Sizin reklam burada

Mütəxəssislər “Neftçi”dən əzmkarlıq istəyirlər

Baxış Sayı:118

Mütəxəssislər “Neftçi”dən əzmkarlıq istəyirlər

Vaqif Sadıqov: “Reallığı xeyrimizə dəyişməyin vaxtı çatıb”
Şahin Diniyev: “Qalatasaray”ı oyunun favoriti sayıram”
Nazim Süleymanov: “Neftçi”nin qələbəsini istəyirəm, gözləyirəm, lakin görünən kəndə nə bələdçi?!”

Bu gün futbol azarkeşlərinin həyəcanla gözlədiyi və bütün diqqətlərin yönələcəyi oyun baş tutacaq. “Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”ı qəbul edir. Bu oyun həm “Neftçi” azarkeşləri, həm İstanbul klubunun ölkəmizdəki fanatları, həm də futbol ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır. Püşkdən sonra “Qalatasaray”ı favorit sayanların çox olmasına baxmayaraq, “ağ-qaralar”a inananlar və qələbə qazanacağını düşünənlər də az deyildi. Amma “Neftçi” premyer-liqanın 2-ci turunda doğma meydanda “Sumqayıt”a 0:2 hesabıyla uduzandan sonra fikirlər dəyişdi. Müdafiədə kobud səhvlərə yol verən flaqmanın şansı yüksək deyil. Qarşılaşmaya saatlar qalmış mütəxəssislərin proqnozlarını öyrəndik.
Vaqif Sadıqov: “Mən proqnoz verməyi sevmirəm, amma reallığı xeyrimizə dəyişməyin vaxtı çatıb. Bu da bir fürsətdi, Allah imkan yaradır ki, istifadə edək. Bu qarşılaşmanın əhəmiyyətini komandanın məşqçilər heyəti, futbolçuları dərk etməlidi. Məncə, nəticədən asılı olmayaraq, kimsə məyus olmayacaq. Qardaş klubların mübarizəsi olacaq. Amma hər birimizin ürəyi “Neftçi”ylə döyünür. Ümid edirəm ki, “Neftçi” ən azı yaxşı oyunla bizi sevindirməyə çalışacaq. İnanmaq istəyirəm ki, klubumuz meydanı məyus tərk etməyəcək. Müasir futbolda istənilən heyətlə qələbə qazanmaq olar. Ən vacibi odu ki, istək, niyyət, mübarizlik qorunub saxlanılsın və komandadakı ab-hava buna imkan versin. Hər bir futbolçu başa düşməlidi ki, meydana çıxıb, 90 dəqiqə tam gücüylə oynamalıdı. Bundan sonra nəticədən asılı olmayaraq, çıxıb deyə bilər ki, mən tam gücümü meydanda qoydum. Bu gün futbolda uduzmayan komanda yoxdu. Düşünürəm ki, “Neftçi” də bunu dərk edir. Əsas odu, 25 il əvvəl olan fəlsəfəylə fəaliyyət göstərməyək. Futbolçularımıza və onların bacarıqlarını meydanda qoyacaqlarına inanırıq”.
Şahin Diniyev: “Proqnoz barədə danışmaq çətin deyil. Artıq futbol azarkeşlərini necə oyununun gözlədiyini bilirik. Bu, tarixi qardaşlıq oyunudu, amma burda futbol, idman prinsipləri də var. Dostluq, qardaşlıq prinsipləri bir yana, amma idman prinsipinə əsaslanaraq qalib gəlmək, yaxşı oynamaq lazımdı. Nə qədər acınacaqlı olsa da, “Neftçi”ylə “Qalatasaray” arasında fərq var. “Neftçi”nin göstərdiyi oyunla “Qalatasaray”ın oyunu arasında böyük fərq var. Amma hər şey ola bilər. Ola bilər, rəqibin oyunu alınmasın, amma “Neftçi”də hər şey yolunda getsin. “Qalatasaray”ı oyunun favoriti sayıram”.
Nazim Süleymanov: “Qalatasaray” Avropa səviyyəli, yaxşı klublardan biridi və belə komandanın Bakıya gəlməsi sevindiricidi. Təəssüf ki, oyun azarkeşsiz keçiriləcək. “Neftçi” “Sumqayıt”la qarşılaşmadakı oyununu göstərsə, əlbəttə, bərbad olacaq. Yox, toparlanıb əzmkarlıq göstərəcəklərsə, nəyəsə ümid etmək mümkündü. Nəyəsə deyəndə, mübarizəni nəzərdə tuturam. Əzmkarlıq göstərib, uduzmaq daha yaxşıdı, nəinki digər halda olacaq biabırçılıq. Hər kəs düşünür ki, “Qalatasaray” qələbə qazanacaq. Bəli, qazana bilər və qazanacaq da. Amma futbolda başqa nüanslar da var. Mən oynadığım, elə işlədiyim dövrlərdə olurdu ki, güclü komanda zəif komandaya uduzur. Futbolda belə hallar olur. Biz də istəyərdik ki, “Neftçi” qələbə qazanıb, növbəti mərhələyə adlasın. Amma bu çox çətin görünür. “Neftçi”nin qələbəsini istəyirəm, gözləyirəm, lakin görünən kəndə nə bələdçi?! “Sumqayıt”la elə zəif oyun göstəribsə, başqa sözə ehtiyac yoxdu”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR