Sizin reklam burada

“Daha bir qrup mərhələsi niyə də olmasın?”

Baxış Sayı:138


Gözəl “Qarabağ”ın toparlanacağına inanır
“Qarabağ”ın prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Başqan "Molde"yə məğlubiyyətdən və Avroliqadakı hədəflərdən danışıb.
- Görüş başlamamış uzun müddət bu "oyun" haqda söz-söhbətlər gündəmdə oldu. Bu hadisələr komandaya təsir etdimi?
- Matç ətrafında baş verən xoş olmayan hadisələrdən hər birimizin xəbəri var. Püşkatma nəticəsində qarşılaşma Bakıda keçirilməli olsa da, "masaətrafı oyunlar” səbəbindən heç də xoş olmayan psixoloji hava formalaşdı. Cənubi Kiprdə oynamağı UEFA tərəfindən məcburi seçim kimi qəbul etməli olduq. Norveç tərəfi Azərbaycana Avropa ölkəsi olmadığına görə gəlməkdən imtina etdi. Cənubi Kipr də Avropa Birliyinin üzvüdü. Əslində, biz “ev sahibi” olsaq da, formal olaraq Avropada səfər matçına çıxdıq. Bütün bu "oyunlara" baxmayaraq, komandam baş verən hadisələr zaman öz əsalətini, nəcibliyini qorudu.
- Meydanda olan 120 dəqiqəlik mübarizədən razı qaldız?
- Meydanda yaxşı tərəf biz idik. 120 dəqiqə ərzində futbolçularımız əzmkarlıqla mübarizə apardı. Oyunboyu rəqibi müdafiəyə çəkilməyə məcbur etdik. Qol vurmaq üçün 1-2 yarımçıq cəhdləri vardı, əvəzində bizim 5-6 real qol imkanımız oldu. Ucaboy müdafiəçilərdən ibarət "Molde" ancaq müdafiə olunurdu. Təbii ki, rəqib meydanın özünə aid hissəsindən çıxmırsa, dünyanın ən böyük klubları belə çətinlik çəkir. Ümumilikdə yaxşı oynadıq, həmin gün şans da bizim yanımızda deyildi.
- Qol epizodlarının boşa getməsi komandanın bəxtinin yanında olmaması idi?
- Əla imkanlarımız olsa da, bir qədər şansın da yardımıyla bu matçda qələbə qazana bilərdik. O epizodlardan biri qol olsaydı, indi başqa şeylərdən danışırdıq. Oyunun şərhçisinin də vurğuladığı kimi, o istidə mübarizə aparmaq heç də asan deyildi. Amma komandamız mübarizliyi ilə bu cəhətdən rəqibinə məğlub olmadı. "Qarabağ" Avropada tanınan, öz sözünü deyən komandadı. Nəzərə almaq lazımdı ki, qarşımızdakı Norveçin çempionu idi. Və bu ölkə Avropada heç də zəiflərdən sayılmır. "Qarabağ" rəqibinə qol imkanı vermədi. Hiss olunurdu ki, norveçlilərin tək hədəfləri oyunu mümkün qədər penaltilərə daşımaqdı.
- Şahruddin Məhəmmədəliyev qapıda penalti qaytarmaqla yanaşı, özü də qol vurdu. Onu oyunun qəhrəmanı saymaq olar?
- Hansısa futbolçumuzu xüsusi olaraq qabartmaq istəmirəm, amma həqiqətən də Şahruddinə günün adamı demək olar. Penalti qaytardı, özü də cəsarətlə 11 metrlik zərbəni dəqiq yerinə yetirdi. Qapıçımızın meydanda davranışı, özgüvəni, əzmkarlığı ən xoş sözlərə layiqdi. 5-ci penaltini vurmaq cəsarəti də nə qədər böyük xarakterinin olmasının göstəricisidi. Qapıçımızın meydanda hər uğurlu hərəkəti daha çox hörməti haqq etdirdi. Eyni zamanda digər futbolçularımızın da hər birinə mübarizəsinə görə ayrıca təşəkkür edirəm.
- Adətən, milliyə çox futbolçu verən klublar fasilədən sonra uyğunlaşma problemi yaşayır. Bu, qarşılaşmada hiss olundumu?
- Milli komandaya yetərincə çox futbolçu veririk. Həmin müddətdən sonra komandamızın yığışıb 120 dəqiqə mübarizə aparmasını alqışlamaq lazımdı. "Qarabağ"ın, Azərbaycanın adına yaraşan şəkildə mübarizə apardılar. Futbol belə bir şeydi, iki tərəfdən biri qalib olur. Hər nə qədər "masaarxası oyun"larla psixoloji gərginlik yaratmaq istəsələr də, matçda bizə qarşı üstünlük qura bilmədilər. Amma təəssüf ki, bir tərəf qazanmalı idi, bu da Norveç təmsilçisi oldu.
- Komandanın baş məşqçisi Qurban Qurbanovu bu psixoloji durumdan çıxaracağınıza inanırsızmı?
- Qurban müəllim artıq 12 ildi bu komandanın baş məşqçisidi. Qurban hoca “Qarabağ”ın bir parçasıdı, “Qarabağ” onunla davam edəcək. O, məşqçiliyi ilə yanaşı, əxlaqı və ədalətiylə hər zaman örnək olub. “Qarabağ”sız Qurban, Qurbansız “Qarabağ” olmaz. Qurban hoca əsl azərbaycanlı kimi “Qarabağ”a xidmət etmək örnəyidi. Onunla fəxr edirik. Baş məşqçimizə hər zaman inanır və arxasındayıq.
- Çempionlar Liqası macərası bitdi bə qarşıda Avropa Liqası matçı gözləyir. Komandadan nə gözləyirsiz?
- Artıq bu qarşılaşmanı unudub önümüzə baxmalıyıq. Bu həssas dönəmdə Azərbaycanın Qarabağ bölgəsini təmsil edən komanda onsuz da 30 ildi səfərdə oynamağa məcburdu, bu dəfə də isitisna olmadı. Mənim "Qarabağ"a olan inamım dəyişməyib, yenə də komandamın yanındayam, inanıram. Avropa Liqasında potensial rəqibimiz bəlli oldu. Hər ikisi yaxşı komandadı. Xüsusilə Polşa klubunu vurğulamaq lazımdı. Bu klublarla oynamaq elə də asan deyil. Amma biz "Qarabağ"a güvənirik.
- Ardıcıl 6 il qrupa düşən "Qarabağ" 7-ci dəfə bu uğuru təkrarlaya bilərmi?
- Mən bunu hər zaman demişəm. "Qarabağ"ın hədəfi təmsil etdiyi bölgəni, işğal olunmuş eyniadlı ərazini dünya miqyasında layiqincə təmsil etməkdi. Bu gün dünyanın 4 yanında "Qarabağ"ı tanıyırlar. Bu, komandanın davamlı, sabit uğurlarının nəticəsidi. Daha bir qrup mərhələsi niyə də olmasın? Hər nə qədər rəqibimiz çətin olsa da, "Qarabağ" meydana qələbə üçün çıxacaq. Əminik ki, "Qarabağ" əlindən gələnin ən yaxşısını edəcək. İnşallah, komandamız bu mərhələdən müvəffəqiyyətlə ayrılacaq

Oxşar xəbərlər
SON XƏBƏRLƏR