Sizin reklam burada

“Qarabağ” “Kyevo”nun hücumçusu ilə maraqlanır

Baxış Sayı:86

“Qarabağ” “Kyevo”nun hücumçusu ilə maraqlanır

Mahir Emrelinin “Qarabağ”a lazımi faydanı verə bilməməsi komandanın yeni forvardla güclənməsini labüd edir. İyuldan bəri çox sayda əcnəbiylə müqavilə detalları müzakirə olunsa da, ağdamlılar hələ də Mahirin ümidinə qalıb. Biri gəlmək istəmir, digəri pulda razılaşmır, bir başqası son anda daha yaxşı təklif alır...
Deyəsən, "Qarabağ"axtardığını İtaliyada tapıb. Belə ki, çempionun bu ölkənin B seriyasında çıxış edən "Kyevo"nun forvardı Manuel Puççiarellinin keçidini həll etmək üçün “qollarını çırmaladığı” deyilir. Daha doğrusu, italiyalı həmkarlarımız bu haqda yazıb. Xəbərə inansaq, klubu ilə birillik müqaviləsi olan 29 yaşlı hücumçuya son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.
İnternet qaynaqlarında yazılanlara inansaq, "Kyevo" Puççiarellini 2019-un yayında "Empoli"dən 3,75 milyon avroya transfer edib. Təcrübəli forvard ötən mövsümün ikinci yarısını icarə əsasında "Peskara"da keçirib və 11 oyunda 2 dəfə fərqlənib. Manuel indiyə qədər A seriyasında keçirdiyi 135 oyunda 16 qol vurub, B seriyasında isə 77 matçda rəqib qapılarına 10 dəfə yol tapıb. İtaliya kubokunda 11 görüşün həyəcanını yaşayıb ki, 1 dəfə də orda fərqlənib. Ümumilikdə 223 qarşılaşmada hesabında 27 top var.
Xəbərin doğruluğunu yoxlamaq üçün “Qarabağ”ın mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlasaq da, konkret cavab ala bilmədik: “Neftçi”ylə oyundan sonra baş məşqçimiz Qurban Qurbanovun da dediyi kimi, bir yox, bir neçə mövqeyə axtarışlar davam edir. İndiyə qədər çoxlu futbolçu təklif olunub, müzakirələr gedib. Lakin bu gün üçün hansısa futbolçunun keçidinin rəsmiləşməsi aktual deyil. Ona görə də bu məsələ ilə bağlı dolğun informasiya verə bilməyəcəm”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR