Sizin reklam burada

Kimdi günahkar?

Baxış Sayı:156

Etiraf edim ki, bu mövzuda yazmaq mənə çox çətindi. Axı söhbət son altı ildə müntəzəm avrokubokların qrupuna düşən, özünün və Azərbaycanın futbolu adına brendləşən klubdan – “Qarabağ”dan gedir. Son günlər sosial şəbəkələrdə gedən müzakirərlərdən, Mahir Emreli ilə Abdulla Zubirin ciddi qınağa məruz qalmasından, bütün müzakirələrin yekunu kimi Qurban Qurbanovun tükənmiş məşqçi adlandırılmasından da xəbərdaram.
Heç şübhəsiz, tarixdə qalan nəticədi. Yəni “Qarabağ” 120 dəqiqəlik oyunun ən azı 100 dəqiqəsində üstün təsir bağışlasa da, rəqib qapısı önündə 4-5 təhlükəli vəziyyət yaratsa da, növbəti mərhələyə - Çempionlar Liqasının pley-offuna ağdamlılardan dəhşətli dərəcədə qorxan, üyüdən, maksimumu elə bu olan “Molde” adladı. Nə qədər saç-baş yolsaq da, qaçırılan imkanlara görə göz yaşı axıtsaq da, reallıq məhz belədi və çox acıdı. Rəhmətlik Lobanovski deyirdi ki, dirəkdən və tirdən dönən toplar da qeyri-dəqiq zərbələrin bir növüdü. Cərimə meydançasında topu ələ keçirən Zubir bir qədər irəliləyib daha dəqiq zərbə endirmək əvəzinə, sadəcə, ayağının gücünü yoxlayırsa, Mahir üç qol vəziyyətinin heç birində düzgün qərar vermirsə, bütün bunlar yalnız reportyorumuzun yazdıqlarına dramatiklik qazandırmağa yarayır. Biz isə ÇL-dən kənardayıq və dünənki püşkatmanın hökmü ilə hətta Avroliqanın da qrupuna həsrətlə baxa bilərik.
Penaltini hər kəs lotereya adlandırır və nə qədər razı olmasam da, belə hesab edək ki, deyilənlər doğrudu. Guya penalti seriyasında futbolçuların və qapıçının ustalığı ön plana çıxmır, hər şey bəxt sayəsində müəyyənləşir. Mən bu hökm, dəlil, ehkam ilə ən azı ona görə razılaşmıram ki, müstəqillik dönəmində avrokuboklarda 7-ci dəfə penalti seriyasında rəqibdən gücsüz oluruqsa, deməli, hazırlıq dönəmində nələrisə nəzərə almırıq, rəqibin penalti vuran oyunçularının və qapıçısının özəlliklərini yetərincə öyrənmirik. Sadə bir qənaət var: 7 halın hər birində uduzmuşuqsa, onda bəxt bizi yaddan çıxarıb? Bəxt yaddan çıxarmışdısa, builki bütün püşklərin xoş hökmü, oyunları evdə keçirməyimiz nə idi? Deməyim odu ki, usta komandalar və futbolçular penaltilər üzərində ayrıca çalışırlar, bu elementə də qol hesabını artırmaq, növbəti mərhələyə adlamaq baxımından həssas yanaşırlar.
Budəfəki müzakirələrin həssas məqamlarından biri də Qurban Qurbanovun tükənib-tükənmədiyi haqda söhbətlərdi. Belə söhbətlərdə həqiqətə varmaq üçün gəlin əvvəlcə dartışılası prinsipial məqamları müəyyənləşdirək. “Qarabağ” özündən dəfələrlə zəif “Molde” ilə dueldə mübarizəni dayandırıbsa, təbii ki, ya oyuna hazırlıqda, ya da oyun üçün taktika və heyət seçimində, komandanın psixoloji balansında, oyunun axarına müdaxilədə, penalti vuranların siyahısının müəyyənləşməsində, kəsəsi, hansısa nöqtədə səhvə yol verilib. Bu artıq aksiomdu, heç kim mübahisəyə girişə bilməz. Amma məsələnin başqa tərəfi var. Ardıcıl 7 il komandasını çempionluğa daşıyan çalışdırıcıya bir oyunun nəticəsinə görə “tükənmiş” damğası vururuqsa, onun çempionluq uğrunda mübarizədə məğlub etdiyi həmkarlarına hansı epiteti yapışdıraq? Tükənmişin tükənmişi, yoxsa nə?
Şəxsən mən Qurban bəyin tükəndiyini düşünmürəm. Əlbəttə, onun oyuna hazırlıq baxımından hansısa məqamları nəzərə almaması və ya həmin məqamlara səthi yanaşması, riskdən və avantüradan birmənalı şəkildə qaçması, özünün və seleksiyaçılarının heyət seçimində səhvə yol verməsi, gələnlərin gedənlərin yerini doldurmaması acı reallıqlardı. Bəs bütün bunlar Qurbanovun, yoxsa ölkə futbolunun tükənməsindən xəbər verir? Bəs 5 aylıq fasilənin istənilən halda klublarımızın rəqabətədavamlılıq əmsalına təsir göstərəcəyini demirdikmi, bar-bar bağırmırdıqmı? Təbii, ortada uzunmüddətli fasilədən sonra parlaq təsir bağışlayan, ÇL-də fırtına kimi əsən PSJ nümunəsi də var. Amma siz mənə hansısa azərbaycanlı futbolçunun işinə, peşəsinə Neymar, Di Mariya, Mbappe səviyyəsində tələbkar yanaşdığına dair bircə nümunə göstərə bilərsizmi?
Bilməzsiz və beləsini tapmaq, yumşaq desəm, çətindi. Yekun qənaətim odu ki, “Qarabağ”ın ilbəil Avroliqanın qrupu ilə kifayətlənməsinin, ÇL-ə düşüb milyonlar qazana bilməməsinin köklərinin istisnasız bu komandanın oyun-məşq sxemlərində, skaut-seleksiya sistemində, baş məşqçinin seçimlərində axtarmamalıyıq. Bu ölkənin futbolunin reallıqları var. Kimsə Qurban bəyin, hansısa komanda “Qarabağ”ın canına qorxu salmayacaqsa, nə tərəqqi və irəliləyiş olacaq, nə də ÇL-in qrupunu görəcəyik. Uzaqbaşı Mahirin və Zubirin zərbə anındakı səhv qərarından yana-yana danışacaq, sonra da sakitləşəcəyik...

Oxşar xəbərlər
SON XƏBƏRLƏR