılmış duruma düşdük ki, bunun da ağırlığını Larnakadakı 120 dəqiqə ərzində hiss etdik.
Bəli, “Qarabağ”ın hücumçu problemi var. Bunu danmaq olmaz. Amma gəlin etiraf edək ki, hücumçusuz da “Molde”ni üstləmək, indi də Çempionlar Liqasının himnini Bakıda səsləndirməyə hazırlaşmaq olardı. Zubirin, Emrelinin sağa-sola xərclədiyi qol fürsətləri, Bədavi Hüseynovun həlledici məqamda xilaskar xarakteri olan ümid yeri kimi yox, təcrübəsiz yeniyetmə kimi davranması məğlubiyyətə düçar etdi. Uduzan təkcə “Qarabağ” yox, bütövlükdə Azərbaycan futbolu idi. Qurban Qurbanovun hava limanında dediyi kimi, “Qarabağ” bu məğlubiyyətin təsirindən çıxa bilmədi. “Neftçi”ylə vacib oyunun bu ərəfəyə düşməsi də komandanın ziyanına işlədi. Bu da doğma meydanda “Neftçi”yə 1:2 hesablı məğlubiyyəti qaçılmaz etdi. “Qarabağ” – “Neftçi” görüşünü izləyənlər yaxşı gördü ki, “ağ-qaralar” daha istəkli görünür, qələbə qazanmaq həvəsiylə alışıb-yanırdılar. Sonda da nəticə onların istədiyi kimi oldu.
Ortada ardıcıl iki məğlubiyyət var, amma cinayət yoxdu. “Qarabağ” üçün dünyanın sonu deyil. Əksinə, toparlanmaq, vəziyyəti düzəltmək üçün bütün şanslar var. Həm avrokuboklarda, həm də premyer-liqada. Cəmi bir qələbə “Qarabağ”ı ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinin iştirakçısına çevirəcək. “Neftçi”nin qələbəsi isə çempionatımıza rəqabət, əlvan rənglər qatdı. Deməli, üzülməyə dəyməz!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR