Sizin reklam burada

Terimin 3-cü gəlişi, bizim 5-ci cəhdimiz

Baxış Sayı:135

Bu gün həmin gündü. İllərdi eşidirdik, müxtəlif komandalarımızın İstanbul nəhəngləriylə yoldaşlıq oyunu keçirəcəyi ilə bağlı açıqlamalar eşidirdik. Amma arzumuz reallaşmırdı. Nə bizimkiləri Türkiyəyə çağıran olurdu, nə də Bakıya gəlmək istəyən. Düzdü, “Neftçi” təlim-məşq toplanışı çərçivəsində “Fənərbaxça” və “Beşiktaş”la qüvvəsini sınayıb. Razılaşın ki, bu cür formal və ötəri gücsınamalar əvvəlcədən razılaşdırılan, tərəflərin birinin meydanında yüksək səviyyədə təşkil olunan dostluq görüşləri ilə müqayisə oluna bilməz. Bu mənada “Xəzər Lənkəran”ın “Fənərbaxça”nı “Fırtınalar meydanı”na gətirməsi, özünün də “Beşiktaş”la görüş üçün İstanbula dəvət alması fərqləndirilə bilər. Təəssüf ki, bu iki qarşılaşmanın da üzərindən xeyli vaxt keçib. Dəfərlərlə “Qarabağ”ın “Beşiktaş” və ya “Qalatasaray”la qarşılaşacağı haqda müjdələr alsaq da, söylənilənlər elə söz olaraq da qalıb.
Artıq hər şey ciddidi. Azərbaycan təmsilçisi “Neftçi” türk dünyasının qüruruna çevrilmiş “Qalatasaray”ı Bakıda qəbul edir. Özü də bu minnətli, şou xarakterli yoxlama oyunu yox, rəsmi avrokubok qarşılaşmasıdı. “Neftçi” “Qalatasaray”ı Bakıya gətirməyi bacarıb. “Sarı-qırmızılar” “İmperator” Fatih Terimin başçılığı altında paytaxtımıza gəlib və “Neftçi”ylə oyuna yetərincə ciddi yanaşdıqları hiss olunur. Terim dünən axşam keçirdiyi mətbuat konfransında “Neftçi”nin iki oyununu izlədiyini və bəyəndiyi futbolçuların adlarını belə dedi. Atalarımız “başına gələn başmaqçı olar” deyiblər. Biz indiyə qədər dəfələrlə “Qalatasaray”ın bu mərhələdə çətinlik çəkdiyini, hətta büdrədiyini görmüşük. İllər öncə “Cim-Bom” Qazaxıstanın Kostanay şəhərinə səfər etmiş, orda yerli “Tobol”la qarşılaşmışdı. Emil Balayevin sabiq komandası hesabda önə keçsə də, üstünlüyü qoruya bilmədi və görüş bərabərliklə yekunlaşdı. Növbəti mərhələyə vəsiqəni “Qalatasaray” yalnız evdəki qələbə sayəsində təmin etdi. Sizin də yadınızda olar, “Astana” Çempionlar Liqasının qrup mərhələsində debüt edəndə “Qalatasaray”la eyni qrupda idi. Razılaşın ki, Çempionlar Liqasınının qrupunda oynayan “Qalatasaray”ın heyəti indikindən qat-qat güclü idi. Amma bu heyət belə Qazaxıstan çempionunu məğlub etməyə yetmədi və hər iki görüş heç-heçə yekunlaşdı.
Mən hələ “Qalatasaray”ın İsveçin, Norveçin ortabablarına məğlubiyyətlərini sadalamıram. Türkiyə mətbuatı “Tromse” kimi rəqiblərə “köy takımı” deyirdi. Bu “kəndlilər” də sonda “Qalatasaray”ı yolundan kənarlaşdırırdı. Sözümün canı odu ki, bu mərhələdə “Qalatasaray” həm hazırlıqsız olur, həm də rəqiblərinə etinasız yanaşır. Bundan yararlanıb, rəqibi cəzalandırmaq mümkündü. Lap mərhələni keçə bilməsək belə, Türkiyə mətbuatının və futbol mütəxəssislərinin gözünü qorxutmaq, imicimizi yaxşılaşdırmaq əlçatmaz tapşırıq deyil. İllərdi qardaşlarımızın futbolda bizə yuxarıdan aşağı baxmasından, bizi bəyənməməsindən şikayətçiyik. Buyursun “Neftçi”! Hər şeyi yaxşılığa dəyişmək üçün indi əlimizə əla şans düşüb. Onu dəyərləndirmək lazımdı.
Fatih Terim mətbuat konfransında həm də onu xatırladı ki, Bakıya üçüncü dəfə gəlib. Milli komandayla iki dəfə paytaxtımıza yolu düşüb, heç bir halda onu evə məğlub yola sala bilməmişik. Bəlkə atalarımızın üçdən deməsini də “Neftçi”yə xatırladaq?! Bu görüşlə bağlı daha bir maraqlı statistika var. Türkiyə klubları bizə indiyə qədər iki dəfə rəqib olub. “Turan”ın “Fənərbaxça” ilə qarşılaşmaları futbol tariximizdə yeni bir səhifə açmışdı. “Kəpəz”in “Antalyaspor”la görüşü isə bizim üçün daha çox acı tarixə çevrildi. Həm Hüseyn Məhəmmədovun yersiz qırmızı vərəqəsiylə, həm də Türkiyənin kurort şəhərində qapımıza 5 cavabsız top vurulmasıyla. Maraqlı, həm də acı həqiqətdi ki, indiyə qədər qardaş ölkənin klubları ilə avrokuboklarda rəqib qismində 4 dəfə qarşılaşmışıq və bu görüşlərin heç birində qapı torunu silkələyə bilməmişik. Bu mənada “Neftçi” ilə şansımızı beşinci dəfə yoxlayırıq. Ümid edək ki, 5-ci cəhddə qol vurmağı bacaracağıq. Əvvəl qol vuraq, sonra da turu keçmək barədə düşünək. İstənilən halda, bu gün Bakı Olimpiya Stadionunda bayram yaşanacaq, əsl futbol bayramı. Hamımıza xeyrli olsun!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR