Sizin reklam burada

Debütantların duelində ispan sevindi

Baxış Sayı:151


11. Zirə - Sabah (Bakı) 0:2 (0:1)
1. Mateus Albino - 4,5
13. Şəhriyar Rəhimov - 4,0
12. Lazar Corceviç - 4,0
44. Dmitrios Çantakias - 4,0
2. Sərtan Taşkın - 4,5
4. Elvin Camalov (k) - 4,0
(14. Rəşad Eyubov, 70) - 4,0
7. Tural Bayramlı - 4,0
(8. İlkin Muradov, 57) - 4,0
11. Klesio Bauk - 4,5
21. Hacıağa Hacılı - 4,5
9. Davit Volkov – 5,0
91. Ruslan Qurbanov - 4,0
(17. Kayo Rangel, 62) - 4,0
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
5. Kərim Diniyev
3. Ali Sisey
20. Əli Şirinov
77. Cəlal Hüseynov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov

1. Saşa Stamenkoviç (k) - 5,5
17. Məhəmməd Mirzəbəyov - 5,0
5. Nikola Vuyadinoviç - 4,5
4. Bəhlul Mustafazadə - 4,5
2. Amin Seydiyev - 5,0
30. Mario Marina - 4,5
7. Coşqun Diniyev - 5,0
(29. Ceyhun Nuriyev, 78) - 4,5
10. Yevgeni Koçuk - 5,0
11. Ozan Can Kökcü - 4,5
(19. Təmkin Xəlilzadə, 64) - 4,5
90. Ramil Şeydayev - 4,5
(28. Kevin Kubemba, 87) - qiymətsiz
18. Xulio Sezar Rodriges - 6,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
98. Yusif İmanov
8. Elşən Abdullayev
15. Ruslan Abışov
13. Filip İvanoviç
23. Amadu Diallo
60. Abbas Ağazadə
77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Xulio Sezar Rodriges
Qollar: X.S.Rodriges, 51 (0:1, Y.Koçuk). K.Kubemba, 90+2 (0:2, X.S.Rodriges).
Vərəqələr: X.S.Rodriges, 22 (qeyri-idman hərəkəti). E.Camalov, 24 (qeyri-idman hərəkəti). M.Mirzəbəyov, 60 (qeyri-idman hərəkəti). K.Bauk, 85 (qeyri-idman hərəkəti). C.Nuriyev, 85 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 89 (qeyri-idman hərəkəti). İ.Muradov, 90+4 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Feyzulla Feyzullayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
20 sentyabr. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
Bu oyun bir neçə maraqlı məqamla diqqəti çəkirdi. Bunlardan ən önəmlisi komandaların debutant baş məşqçilərinin ilk dəfə üz-üzə gəlməsi idi. Digər vacib məqamlardan biri də Rəşad Sadıqovun “Zirə”nin baş məşqçisi qismində komandanı ilk dəfə doğma meydanda oyuna çıxarması idi.
Matça “Sabah” daha istəkli başladı. Masazır təmsilçisi topa nəzarət edərək rəqibin müdafiəsini yarmaq, qol vurmaq niyyətini ortaya qoydu. Rəşad Sadıqov isə fərqli oyun üslubuna arxalanmışdı. Gənc mütəxəssis sürətli cinah futbolçularının hesabına “Sabah”ın müdafiəsini yarmağa çalışırdı. Ötən tur qırmızı vərəqə səbəbindən meydanda olmayan Hacıağadan pleymeyker kimi yararlanan mütəxəssis Davitlə Ruslana mövqelərini tez-tez dəyişməyi tapşırmışdı. İlk hissədə oyun əsasən meydanın mərkəzində getdi. Komandaların 45 dəqiqə ərzində qapı istiqamətində cəmi 4 zərbə vurması da bunun əyani sübutu idi. Yadımızda qalan yeganə maraqlı epizod Coşqun Diniyevin uzaqdan zərbəsi oldu ki, onda da qapıçı inamlı oynadı.
İkinci hissə daha maraqlı keçdi. Hücumların kəsərini artıran “Sabah” duran topdan hesabı açdı. Rəhimovun Koçuka qarşı sərt oynamasından sonra İnqilab Məmmədov cərimə zərbəsi təyin etdi. İlk hissədə, demək olar ki, gözə dəyməyən moldovalı standart vəziyyətdən Xulio Sezar Rodrigesə ötürmə etdi. Sonuncu bir toxunuşla hesabı açdı. Hesabda geri düşən “qartallar” qol vurmaq üçün irəli atıldılar. Amma Rəşad Sadıqovun yetirmələri üç yüzfaizlik epizoddan yararlana bilmədilər. Stamenkoviçin möhtəşəm performansı qəsəbə təmsilçisinin ümidlərinin üstündən xətt çəkdi. Serbiyalının inamlı çıxışı komanda yoldaşlarının da əhvalını yüksəltdi. Bunun nəticəsidi ki, 2-ci uzatma dəqiqəsində Rodrigesdən ötürməni qəbul edən Kubemba matçda son nöqtəni qoydu.
Beləliklə, premyer-liqanın debütant məşqçilərinin duelində ispaniyalı mütəxəssis qalib gəldi. Visente Qomes taktiki planda Rəşad Sadıqovu üstələdi. Oyuna daha yaxşı müdaxilə edən “Sabah”ın çalışdırıcısı həm də komandanın gücünü artırırdı. Cinahlardakı passivliyi görən ispaniyalı Kökcü və Şeydayevi Təmkin Xəlilzadə və Kevin Kubemba ilə əvəzləyərək oyuna nəzarəti əlində saxlamağı bacardı. Ceyhun Nuriyevi də meydana buraxan ispaniyalı gənc yerli futbolçuya özünü göstərmək üçün şərait yaratdı. Yarımmüdafiəçi də bu işin öhdəsindən pis gəlmədi.
Rəşad Sadıqov isə əksinə, komandanın gücünə güc qatacaq dəyişikliklər edə bilmədi. Düzdü, Ağabalanın zədəsi gənc mütəxəssisin planlarını pozub. Amma bu matçda o, fərdi səhvlər edən futbolçuları meydandan çıxarmaqla heç nəyə nail ola bilmədi. Beləliklə, Sadıqov Qomesə taktiki cəhətdə uduzdu və bu da nəticədə əksini tapdı.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Oyunöncəsi son məşq zamanı “Zirə” iki hissəyə bölünmüşdü. Əsas heyətdə yer alan futbolçular qırmızı, ehtiyatdakılar isə göy rəngli məşq forması geymişdilər.
* Oyunu futbol ictimaiyyəti üçün məşhur hesab olunan bir sıra şəxslər izləyirdi. Millimizin baş məşqçisi Canni De Byazi, AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev, PFL prezidenti Ramin Musayev Zirəyə təşrif buyuranlar sıyahısında idi.
* De Byazi qeydlərini aparmaq üçün özü ilə hansısa vasitə gətirməmişdi. Bu səbəbdən də mütəxəssis jurnalistlərdən vərəq istədi. Daha sonra sol cinahda çıxış edən 2 futbolçunun adını və onlarla bağlı xüsusi qeydləri özü üçün götürdü.
* Oyun başlayandan 5 dəqiqə sonra Seydiyev Bauka qarşı kobudluq etdi. Amma sabiq komanda yoldaşları dərhal da qucaqlaşaraq görüşdülər.
* Rəşad Sadıqov meydanın kənarından hər şeyə nəzarət edirdi. Futbolçulara tapşırıqlarını verən gənc mütəxəssis baş hakim İnqilab Məmmədov və dördüncü hakim Nicat İsmayıllıya etiraz edirdi. Bəzi qərarlardan sonra referilərə atmacalar atırdı.
* Oyun zamanı top üç dəfə dezinfeksiya olundu ki, bu da premyer-liqanın 2020/21 mövsümünün Əsasnaməsinə edilmiş əlavənin tələblərinə uyğun idi.

Reaksiyalar
Visente Qomes: “Oyundan çox razı qaldım. Birinci hissədə qol fürsətləri oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam. Qələbə qazana bildik. İki fərli hissə izlədik. İlk yarıda yaxşı oynadıq, fasilədən sonra isə əziyyət çəkən tərəf biz idik. Daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik. Oyunçuların bir həftə ərzindəki hazırlığına baxaraq qərar verirəm. Təmkin Xəlilzadə niyə ehtiyatda qalmışdı? Ondan daha hazırlıqlı olanlar var idi. Mənim üçün ehtiyat oyunçular skamyasında oturanlar da önəmlidi".
Rəşad Sadıqov: "Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək. Futbol səhvlər oyunudu. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdı. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odu ki, düzgün nəticə çıxarmağa çalışaq. 100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik. Ağabala Ramazanov məşqlərə yeni başlayıb, qarşıdakı turda yox, ondan sonrakı turda hazır olacaq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR