Sizin reklam burada

“Qalatasaray”dan əlinizi üzün!

Baxış Sayı:132


Türkiyə səfirliyi DİN-ə müraciət ünvanlayıb
Bu dəqiqə azərbaycanlı futbolsevərlər sentyabrın 17-ni səbirsizliklə gözləyir. Ölkədə yüzminlərin sevimli komandası olan “Qalatasaray”ın “Neftçi”ylə oyun üçün Bakıya səfəri ajotaja səbəb olmaqdadı. Odu ki, məlum qarşılaşma ilə bağlı planları və əldə etdiyimiz olduqca önəmli xəbəri diqqətinizə çatdırırıq.
Deməli, “Cim-Bom” oyundan bir gün əvvəl, yəni sabah paytaxtımıza təşrif buyuracaq. Hava limanından birbaşa “Fairmont” otelinə yollanacaq qonaqlar həmin gün axşam 18.30-da matçın keçiriləcəyi Olimpiya stadionunda ilk və son məşqinə çıxacaq. Bundan yarım saat əvvəl isə ölkənin bir nömrəli arenasının konfrans salonunda Fatih Terim jurnalistlərin suallarını cavablayacaq. 19.00-da “ağ-qaralar”ın çalışdırıcısı Füzuli Məmmədov kameraların önünə keçəcək. “Neftçi”nin məşqi 19.45-ə nəzərdə tutulub. Qarşılaşmanı canlı yayınlayacaq “CBC Sport” oyunöncəsi və sonrası mətbuat konfranslarını da birbaşa efirə daşıyacaq. Yeri gəlmişkən, pandemiyanın sosial məsafə tələbinə görə mətbuat konfranslarında ən yaxşı halda 30 jurnalist iştirak edə bilər.
Azərbaycana 40-a yaxın türkiyəli həmkarımızın təşrif buyuracağı gözlənilsə də, sayları ən yaxşı halda 10 olacaq. Buna səbəb isə qalan jurnalistlərin viza ala bilməməsidi. Azarkeşləri oyundan çox “Qalatasaray”ın məşqçi və futbolçu heyətini yaxından görmək, onlarla şəkil çəkdirmək, avtoqraf almaq, suallara cavab tapmaq maraqlandırır. Təəssüf ki, mümkün olmayacaq. Koronavirus pandemiyasına olduqca ciddi yanaşan və xəstəlikdən ehtiyatlanan Fatih Terim, eləcə də klub rəhbərliyi futbolçuları qorumaq üçün önləyici tədbirə əl atıb. Etibarlı mənbədən aldığımız məlumata görə, “Qalatasaray” Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsi ilə ölkə rəhbərliyinə, xüsusən də Daxil İşlər Nazirliyinə (DİN) müraciət ünvanlayıb. Müraciətdə komandanın hər addımının nəzarət altında saxlanılması, təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunması istənilib. Avtoqraf almaq, yaxud şəkil çəkdirmək üçün yolunu “Fairmont”dan salmaq arzusunda olanlar əli ətəklərindən uzun geri qayıdacaq. İstər oteldə, istərsə də stadiona gediş-gəlişdə “Qalatasaray” güc strukturları tərəfindən xüsusi şəkildə qorunacaq. Mənbənin dediyinə görə, bu gün, ya da sabah DİN ictimaiyyətə bir yerdə toplaşmağın qadağan olunması, bununla da “Cim-Bom”dan uzaq durmaq ilə bağlı müraciət ünvanlayacaq. Tələbə əməl etməyənlər isə qanunvericiliyə uyğun cərimələnəcək. Klub rəhbərliyi işini o dərəcədə ehtiyatlı tutub ki, hətta komanda üzvlərinin Bakını gəzməsi də qadağan olunub. Türkiyədən Azərbaycana gələnlər üçün hava limanından otelə, oteldən stadiona və həmin marşrutla geri qayıtmaqdan başqa ünvan nəzərdə tutulmayıb.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR