Sizin reklam burada

“Düşündüyünüz çox futbolçunu millidə bir daha görməyəcəksiz”

Baxış Sayı:134


De Byazi Monteneqroya qələbə üçün yollanacaq
Ölkəmizin futbol yığmasının baş məşqçisi Canni De Byazi “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni müəyyən ixtisarla təqdim edirik.
- Nikola Yurçeviçin istefasından sonra milli üçün namizədlər açıqlananda ən real namizəd kimi Canni De Byazi göstərilirdi. Sizcə, bunun səbəbi nə idi? Albaniya millisindəki uğurunuzu əsas səbəb kimi göstərmək olar?
- Başqalarının necə düşündüyünü bilmərəm. Lakin kim məni dəstəkləyibsə, deməli, yaxşı zövqü olub. Onlara təşəkkür edirəm.
- Qısamüddətli hazırlıqdan sonra Lüksemburqla evdə ilk oyuna çıxdız və komanda zəif çıxışla meydandan məğlub ayrıldı. Həmin qarşılaşmanı necə şərh edərdiz?
- Lüksemburq kiçik ölkə olsa da, FİFA reytinqində Azərbaycanı üstələyir. 6 ildi birlikdə çıxış edən komandaya sahibdirlər. Monteneqroya qarşı matçda da yaxşı oyun göstərdilər. Əvvəlcədən demişdim ki, qrupda ən çətin rəqiblərimizdən biri Lüksemburqdu. Təəssüf ki, vaxtımız çox az idi. Ən nikbin insan deyə bilməzdi ki, bu qədər qısa vaxtda daha yaxşı oyun göstərərik. Matçda da 10 nəfərlə qaldıq və 11 futbolçu axıra kimi çıxış etsəydi, başqa nəticə də ola bilərdi. 10 nəfərlə qalanda belə qol vurduq. Lakin hazırda mövsümün əvvəlidi, fiziki durum yerində deyil.
- Üstündən 3 gün keçmişdi ki, Kipr üzərində yaxşı oyunla qələbə qazandız. Qısa müddətdə nə dəyişdi?
- Öncə onu deyim ki, meydanda 2 fərqli futbolçu var idi və fərqli taktika ilə başladıq. Yavaş-yavaş bir-birimizi daha yaxşı tanımağa başladıq. Zaman keçdikcə hər şey daha yaxşı olacaq.
- Matçın ən çox müzakirə olunan futbolçusu Rəhim Sadıxov idi. Onu qarşılaşmanın qəhrəmanı adlandırmaq olar?
- Fikrimcə, tək o yox, bütün futbolçular qəhrəman idi. Biz həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Matçın ilk hissəsində xüsusilə epizodlar yaratdıq. Lakin ikinci yarıda yenə fiziki yorğunluq özünü göstərdi. Bu da normaldı. Fiziki zəiflik olanda dəqiqlik də aşağı olur, epizodlar da az olur. Çempionat matçları artdıqca bu problemlərin də aradan qalxacağını düşünürəm.
- İlk heyəti necə seçdiz? Çempionatın ilk turuna baxaraq, yoxsa millinin əvvəlki heyətlərindən?
- Azərbaycanda artıq futbolçuların qohumlarını da tanıyıram. Yığmanın son illərdə keçirdiyi matçların hamısını izləmişəm. Bütün oyunçulara bələdəm, sadəcə, onların xarakterinin necə olduğunu bilmirəm. Çünki videoda fiziki və texniki keyfiyyətləri görürsən, amma xarakteri müəyyənləşdirmək olmur. Kimin nə qədər istəkli olduğunu bilmirəm. Qalib gəlmək istəyi olanlara üstünlük verməyə çalışıram.
- Bakıya ilk dəfə nə vaxt gəlmisiz?
- Bakını çox yaxşı tanıyırdım. 5-6 il öncə paytaxta gəlmişdim. Albaniya yığmasında işləyərkən “Qarabağ”da çıxış etmiş Admir Teli və Ansi Aqolli ilə danışmaq üçün Azərbaycana gəlmişdim. Aqollini yaxşı tanıyırdım və komandama müdafiəçi lazım idi. Dediyim kimi mən futbolçuların təkcə meydandakı oyununa yox, xarakterinə də bələd olmalıyam, beynində nələr düşündüyünü bilməliyəm. Həmin vaxt Bakı məni çox təəccübləndirmişdi. Adətən, harasa gedəndə internetdə o yerlər haqda məlumat toplayıram. Bakıya gələndə isə baxmamışdım. Gəlib gördüm ki, “Flame Towers” və başqa gözəl yerlər var. İçərişəhəri çox bəyəndim, əla yerdi. 6 ildən sonra görəndə yenə təəccübləndim. Bakı getdikcə dəyişir və yeni hava limanından bunu hiss elədim.
- Azərbaycan yığmasına təyin olunanda demişdiz ki, İtaliyada da təkliflərim var idi. Böyük futbol ölkəsini qoyub niyə məhz uğurun çətin olacağı bir millini seçdiz?
- Mən sonuncu dəfə İtaliyada 2010-cu ildə “Udineze”də çalışmışam. Hazırda “Qarabağ”da oynayan Xayme Romero də həmin vaxt mənim komandamda idi və cəmi 20 yaşı var idi. Ondan sonra özümə söz verdim ki, bir də İtaliyada çalışmayacam. Çünki məşqçi işi üçün qiymət çox azdı orada. İşləyirsən, amma qiymət qoyulmur. Özümü sınamaq üçün Albaniyaya getdim. Xahiş elədim ki, mən sıfırdan komanda yaradım. Federasiya mənə hər cür dəstək oldu və kiçik də olsa, uğur qazandıq.
- Albaniya ilə Azərbaycanı müqayisə etsək, fərqli şeylər görəcəyik. Sizin uğur qazandığınız Albaniya yığmasının futbolçuları Avropanın müxtəlif çempionatlarında oynayırdı. Amma burada vəziyyət elə deyil.
- Öncə bizə vaxt lazımdı. Gənc futbolçuların mentallığı ilə işləmək lazımdı. Amma infrastruktura baxsaq, Albaniyadan çox öndəyik. Orda son illərdə stadionlar tikilib, o da Fransada qazandığımız uğura görə idi. Uğur üçün bizə zaman lazımdı. 2012-ci ildən 2014-cü ilə qədər seçmə mərhələlərdə 4-cü yeri tuturduq. Lakin Albaniya Futbol Federasiyasının prezidenti mənə vaxt verdi və bəhrəsini gördük.
- Azərbaycan çempionatı Avropanın ən zəif liqalarından biridi. Sizə kənardan necə görünürdü?
- Texniki olaraq pis deyil. Albaniya ilə müqayisədə yaxşıdı. Birinci “Qəbələ” – “Sabah” matçını izlədim və yaxşı təsir oyatdı. Mənim üçün əsas məsələ intensivlik və fiziki hazırlıqdı. Kiprdə 60 dəqiqə futbol oynadıq. Bu da fizikanın üst səviyyədə olmaması ilə bağlıdı. Çoxlu hücumlarımız olmalıdı, müdafiədə oturmamalıyıq.
- Klubların baş məşqçiləri ilə görüşlər gözlənilirmi?
- Onların məşqlərinə gedəndə danışırıq. Qurban Qurbanovla “Qarabağ”ın məşqində görüşdük, salamlaşdıq. Qurbanovla danışmışam. “Sabah”ın çalışdırıcısı Viktor Qomeslə də söhbət etdik. Onunla söhbətləşmək asan idi, çünki ispan dilində danışdıq. Onları çox narahat etmirəm, amma daim əlaqədə olacağıq.
- Foqts millidə çalışarkən ölkəmizdə yaşamırdı, Prosineçki isə ailəsi ilə burda qalırdı. Siz necə edəcəksiz?
- Ailəmi bura gətirməyəcəm. Qızım həkimdi və İtaliyada çalışır. Onun 28 yaşı var və Padova xəstəxanasında çalışır. Həyat yoldaşım da onunla qalacaq. Bir-birimizi görmək üçün bəzən onlar bura gələcək, bəzən mən gedib-qayıdacam.
- Monteneqro üzərində qələbə mümkündü?
- Əlbəttə, səfərə qələbə üçün yollanacağıq. Mən Albaniyada olanda həmkarlarınız Portuqaliya ilə matçdan öncə deyirdilər ki, səfərdə 1 xal sizi qane edəcək? Onlara dedim ki, qələbə qazana biləcəyim, 3 xal qazanmaq şansım olduğu halda, niyə 1 xalla barışım? Getdik və Portuqaliyanı 1:0 udduq. Qarşımızda sədd olmamamalıdı. Hamımız məqsədimizə çatmaq üçün inanmalıyıq, əmin olmalıyıq. Bizi udsalar, əl çalacağıq, amma meydanda mübarizə aparmalıyıq.
- Dmitri Nazarov, Əmir Ağayev, Eddi İsrafilov kimi oyunçular yığmaya dəvət alsa da, gəlmədi.
- Düşündüyünüz çox futbolçunu millidə bir daha görməyəcəksiz.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR