Sizin reklam burada

Omar Momani Azərbaycana gəlmək istəyir

Baxış Sayı:168


“Həmin foto reklam xarakterli idi və istehsalçı şirkət ödəniş etmişdi”
Son vaxtlar sosial şəbəkələrdə maraqla qarşılanan bir məsələ var: Omar Momaninin milli komandamızla bağlı karikaturalar hazırlaması. İordaniyalı rəssam ümumilikdə ölkəmizə olan sevgisi ilə tanınır. O, dəfələrlə öz şəxsi sosial şəbəkə hesablarında futbolumuz barədə müxtəlif rəsmlər hazırlayıb.
Ümumiyyətlə, məşhur karikaturaçını Azərbaycanla nə bağlayır? İordaniyalı rəssamın AFFA ilə əlaqələri hansı səviyyədədi? Bu və başqa sualları cavablaması üçün Omar Momani ilə söhbətləşdik.
- Neçə müddətdi futbolla bağlı karikaturalar hazırlayırsız?
- 2010-cu ildən. Dünya çempionatının oyunlarından bu işlərə başlamışam.
- Buna səbəb nə oldu?
- 2005-ci ilin ortalarında animasiya şirkətində işləyirdim. Düşündüm ki, özümə aid nəsə iş görməliyəm. Futbola hədsiz sevgim var idi. Beləliklə, qərar verdim ki, bu idman növünə aid xüsusi nələrsə hazırlamalıyam. 2010-cu ildəki dünya çempionatı zamanı ağlıma bir ideya gəldi: futbola aid karikaturalar insanların marağına səbəb ola bilər. Beləliklə, başladım bu fikri reallaşdırmağa.
- İndi isə bu sahədə dünyanın ən yaxşılarındansız. Bu işə başlayanda belə məşhur olacağınızı düşünürdüz?
- Ən yaxşı olacağımı fikirləşmirdim. Sosial media məşhurlaşmağıma kömək oldu. İnternet dünyanı mənim üçün balacalaşdırdı və əlaqələr yaratdı. Karikaturalarını hazırladığım futbolçuların işlərimi paylaşmağı da bu məsələdə çox kömək oldu. Düşünürəm ki, bütün enerjini bir işə yönəltsən və həqiqətən istəsən, öz işində peşəkar ola bilərsən. Sosial media bu işdə sənə çox kömək olacaq.
- Hansı futbol klubuna azarkeşlik edirsiz?
- “Milan”ı sevirəm.
- Buna səbəb nə olub?
- 1990-cu ildən “Milan” azarkeşiyəm. O zaman 9 yaşım var idi. Onda “Milan” dünyanın ən yaxşı komandası idi. Qullit, Van Basten, Raykaard, Barezi və başqaları bu komandanın döyünən ürəkləri idilər. Onlar “futbol tanrısı” Maradonaya qarşı mükəmməl şəkildə müdafiə olunurdular. Bu da məni həyəcanlandırırdı. Bu səbəbdən “Milan”a məhəbbətim yarandı.
- Doğma komandanın oyununu “San Siro”dan izləmisiz?
- Milanda heç vaxt olmamışam. Amma bir gün mütləq bunu edəcəm.
- Dediz ki, Maradona “futbol tanrısı”dı. Argetinalını bütün dövrlərin ən yaxşısı hesab edirsiz?
- O, futbolun rəmzidi. Mənim üçün Zidan tarixin ən yaxşısıdı. Onun kimisini heç vaxt görməmişəm.
- Hər kəsə bu sualın cavabı maraqlıdı: Messi, yoxsa Ronaldo?
- Mən də bu sualın cavabını axtaranlardan biriyəm (gülür). Messi daha əyləncəlidi. Lakin Ronaldoya daha çox güvənməlisən.
- İordaniya futbolu haqda danışaq. Öz ölkənizin futbolu haqda nə deyə bilərsiz? Bu oyun sizdə sevilirmi?
- İordaniyada futbol ən çox izlənilən idman növüdü. Daha çox adam “Real” və “Barselona”ya azarkeşlik edir. Yerli futbol isə inkişaf etməyib. 2014-cü ildə milli komandamız dünya çempionatının pley-offuna vəsiqə qazandı, amma Uruqvay onları yarışdan kənarlaşdıdı. Asiya çempionatında isə yığmamız yaxşı nəticələr əldə etmək niyyətindədi.
- Hansısa İordaniya klubuna azarkeşlik edirsiz?
- Yerli çempionatımızı izləmirəm.
- Azərbaycan haqda nə deyə bilərsiz?
- Çox gözəl ölkədi. Burda çoxlu dostlarım var. Bir gün mütləq Azərbaycana səfər edəcəm. Əlbəttə, koronavirus təhlükəsi bitdikdən sonra.
- Bizim futbol haqda çoxlu karikatura hazırlamısız. Buna səbəb nədi?
- 2014-cü ildə keçirilən dünya çempionatı zamanı “Goal” nəşrində işləyirdim. Orda futbolla bağlı karikaturlardan ibarət serial hazırlayırdım. Həmin layihə dünya çempionatının tarixindən bəhs edirdi. Bir gün mərhum hakiminiz Tofiq Bəhramov barədə rəsm hazırladım. Bu işim çox bəyənildi və Azərbaycandan bir çox şəxslər buna görə mənə təşəkkür etdilər. Daha sonra futbolunuz haqda ara-sıra karikaturalar hazırlamağa başladım. Gördüyüm işlərin azərbaycanlılar tərəfindən sevilməsi məni çox sevindirdi.
- Son iki işinizə görə AFFA-dan hansısa məbləğdə pul almısız?
- Xeyr! Həmin işlər sponsorun layihələri idi. Yəqin ki, Maksimin karikaturasındakı şampun reklamını gördüz. Həmin foto reklam xarakterli idi və istehsalçı şirkət ödəniş etmişdi.
- Bizim futbol barədə nə bilirsiz?
- Əvvəlcə qeyd edim ki, mən qafqazlıyam. Nalçikdə yaşayanlarla qohumluğum var. Bu amil həmin regiona marağıma səbəb oldu. Azərbaycan barədə məlumat əldə etməyə başladım. “Qarabağ”ın avrokubok oyunlarını izləyirəm. Hətta bəzi dostlarım mənə forma hədiyyə ediblər. Milli komandanızın bir çox futbolçularını tanıyıram. Onlar barədə xəbərləri izləyirəm.
- Hansı futbolçularımızı tanıyırsız?
- Ramil Şeydayev, Dmitri Nazarov və əsas da Maksim Medvedev.
- Azərbaycan yığmasının Millətlər Liqasındakı iştirakı ilə bağlı karikatura hazırlamışdız. Millimiz De Byazi ilə uğur əldə edə biləcəkmi?[/b]
- Düşünürəm ki, qrupda şanslar bərabərdi. Lakin futbolçularınız meydanda can qoymalıdılar. Lüksemburqla oyunda gərək qələbə qazanardız. Hər şey oyunçularınızdan asılıdı. Çox istəsələr, bacararlar.
[b]- Azərbaycanlılara ürək sözünüz?

- Sizin insanlar çox mükəmməldilər. Həqiqətən də bütün dünya ilə ayaqlaşırlar. Hər zaman uğur insanlarınızın üzərində olsun.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR