Sizin reklam burada

“Bir azərbaycanlı mütəxəssisin xaricdə çalışması üçün ordakı məşqçilərin hamısı ölməlidi”

Baxış Sayı:284


Samir Abasovun fikrincə, “day-daysız” işləmək qeyri-mümkündü
Ötən ilin noyabrından işsiz qalan Samir Abasovdan xeyli vaxtdı səs-soraq yoxdu. PRO kateqoriyalı 42 yaşlı mütəxəssis kölgəyə çəklib. Neçə vaxtdı onunla danışmaq istəsək də, zənglərimizə cavab vermirdi. Nəhayət, dünən əlaqə saxlaya bildik.
- Xeyli vaxtdı kölgəyə çəkilmisiz. Nə mətbuatda görünürsüz, nə də efirdə. Hardasız, nə işlə məşğulsuz?
- Nə danışım, efirə, mətbuata çıxıb nə deyim?
- Bu arada yeni mövsüm start götürüb, klublarımız avrokuboklarda iştirak ediblər, yığma artıq yeni baş məşqçinin rəhbərliyi altında Millətlər Liqasında iki oyun keçirib. Bu haqda sizinlə danışmaq istəyirik.
- Futbola baxmıram. Nə klublarımızın avrokuboklarda oyunlarını izləmişəm, nə də çempionata baxıram. Heç yığmanın Millətlər Liqasında keçiridiyi iki oyunu da izləməmişəm.
- Nəticələri də bilmirsiz?
- Arada imkan düşəndə Mübariz Orucovla telefonla danışıram. Söhbət əsnasında bəzən “filan oyun da belə hesabla qutardı” deyəndə xəbərdar oluram.
- Fuitboldan niyə küsmüsüz?
- Futbol nədi ki, ondan küsüm? Sadəcə, vaxt yoxdu. Başım başqa işlərə qarışıb. Konkret səhər evdən çıxıram, bir də gecəyarısı qayıdıram.
- Sirr deyilsə, başınız hansı işlərə qarışıb?
- Bəribaşdan deyim ki, futbola heç bir aidiyyatı yoxdu.
- PRO kateqoriyalı məşqçisiz. Tutaq ki, sabah hansısa klub sizi baş məşqçi postunda görmək istədi. Ölkə futbolunu izləmədən, həmin komanda haqda minimum informasiyaya malik olmadan siz o təklifi necə qəbul edəcəksiz?
- İş təklifi almaq üçün ən azı kiminsə dostu, qohumu, yaxını olmalısan. Reallığı qəbul etmək lazımdı. İş olar, işləyərik, olmasa da bunu özümə dərd etməyəcəm.
- Sizcə, Azərbaycan futbolunda çalışmaq üçün “kiminsə qohumu, dostu olmaq” məsələsi nə vaxta kimi davam edəcək?
- Heyf, mətbuatda söyüşlə danışmaq mümkün deyil. Olsaydı, yaxşı söz deyərdim. Nə vaxta kimi davam edər-edər. Mən bunun dərdini çəkmirəm. İndi başqa işlərim var. Başqa iş deyəndə ki, elə xüsusi nəsə etmirəm. Rayondayam, müəyyən işlərdə valideynlərimə kömək edirəm. Yaşlaşıblar, imkan daxilində onlara yardım etməliyəm ki, üzü qışa gedir. Şəhərdə boş-boşuna oturmaqdansa, kənddə onların yanında olmaq daha yaxşıdı. Əlimdən gələn işlərdə onlara kömək edirəm.
- Sözlərinizdən belə çıxır ki, baş məşqçi kimi çalışmaq üçün mütləq güclü “dayın” olmalıdı, kimlərsə sizi lazımi adamlara tapşırmalıdı.
- Mən nə deyim? Bu gün siz jurnalistlər Azərbaycan futbolunda yaşananları hamıdan yaxşı bilirsiz.
- Vəziyyət siz deyən kimidisə, bəs nəyə görə PRO kateqoriyası almaq üçün vaxt və pul sərf etmisiz?
- Qardaş, PRO kateqoriyası kimə lazımdı? Hamısı boş şeydi, apar tulla. Almışıq ki, birdən sabah çaşıb kimsə səni çağırsa, deyə biləsən ki, mənim də PRO kateqoriya varımdı. Formallıq xatirinə alınmış bir sənəddi. Sənədin müddəti başa çatanda yenə gedib 3-5 gün oturub danışanı dinləyib, vaxtını uzadacağıq.
- Azərbaycanda xahiş və tapşırıq olmadan baş məşqçi kimi çalışmağın mümkün olmadığını bildirdiz. Bəs ölkə xarici ilə bağlı variant? Niyə sizi kimi işsiz məşqçilər xaricə üz tutmurlar?
- Ömürboyu belə şey olmayacaq. Bir azərbaycanlı mütəxəssisin xaricdə çalışması üçün ordakı məşqçilərin hamısı ölməlidi ki, bizi yada salsınlar. Riyaziyyat müəllimini baş məşqçi təyin edərlər, ancaq bizə dəvət göndərməzlər (gülür). Futbolumuzun durumu necədi? Futbolçularımıza kənardan dəvət var? Biz məşqçilər də o gündəyik. Sərhədi aşmaq üçün yaxşı əlaqələrin olmalıdı.
- Həmin əlaqəni yaratmaq üçün nə etmək lazımdı?
- Bizim futbolla heç nə. Yenə ümid dosta, tanışa qalır. Ya da xaricdə varlı bir dostun olar, onun da varlı dostunun futbol klubu. Onun sayəsində səni yada sala bilərlər. Samir savadlı məşqçidi, gəncdi, enerjilidi, gecə-gündüz futbol haqda düşünür, hər gün oxuyub biliyini artırır, öz üzərində işləyir – bunlar hamısı boş söz-söhbətdi. Kimsə səni xaricə dartmalıdı.
- Ancaq bu yay superliqaya yüksələn “Hatayspor” israrla Qurban Qurbanovu baş məşqçi postuna dəvət edirdi. Qurban bəy isə təklifi qəbul etmədi? Buna nə deyirsiz?
- Qurban müəllimin adından danışa bilmərəm.
- Şəhərə nə vaxt qayıtmaq fikrindəsiz?
- Hələ ki burdayam. Ayın sonu-oktyabrın əvvəlində, yəqin ki, qayıdacam.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR