Sizin reklam burada

“Sabah” zirvəyə qalxdı

Baxış Sayı:126


Çempionatda yeni standart: 8-dən artıq qol vurmaq olmaz!
Çempionatın startından bəri turlar sanki bir-biri ilə sözləşib. İndiyə qədər baş tutan 3 turun hər birindəki 4 oyunda qapılara eyni sayda – 8 top vurulub. Hər turda sanki mütləq bir heç-heçə qeydə alınmalıdı. Qonaqların qələbələri ilə yadda qalan turda mütləq hansısa oyunda meydan sahibləri qalib gəlməlidi. Ya da əksinə.
Hesabat turu indiyəqədərki həftəsonları arasında ən maraqlısı idi desək, yanılmarıq. Bunun üçün turnir cədvəlindəki yerdəyişmələrdən sonra hazırkı duruma baxmaq kifayət edir.
2-ci turdan sonra turnir cədvəlinin ilk “3-lüy”ündə “oturan” “Qarabağ”, “Zirə” və “Keşlə”dən heç biri əvvəlki mövqeyində deyil. Hətta adı çəkilənlərdən ilk ikisi ikinci “4-lük”də qərarlaşanlar arasındadı. Əvəzində yetərincə yaxşı heyətə malik “Sabah”, nəhayət, liderliyə yüksələ bildi. Amma “tələbələr” tək deyil. Avroliqada heç nə ilə yadda qalmayan “Sumqayıt” və “Neftçi” kimi şərikləri var. “Səbail”lə “Qəbələ” son iki pillədəki yerlərini “qorumaqla” yadda qaldılar.
Daha bir maraqlı məqam bombardirlər yarışında mübarizənin qızışmasıdı. 3-cü tura qədər Qurbani, Ələsgərov və Emreli hərəyə 2 top vurmuşdusa, artıq “Qarabağ”lı onlardan 1 top geri qalır. Əliylə Namiq komandalarının vurduğu 4 qoldan 3-nün müəllifi olmaqla vacib fiqur olduqlarını göstərməkdədilər.
Turun mərkəzi oyunu “Qarabağ” – “Neftçi” dueli sayılırdı ki, meydan sahiblərinin qələbəsi “bu il də çempion “Qarabağ” olacaq” fikrində olanların əlinə bayraq verəcəkdi. Ağdamlılar məğlub olmaqla liderliyi əldən verib, çempionatda intriqanın qızışmasına şərait yaratmış oldular. Yeri gəlmişkən, bu, Qurban Qurbanovla Füzuli Məmmədovun rəsmi matçlarda ilk qarşılaşması idi. Təcrübəsiz mütəxəssisin komandasının təcrübəli həmkarının kollektivini üstələməsi çempionata əlavə rəng qatılması anlamına gəlməlidi. Hə, “köhlən atlar”ın cari mövsümdə ilk dəfə qapısında top gördüyünü, “ağ-qaralar”ın isə ardıcıl 3-cü oyunda da top buraxdığını qeyd etmək yerinə düşər.
Yunis Hüseynovun “Keşlə”dəki işinə qiymət vermək üçün vaxt lazımdı. Lakin “Qarabağ”la qolsuz bərabərlikdən sonra adama elə gəlirdi ki, bakılılar qəbələlilərlə matçda fırtına qoparacaq, rəqib qapıçının gününü qara edəcək. Görünür, Hüseynovun futbolçuları motivasiya etmək üçün mətbuatdan gizli saxladığı sözlər ancaq “Qarabağ”la oyunlarda keçərlidi. Əks halda “Qəbələ”ni meydandan yox etməliydilər. “Qəbələ” demişkən, maliyyə sarıdan əziyyət çəkən bölgə təmsilçisi ev oyunlarında rəqiblərinə “asan yem” olmayacağı mesajını növbəti dəfə verdi. Açılış turunda “Zirə”dən xal almışdılar, bu dəfə “Keşlə”dən.
Görünən odu ki, yayda parça-parça olan və bunun nəticəsində Avroliqanı boşa verən “Sumqayıt” bu il də rəqiblərinə başağrı olacaq. Yeni futbolçular komandaya uyğunlaşdıqca “kimyaçılar”ın işi yağ kimi getməyə başlayır. Bir həftə əvvəl “Bakcell Arena”da “Neftçi”nin “nəfəsini kəsən” Ayxan Abbasovun yetirmələri bu dəfə “Səbail”in xala sevinməsinə imkan vermədilər. Halbuki komandalar arasında büdcə və səviyyə fərqi elə də çox deyil. Legionerlərlə təcrübəli yerlilərin vəhdətindən qurulmuş “Səbail”nin gününə yaxşı ağlamağı bacaran ana lazımdı. 3 oyunun hamısından məğlub ayrılan “dənizçilər” xala həsrət qalan yeganə komandadı.
“Zirə” – “Sabah” oyunu da maraqla gözlənilirdi. Əvvəla ona görə ki, hər iki komandanın baş məşqçisi yenidi. Birində Azərbaycanın üzdə olan futbol adamlarından biri Rəşad Sadıqov, digərində İspaniyanı layiqincə təmsil etməyə çalışan Visente Qomes. Oyundan başqa bu iki çalışdırıcının taktiki savaşını, eləcə də komandalarını matça necə hazırlaşdıqlarını görmək maraq doğururdu. Üstəlik, zirəlilər əvvəlki 2 oyunun heç birində uduzmamaqla özləri haqda xoş fikirlər formalaşdırmışdılar. Gərgin keçən qarşılaşmanın yekununda qonaqlar 3 xala sevinməklə həm ilk pilləyə yüksəldilər, həm də “Zirə”ni aşağı göndərdilər. Azərbaycan premyer-liqası
1-ci dövrə, 3-cü tur
19 sentyabr
Qəbələ – Keşlə 0:0
Sumqayıt – Səbail 2:1
20 sentyabr
Zirə - Sabah 0:2
Qarabağ – Neftçi 1:2
1. Sabah 3 2 0 1 5-2 6
2. Sumqayıt 3 2 0 1 4-2 6
3. Neftçi 3 2 0 1 4-4 6
4. Keşlə 3 1 2 0 1-0 5
5. Qarabağ 3 1 1 1 3-2 4
6. Zirə 3 1 1 1 3-4 4
7. Qəbələ 3 0 2 1 1-4 2
8. Səbail 3 0 0 3 3-6 0
Bombardirlər: Əli Qurbani (Sumqayıt), Namiq Ələsgərov (Neftçi) – 3. Mahir Emreli (Qarabağ) – 2.
Növbəti turun oyunları: 25 sentyabr – Sumqayıt – Qarabağ; 26 sentyabr - Səbail - Sabah, Keşlə - Zirə; 27 sentyabr - Neftçi – Qəbələ.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR