Sizin reklam burada

“Sumqayıt” Cavidi iyulda heyətə qatmaq istəyirmiş

Baxış Sayı:106

“Sumqayıt” Cavidi iyulda heyətə qatmaq istəyirmiş

Cənnətov üçhəftəliyə sıradan çıxıb
Mövsümlərarası fasilədə heyəti, demək olar ki, yenidən formalaşan “Sumqayıt” dünən daha bir oyunçunu rənglərinə bağlayıb. Söhbət 2017/18 mövsümündə “kimyaçılar”ın şərəfini qoruyan Cavid İmamverdiyevdən gedir. Çox maraqlıdı ki, 30 yaşlı yarımmüdafiəçi yay fasiləsində “Sabah”dan ayrılaraq “Keşlə”yə üz tutmuşdu. Onu da qeyd edək ki, həmin vaxt paytaxt təsmilçisinin “sükanı arxasında” Tərlan Əhmədov idi. Cavid də məhz Tərlan bəyin istəyi ilə “Keşlə”yə transfer olunmuşdu. Lakin Əhmədova komandanı çempionata çıxarmaq qismət olmadı və rəhbərlik onu Yunis Hüseynovla əvəzlədi. Hüseynov isə İmamverdiyevə güvənmədiyindən yarımmüdafiəçi bir “transfer pəncərəsi” müddətində ikinci kluba üz tutmaq məcburiyyətində qaldı. “Kimyaçılar”ın mətbuat katibi Rəşad Məmmədov qəzetimizə açıqlamasında Cavidlə birillik müqavilə imzalanacağını bildirdi. Onu da əlavə etdi ki, yarımmüdafiəçi ilə danışıqlar hələ iyulun sonlarında başlayıb. Sadəcə, həmin vaxt ortaq məxrəcə gəlmək mümkün olmayıb.
Yeri gəlmişkən, millinin çalışdırıcısı Canni De Byazi srağagün “Sumqayıt”ın məşqini izləyib. Rəşad bəydən aldığımız bilgiyə görə, “kimyaçılar”ın və millinin qolkiperi Mehdi Cənnətovla Elvin Məmmədov hazırlıqda iştirak etməyiblər. Mehdi zədələndiyindən 3 həftəliyə komandadan ayrı düşüb. Məmmədov isə soyuqladığına görə məşqə qatılmayıb.
Yığmanın çalışdırıcısı “Sumqayıt”la bağlı report.az saytına saytına açıqlama verib: “Bu, "Neftçi" ilə premyer-liqa oyunundan sonra "Sumqayıt"ın ilk məşqidi. Hazırlıq prosesi qısa çəkdi. İnanıram ki, sabah daha çox şey görəcəm. Mənim üçün taktiki məsələlər daha maraqlıdı. Klubların necə məşq etdiyini görmək istəyirəm. Klubun strategiyası belədi. "Neftçi" ilə oyunu izlədim. Çox yaxşı təsir bağışladılar və layiqli qələbə qazandılar. Millinin qarşıdakı toplanışına "Sumqayıt"dan daha çox oyunçu çağıra biləcəyimi istisna etmirəm”.
Sonda onu da qeyd edək ki, əsas komanda ilə yanaşı, “Sumqayıt”ın əvəzediciləri də məşqləri davam etdirir. Zaur Hidayətovun çalışdırdığı kollektiv bu gün “Qarabağ-2” ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. Əvəzedicilər ötən bazar yığmaların Mərdəkandakı təlim-məşq bazasında U-17 ilə üz-üzə gəlib və matç 1:1 hesabı ilə başa çatıb.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR