Sizin reklam burada

Fuad Musayev Azər Bağırovu “qaralayıbmış”

Baxış Sayı:180


“Qəhrəman Əliyev əsəbləşərək bütün komandanı cəzalandırdı”
İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil. Məşqçilər, hakimlər, klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk yazılan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikamızın növbəti qonağı PRO kateqoriyalı məşqçi, bir çox klublarda çalışan, sonuncu dəfə “Qəbələ”nin məşqçilər korpusunda yer alan Azər Bağırovdu.
Palazın altında itən futbolçu
1998/99 mövsümü idi. Həmin vaxt “Xəzər Universiteti”nin şərəfini qoruyurdum. Komandanın heyətində yer alanların əksəriyyəti də adını çəkdiyim təhsil ocağınında təhsil alırdı. Bir gün dərsdən çıxıb uşaqlarla birgə metroya tərəf gedirdik. Hamının da ağzı qızışıb söhbətə. Kimi futboldan danışır, kimi dünən başına gələn hadisədən. Bizimlə eyni komandada Tural Hüseynov adlı futbolçu da oynayırdı. Həm də tələbə yoldaşımız idi. Metroya çatarkən gördük ki, Tural aramızda yoxdu. Ora Tural, bura Tural, gördüm deyən yoxdu. Açığı, bir qədər həyəcanlandıq. Cəmi 5 dəqiqə əvvəl Tural bizimlə birgə idi, söhbət edir, başqalarının dediklərinə qulaq asırdı. Birdən onun zəif səsini eşitdik. Yenə ora-bura boylanıb onu axtarırıq. Uşaqlardan biri qayıtdı ki, deyəsən, Hüseynov palazın altında qalıb. Əvvəl inanmadıq, ancaq səs gələn tərəfə qayıdanda gördük ki doğrudan da Tural yekə palazın altında qalıb. Sən demə, arxada gəldiyi vaxt 5-ci mərtəbədən asılan yekə palaz onun üzərinə düşüb və Tural da zərbənin ağırlığından yerə yıxılaraq palazın altında qalıb. Və qışqıraraq ona kömək etməyimizi istəyirdi. Necə gülürüksə, Turala kömək etmək yaddan çıxıb. Yazıq yerə sərili, üstündə də palaz qışqıra-qışqıra bizdən kömək umur. Bir neçə dəqiqədən sonra Hüseynovu palazın əsarətindən qurtardıq.
“Böyükağa müəllimi yada salıb əsəbimizdən özümüzə yer tapa bilmədik”
Yenə “Xəzər Universiteti”ndə oynadığım dönəm idi. Rəşad Abdullayevlə çox yaxın idik. Məşqdə, məşqdən kənarda daim bir yerdəydik. Bir sözlə, bütün gün bir yerdəydik. Rəşadla mənim dostluğum Böyükağa Ağayevin xoşuna gəlmirdi. O hər dəfə bizi görəndə deyirdi ki, “insan kimi sizə nifrət edirəm, əlacım olsa, hər ikinizi burdan çoxdan qovaram. Təəssüf ki, futbolçu kimi komandaya çox lazımsız”. Baş məşqçinin bizdən necə zəhləsi gedirdisə, hətta komanda qatarla səfərə yollananda Rəşadla mənim biletimi ayrı vaqona alırdı. Bir dəfə yenə Tovuzdan qayıdırıq. Baş məşqçinin istəyi ilə bizə başqa vaqonda 4 nəfərlik kupedə yer alınıb. Oyundan çıxmışıq, ayaqüstə zorla dayanırıq. O qədər yorulmuşuq ki, ayaqüstə yatırıq. Kupeyə girəndə gördük bizimlə bir yerdə gənc ailə gedir, yanlarında da körpə uşaq. Uşaq yolboyu o qədər ağladı ki, səhərə kimi gözümüzü yuma bilmədik. Həmin gecə Bakıya çatana qədər Böyükağa müəllimi yada salıb, əsəbimizdən özümüzə yer tapa bilmədik.
“Olar futbolu sabah oynayım?”
“Neftçi”nin U-19 komandasını çalışdırdığım vaxt idi. Yaxın dostlardan biri tanıdığı futbolçunu sınamağı təklif etdi. 3-4 gün həmin uşağa komanda ilə birgə məşq etməyə şans yaratdıq. Bu müddətdə gördük ki, onun bizə köməyi dəyməyəcək. Ümumiyyətlə, futbolda perspektivi yox idi. Döyüşkən idi, meydanda başqalarının ayaq qoyduğu yerə başını qoyurdu. Ancaq futbol onluq deyildi. Növbəti məşqdən sonra inciməsin deyə, ona üstüörtülü başa saldıq ki, sabahdan məşqə gəlməsin. Ertəsi gördüm həmin yeniyetmə yenə komanda ilə birgə meydana çıxıb. Yenə məşqdən sonra ona bu dəfə hamının başa düşəcəyi formada sabahdan məşqə gəlməməyi tapşırdım. Düşündük ki, hər şeyi anladı və nə demək istədiyimiz başa düşdü. Ertəsi məşqə gələndə gördüm bu növcavan yenə hamıdan öncə gəlib paltarını dəyişərək komanda üzvlərini gözləyir. Daha buna nə deyəcəyimi bilmirəm. Köməkçimi yanıma çağırıb, həmin yeniyetməni maksimum dərəcədə fiziki cəhətdən “yükləməyi” tapşırdım. O da gözünə döndüyüm təxminən bir saat bunu meydanda qaçırdı, ardınca tək və cüt ayaqla tullanma hərəkətləri verdi, “çelnok” elətdirdi, meydanboyu qaz yerişi oldu, qısa və uzun məsafələrə sürətlə qaçırtdı. Uzun sözün qısası, heç bir futbolçunun xoşlamadığı fiziki təmrinlər. Gəlib yanımda oturan kimi “hazırlaş, indi meydana çıxırsan, 1 saat da komandanın ikitərəfli oyununda iştirak edəcəksən” söylədim. Yeniyetmənin gözləri kəlləsinə çıxdı, özünü saxlaya bilməyib “müəllim, bu gün ayaqüstə durmağa halım yoxdu. Olar futbolu sabah oynayım” dedi. Mənə də elə bu lazım idi, planım həyata keçmişdi. Qayıtdım ki, “bala, futbol belə olur. Sən ki bu “yükləməyə” dözmürsən, daha sabahdan məşqə gəlmə. Özün də gördün ki, futbol sənlik deyil”. Başını aşağı salıb paltardəyişmə otağına yollandı. Ertəsi məşqə gələndə istər-istəməz gözüm onu gəzirdi ki, birdən yenə burda olar. Ancaq bir gün əvvəlki “yükləmə” sözünü demişdi.
“Bizim qoçaqlar baxışa gələn legioneri təxminən 1 saat ora-bura...”
“Masallı”nın şərəfini qoruyurdum. Baş məşqçimiz də Qəhrəman Əliyev idi. Deməli, Qubada təlim-məşq toplanışdayıq. Namiq Həsənovla Fuad Əliyev də komandadadı. Bir gün baxışa braziliyalı legioner gəldi. Otelə axşam saatlarında çatdığından Qəhrəman müəllim ona istirahət etməyi tapşırdı və bildirdi ki, ertəsi ikitərəfli matçda futbolçuya baxacaq. Namiqlə Fuad da eləmə tənbəllik, gecə saat 3-də gedib bu braziliyalını yuxudan oyadırlar ki, baş məşqçinin tapşırığıdı, aşağı düşüb məşq etməlisən. Namiq də bir az yaşlı göründüyündən yazıq braziliyalı elə başa düşüb ki, köməkçi məşqçilərdən biridi. Onun sözünü yerə salmayıb, paltarını geyərək otelin həyətinə düşüb. Bizim qoçaqlar baxışa gələn legioneri təxminən 1 saat ora-bura qaçırıblar, müxtəlif tapşırıqlar verməklə bunu əməlli-başlı yorublar. Ertəsi ikitərəfli oyunda baş məşqçi baxır ki, braziliyalı meydanda ayağını sürüyür, yatır. Legioner də görür, gecə onu ora-bura qaçıran, müxtəlif tapşırıqlar verən həmin iki nəfər onunla birgə meydandadılar. Başa düşüb ki, bu ona tikilən “torbadı” və əslində onu gecə yuxudan oyadıb məşq etdirməyin arxasında başqa səbəb durur. Qəhrəman müəllim legioneri yanına çağırıb vəziyyəti ilə maraqlananda o hər şeyi olduğu kimi danışdı. Əliyev əsəbləşərək bütün komandanı cəzalandırdı. Toplanış vaxtı bu olaya kimi iki məşqə çıxırdıqsa, artıq bu say üç oldu. Namiqlə Fuada görə hamımız səhər, günorta və axşam yeməyindən öncə məşqə çıxır, onların zibilinə düşüb əziyyət çəkirdik. Qəhrəman müəllimin də məşqlərinin necə ağır olduğunu rəhbərliyi altında top qovanların hamısı yaxşı bilir.
“Zamenyay Azera” deyib otağı tərk etdi
Bəlkə də Azərbaycanda yeganə futbolçuyam ki, mənə görə yığmaya texniki məğlubiyyət verilib. İlini dəqiq xatırlamıram, ancaq onu deyə bilərəm ki, U-21-in şərəfini qoruyurdum. Deməli, mən və bəzi futbolçular o vaxt “Şəfa”dan gələn təklifi qəbul etməyərək “Xəzər Universiteti”ndə qalmışdıq. Bu da Fuad Musayevin xoşuna gəlmirdi. Rəqibin adı yadımdan çıxıb, ancaq mən əsas heyətdə yer almışdım. Oyunöncəsi isinmə hərəkətlərini başa vurub paltardəyişmə otağına qayıtmışdıq. Matçın başlamasına da təxminən 20 dəqiqə qalıb. Birdən Fuad müəllim paltardəyişmə otağına girib komandanın durumu və heyət ilə maraqlandı. Valeri Hacıyev də “hər şey yaxşıdı, əsas heyətdə də bu uşaqlar olacaq” deyib, heyət yazılan kağızı Musayevə ötürdü. AFFA prezidenti siyahıya baxınca, “zamenyay Azera” deyib, otağı tərk etdi. Yazıq Hacıyev nə etsin, Fuadın sözünü geri çevirə bilmədi və mənim əvəzimə meydana başqa futbolçunu buraxdı. Həmin qarşılaşmanın son 15 dəqiqəsində meydana çıxdım və fərqlənmək imkanım da oldu. Ancaq əsas heyətdən kənarlaşdırılmağım mənə pis təsir etdiyindən oyunum alınmadı. Və matçı 0:1 hesabıyla uduzduq. Sonradan məlum oldu ki udsaydıq belə, U-21-ə texniki məğlubiyyət veriləcəkdi. Çünki heyətdən kənarlaşdırılsam da, protokoldan adımı silmək yaddan çıxıb. Bu isə birbaşa məşqçilər korpusunun və inzibati heyətin günahı olub.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR