Sizin reklam burada

İrəli, flaqman!

Baxış Sayı:115

Gözlənilən gün gəlib çatdı. Bu gün saat 20.00-da Bakı Olimpiya Stadionunda "Neftçi" - "Qalatasaray" oyununun start fiti səslənəcək. Azərbaycan futbol azərkeşləri həm sevinc, həm də hüzn içindədi, çünki 2020-nin, hətta bəlkə də əsrin bəlalarından biri adlana biləcək koronavirusa görə oyun azarkeşsiz keçirələcək.
Bəli, fanatların "Qalatasaray"ı vətəndə görmək ümidləri puç oldu. Amma sağlamlıq hər şeydən vacibdi. Əminəm ki, karantin rejimi olmasaydı, 70 minlik stadionda bir dənə də boş yer tapılmayacaqdı.
Ötən tur "Sumqayıt"a “doğma divarlar” arasında 0:2 uduzduğu qarşılaşmada" Neftçi" adına heç bir şey yox idi. Yeni transferlər bir-birindən zəif, bir-birindən həvəssiz, bir-birindən təcrübəsiz. Heç yerli oyunçular da özünü yaxşı tərəfdən göstərə bilmədi. Oyunsonrası mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədovun gözlərindən yaxşı heç nə oxumaq mümkün olmurdu. Füzuli müəllim yaxşı bilir ki, qurduğu taktika və elə oyunçularla dağ boyda "Qalatasaray"a qalib gəlmək inandırıcı deyil. Burda söhbət fiziki yox, mənəvi məğlubiyyətdən gedir. Təəssüf ki, o klubda çalışanlardan bəziləri formanın çəkisini, “Neftçi” adının məsuliyyətini dərk etmir.
Etiraf edək ki, ölkəmizdə "Qalatasaray" azarkeşlərinin sayı ən azı “Neftçi”nin azarkeşləri qədərdi. Amma biz "Neftçi"nin qalib gəlməsini istəyirik. Elə türk qardaşlarımız da belə dedi: "Qardaşıq, lakin meydanda biz qalib gəlməliyik".
Mənə elə gəlir ki, səviyyəcə üstün olan rəqiblə oyunda yalnız əzmkarlıq hesabına nəyəsə ümid etmək olar. Yəni bu gün “Neftçi” forması geyəcək futbolçular sanki başqalaşmalı, özünü keyfiyyətcə yeni səviyyəyə yüksəltməlidi. Sözün bütün mənalarında!
Ötən gün BOS-da gedən hazırlıq prosesini yaxından izlədim, VİP sektor təmizlənir, skayboksların şüşələri parıldayır. Rəsmi versiyaya görə, "Bakcell Arena"da ot örtüyünün qənaətbəxş olmaması üzündən oyunun yeri dəyişib. Məncə, səbəb ot örtüyü deyil, BOS-un parıldayan, həm təmiz, həm rahat, həm də çox olan skaybokslardı. VİP tribuna da həmçinin. Amma azarkeşlər evdən, media nümayəndələri isə dağın başından görüşü seyr edəcək. Bəli, BOS-un mühəndisi stadionu elə inşa edib ki, piyada gəlmək bir zülüm, media sektorundan oyuna baxmaq başqa zülüm. O hündürlükdən oyuna baxmaq asan iş deyil. Bu arada türkiyəli jurnalistlər də orda idi, sanki bizə qalib gəldiklərini 100 faiz bilirlər. Bu məqam mənə çox pis təsir etdi. Ümid edirik ki, şərtlər nə olur-olsun, "Neftçi" futbolçuları özündə güc, qüvvə, ən əsası cəsarət tapıb doğma meydanda həm özlərinin, həm də Azərbaycanın üzünü ağ edəcəklər. İrəli, flaqman, sənə qələbə yaraşır!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR