PFL onlayn püşkü “yutub” kanalında canlı yayınlayacaq
Premyer-liqadan sonra birinci divizionda da 2020/21 mövsümünün start tarixi müəyyənləşib. 10 komandanın - “Turan Tovuz”, “Zaqatala”, “Sabah-2”, “Neftçi-2”, “Kəpəz” ,“Keşlə-2”, “Sumqayıt-2”, “Qarabağ-2”, MOİK, “Qaradağ Lökbatan” - mübarizə aparacağı çempionat oktyabrın 1-də başlayacaq və 3 dövrədən ibarət olacaq.
Divizionda yeni mövsümlə bağlı hansı yeniliklərin tətbiq olunacağı və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün PFL-in Texniki İdman şöbəsinin rəhbəri Elgiz Abbasovla danışdıq: “Bildiyiniz kimi, premyer-liqada yeni mövsümə avqustun 21-də start verildi. Ondan sonra aşağı dəstə ilə bağlı məsələlərə diqqət ayrıdıq. Bu gün (dünən) artıq işləri yekunlaşdırdıq və komanda sayını müəyyənləşdirdik. Aşağı dəstədə 10 komanda mübarizə aparacaq və çempionat 3 dövrədən ibarət olacaq. Püşkə əsasən ilk dövrədə meydan sahibi olacaq komanda 3-cü dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Ölkədə hələ də karantin rejimi davam etdiyindən yoxlama və çempionat görüşləri Əsasnaməyə əlavə olunmuş bəndlərlə keçiriləcək. Yumşalma olacağı təqdirdə yenə əvvəlki qaydalara dönəcəyik”.
PFL rəsmisi divizion oyunlarını qəbul edəcək stadionlar barədə də məlumat verdi: “Aşağı dəstədə keçiriləcək oyunları qəbul edəcək stadionların durumu ilə maraqlanırıq. Ümid edirik ki, çempionat vaxtı ortaya hansısa problem çıxmayacaq. Onsuz da mövsümün startına kimi PFL olaraq özümüz də arenaların vəziyyətini bir daha gözdən keçirəcəyik. Ortaya bir çatışmazlıq çıxsa, həll edəcəyik. Bir ay öncədən bütün komandalara tələb və tövsiyələrimizi göndərmişik”.
Yeni mövsümdə aşağı dəstədə iştirakçı sayının artması gözlənilirdi. Ötən mövsüm Region Liqasında mübarizə aparan bəzi klublar 2020/21 “futbol ili”ndə peşəkar status daşıyan liqada çıxış etmək niyyətində idi. Təəssüf ki, əvvəlki iki ildə olduğu kimi, bu dəfə də liqadan peşəkar status daşıyan diviziona yüksələn olmadı. Elgiz bəy say azalmasını belə əsaslandırdı: “Bu gün açıqladığımız siayhıdan da gördüyünüz kimi, bu il aşağı dəstədə 10 komanda olacaq ki, onlardan 5-i elita təmsilçilərinin əvəzediciləri, 5-i isə divizion təmsilçisidi. Yarışdan bir ay öncə klublara məktub göndərdik və iştiraklarını təsdiq etmələrini istədik. Məhz təsdiq sayı əsasında bugünki sayı açıqladıq”.
Abbasov sonda püşkatma mərasiminin detallarına da aydınlıq gətirdi: “Aşağı dəstənin püşkatma mərasimi sentyabrın 24-də AFFA-nın inzibati binasında onlayn təşkil olunacaq və PFL-in “yutub” kanalı vasitəsilə canlı yayınlanacaq. Bizim kanal divizion təmsilçilərinə tanışdı. Çünki hələ ötən mövsüm və eyni zamanda ondan əvvəlki “futbol ili”ndə də divizion qarşılaşmalarını canlı yayınlamışıq. Sual oluna bilər ki, niyə iştirakçı komandaların nümyəndələrini AFFA-ya dəvət etmədik və tədbiri onlayn etmək qərarına gəldik? Pandemiya ilə bağlı indiki məqamda 10 nəfərdən artıq şəxsin bir araya gəlməsi yasaqdı. Komanda nümyəndələrini və tədbirdə iştirak edəcək digər şəxsləri nəzərə alsaq, karantin qaydalarını pozmuş olardıq”.
RƏŞAD