Sizin reklam burada

Qərb derbisində qalib müəyyənləşmədi

Baxış Sayı:102

Qərb derbisində qalib müəyyənləşmədi

Nadiri: “İnanırıq ki, komanda bu mövsüm mükafata layiq yerlərdən birini tutacaq”
Birinci divizionda yeni mövsümə hazırlığı Gəncədə davam etdirən “Kəpəz” ötən şənbə yoxlama görüşü çərçivəsində “Turan Tovuz”la qarşılaşıb. Süni örtüklü meydanda baş tutan qarşılama tərəflər arasında əvvəlcədən əldə olunan razılığa əsasən hər biri yarım saatdan ibarət 3 hissədən ibarət olub. Saat 16.00-da start götürən matç 3:3 hesabı ilə başa çatıb.
Bu arada “Kəpəz”in icraçı direktoru İlqar Nadiri yeni mövsümlə bağlı klubun mətbuat xidmətinə açıqlama verib: “İnanırıq ki, komanda bu mövsüm mükafata layiq yerlərdən birini tutacaq. Bunun üçün klub rəhbərliyi, məşqçilər tərəfindən bütün addımlar atılır, müvafiq işlər görülür. Çempionatda uğurlu çıxışa köklənmişik. Baş məşqçinin də istəyi ilə başqa klublarda oynayan Gəncə futbol məktəbinin yetirmələrini komandaya qaytarmağa başlamışıq. Seçimdə əsasən gənc futbolçulara üstünlük veririk. Axtarışlarımız davam edir. Seleksiya işləri aparılır, kollektivə yeni oyunçular cəlb olunur və məşqlərdə sınanır. Gələcək üçün perspektivli uşaqlar komandaya çox lazımdı. Bu futbolçular komandamız elitaya vəsiqə qazanana kimi püxtələşə və növbəti mövsümlərdə “Kəpəz”ə daha çox kömək edə bilərlər”.
Klub rəhbərliyi çempionatda ümidləri doğrultması üçün komandaya uyğun şəraitin yaradıldığını da bildirib: “Əlimizdə olan bütün imkanlardan istifadə edirik ki, uzun fasilədən sonra komanda tam gücü ilə çempionata hazırlaşa bilsin. Bunun üçün də uyğun şərait lazımdı. Təlim-məşq toplanışı dövründə futbolçular qidalanma ilə təmin edilib, müəyyən tibbi qayğılarla əhatə olunub. Bildiyiniz kimi, məlum pandemiya ilə bağlı çempionatın startı gecikdi. Bununla belə, çox şükür ki, bu ayın ilk günlərindən məşqlərin başlamasına icazə verildi. “Kəpəz”in üzvləri sentyabrın əvvəlində lazımi tibbi prosedurlardan keçib məşqlərə çıxdılar. Qalırdı çempionatın startını gözləmək. Dəqiq tarix də artıq müəyyənləşib. Bu, hamı üçün sevindirici oldu”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR