Sizin reklam burada

Arif Əsədov “Neftçi”nin oyununu bəyənib

Baxış Sayı:139

Arif Əsədov “Neftçi”nin oyununu bəyənib

“Qarabağ” fürsətləri sağa-sola xərclədi və rəqibdə özünəinam yarandı”
Bu həftə Çempionlar Liqasında 3-cü, Avropa Liqasında isə 2-ci təsnifat mərhələsinin oyunları keçirildi. Təəsüf ki, təmsilçilərimizdən heç biri qalib gəlmədi. “Qarabağ” “Molde”yə penalti seriyasında məğlub oldu. “Neftçi” isə “Qalatasaray”la Bakı Olimpiya Stadionunda keçirilən görüşdən məyus ayrıldı. Beləliklə, “Qarabağ” Çempionlar Liqasında, “Neftçi” Avropa Liqasında çıxışını başa vurdu. Bakılılardan fərqli “Qarabağ”ın avrokubok mübarizəsi başa çatmayıb. Qurban Qurbanovun komandası Avropa Liqasında yoluna davam edəcək.
“Qarabağ” və “Neftçi”nin məğlubiyyətinin səbəbləri barədə müxtəlif fikirlər səsləndirilir. Xüsusilə də ağdamlıların rəqibindən üstün oyun göstərdiyi qarşılaşmadan məyus ayrılması daha çox müzakirələrə səbəb oldu. Bəs klublarımızın uğursuzluğunun səbəbi nədi? Yığmanın məşqçisi Arif Əsədovu dinləyək: “Neftçi”də məsələ aydın idi, rəqib “Qalatasaray” oldu. Oyunun favoriti də “Qalatasaray” görünürdü. Əsas o idi ki, “Neftçi” istəkli, çəkinmədən oyununu göstərsin və rəqibə taktiki baxımdan uduzmasın. Düşünürəm ki, komanda bu vəzifənin öhdəsindən gəldi. İlk dəqiqələrdə futbolçuların həyəcanı hiss olunurdu, amma dəqiqələr keçdikcə oyunu bərabərləşdirdilər. Hətta ilk hissənin sonlarına yaxın “Neftçi”nin üstünlüyü də vardı. Komanda qol da vurdu, amma təəssüf ki, qısa müddətdə qapısında qol gördü. Ümumilikdə “Neftçi” normal oynadı və qarşılaşmada bir komandanın dominantlığı görünmürdü. “Qalatasaray” müəyyən nüanslarda üstün idi, amma “Neftçi” layiqli mübarizə göstərdi.
“Qarabağ”a gəlincə, təbii ki, biz qələbə gözləyirdik. İlk dəqiqələrdən də rəqibdən bir baş üstün olduğu görünürdü. Rəqib oyununu daha çox əks-hücumlarda qururdu ki, “Qarabağ”a qol vursun. Komandamız əlinə düşən imkanlardan istifadə etsəydi, hesab fərqli olardı. Sadəcə, fürsətləri sağa-sola xərclədilər və rəqibdə özünəinam yarandı. Hətta əlavə dəqiqələrdə rəqib “Qarabağ”dan daha üstün oynadı. Penalti seriyasına gəlincə, bu, artıq “lotereya”dı. Kimin güclü, kimin zəif olduğu yox, psixoloji amil əsas rol oynayırdı ki, bu baxımdan rəqib üstün oldu. Əlbəttə, istərdik ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazansın. Amma hələ də təmsilçimizin Avropa Liqasının qrupuna düşmək şansı var. “Qarabağ” əvvəllər də bir neçə dəfə belə halla üzləşib və sonda istəyinə çatıb. Biz də ümid edirik ki, “Qarabağ” Avropa Liqasının qrupuna vəsiqə qazanacaq”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR