Sizin reklam burada

“Boluspor” hoqqası

Baxış Sayı:250

Bakı gecələrində şəhəri gəzməyə çıxanlar daha içində yığma üzvü olan 10-BX-007 nömrəli, idman üslublu “Nissan”ın xorultusunu eşitməyəcək. İdman jurnalistləri gecə-gündüz həmin şəxsin telefon nömrəsini yığıb, “gələcəklə bağlı planların necədi” sualına cavab axtarmayacaq. Azarkeşlər onun oyunundan bezib, dişinin dibindəkiləri ortalığa boşaltmayacaq. Ən əsası, küçədə yolu keçmək istəyənlərin ölüm təhlükəsi azalacaq.
İllərdi haqqında danışdığımız, lakin bir dərdə dərman olmayan cavan oğlan artıq Azərbaycanda deyil. Bundan sonra Türkiyədə top dalınca qaçıb, ya bolulu azarkeşlərin ürəyinə yol tapacaq, ya da nifrətini qazanacaq.
Təbii ki, bir azərbaycanlı olaraq istəyimiz Araz Abdullayevin legioner kimi ümidləri doğrultması, bununla da qardaş ölkədə həmkarlarına cığır açmasıdı. Bacaracaq, ya yox, tutuzdura biləcək, ya yox – bunları zamanın öhdəsinə buraxıb, ipə-sapa yatmayan futbolçuya uğurlar arzulayaq. Kimdi, nədi, hansı xarakterdədi, özü bilsin, Allahı bilsin. Futbolunu oynayıb illərdi qazandığı pulların qarşılığını versin. Təki bu ölkənin idmanı adına yaxşı mənada nəsə etsin.
Əslində sözümün canı başqadı - “Qarabağ”dan ayrılandan sonra Azərbaycanda heç kimə lazım olmayan birinə kənardan kiminsə sahib çıxması. Başa düşürəm, Araz Abdullayevdi, CV-sində “Everton”, “Panionisos”, “Anortosis” kimi Avropa klublarının adı var, ölkənin bütün yaş qruplarından ibarət yığmalarının formasını geyib və bu günə qədər geyməkdədi. Amma futboldan qismən anlayışı olan klub rəsmisi, yaxud məşqçi Arazı komandasına cəlb etməzdən əvvəl son durumu ilə maraqlanar, “Qarabağ”dan ayrılmasının səbəbini öyrənər, belə bir istedadın işsiz qalmasını araşdırardı.
12 ildi peşəkar futbol oynayan 28 yaşlı yarımmüdafiəçi yetişdiyi “Neftçi” xaric, 5 komandanın sıralarında olub və heç birinin heyətində bir ildən artıq duruş gətirə bilməyib. Adam sabit oyun sərgiləməkdə çətinlik çəkir, xarakterindəki qüsurlar “göz oxşayır”. “Quql”da axtarışa versən, Arazın adı ilə bağlı 50 min pis xəbər çıxacaq. Nobel prospektində süpürgəçi qadını öldürməsindən tutmuş, yaşlı azarkeşin arvadını söyməsinə, maşınına yasaq siqnal quraşdırmasına, bəndənizə “narmalni sual ver, narmalni cavab verim” deməsinə qədər. Adamın insani keyfiyyətləri dillə deyilməyəcək qədər bərbad durumdadı. Hətta Elnur Allahverdiyevlə Kamran Ağayev kimi intizamsızlar bu oğlanın yanında toya getməlidi.
Amma Arazın futbol oynaması kimlərinsə marağındadı. Ölkə futboluna fayda verəcək deyə yox ha. Sadəcə, “7 nömrə”ni burdan ora keçirməklə pul qazanıb, ciblərini doldururlar. Canni De Byazinin onu ictimaiyyətin qınağına sinə gərib yığmanın düşərgəsinə dəvət etməsi və hər iki oyunda 10-15 dəqiqə şans verməsi AFFA-ya bağlı həmin menecer(lər)in xüsusi tapşırığının nəticəsiydi. İllərdi assosiasiyanın “qanını sovuranlar” imkan düşdükcə futbolçu keçidlərinə də əl qoyub şəxsi büdcələrini zənginləşdirirlər. Göz doymur, nə edəsən?!
Sonra da futbolçuların bacarıqsızlığından söz düşəndə başda Rövnəq Abdullayev, ortada Elxan Məmmədov, aşağıda da Kazbek Tuayevlə İsgəndər Cavadov daş atıb başlarını tuturlar ki, bəs bizimkilər xaricdə oynamır deyə, təcrübəsizlik özünü göstərir. Vəziyyətin belə olmasına görə isə özlərindən başqa hamını günahlandırırlar: klubları, agentləri, hətta futbolçuları da.
Arazın “Boluspor”a keçidi təkcə yığmaya tapşırıqla futbolçu çağrılmasının mümkünlüyünün sübutu deyildi. Bu keçid həm də AFFA-ya bağlı şəx(lər)in özfəaliyyət dərnəyinin yüksək səviyyədə fəaliyyətinin göstəricisiydi. Yəni lazım olanda hansısa azərbaycanlını xaricə aparmaq mümkündü. “Boluspor” olmasın, olsun hansısa Polşa, Rusiya, nə bilim, Rumıniya komandası. Amma mümkündü. Sadəcə, o adam(lar) bunu hər futbolçu üçün etmir. Edə bilmir. Ona görə ki, hər futbolçunun ağzının bütövlüyünə əmin deyil. Ona görə ki, bütün klubların rəsmiləri “Boluspor”da oturanlar kimi deyil. Avropanın “göbəy”ində oturanların da türklər kimi alıb-verən əli olsaydı, faiz bicliklərində bizimkilərə güvənsəydilər, Bəhlul Mustafazadə ilə Mahir Emreli indi hardaydı, Allah bilir.
Abdullayev futbolunu oynasın, siz pulunuzu qazanın, Canni De Byazi işsiz qalmamaq üçün bura gəlib qarşınızda əmirqulu rolunu oynasın, siz də elə bilin ki, camaat çörəyi qulağına yeyir. Hamı hər şeyi görür, danışır, etiraz edir. Sadəcə, siz görməzdən gəlirsiz. Çünki gözünüz ancaq bir şeyi, bir yeri görür: cibinizi və içindəki pulları!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR