Sizin reklam burada

Cığalların payını verin!

Baxış Sayı:97


Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
Qarabağ – Molde (Norveç)
Hakimlər: SRCAN YOVANOVİÇ, Uroş Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç (hamısı Serbiya).
Hakim-inspektor: Mixalis Arquru (Cənubi Kipr)
UEFA nümayəndəsi: Adonis Prokopiu (Cənubi Kipr).
16 sentyabr. Larnaka. AEK Arena. Saat 21.00
“Qarabağ”ın avorkuboklarda bu günə kimi davam edən uğurlu çıxışının kökündə Norveç adı, lap dəqiq desək, bu ölkəni təmsil edən komandanın adı dayanır. “Rusenborq”un “bərkgedən”, ağdamlıların isə o vaxtkı UEFA kubokunda bir-iki mərhələ adlamağı hədəf seçən vaxtları idi. Səfərdə hesab açılmamışdı, Bakıdakı qarşılaşmada isə Rəşad Sadıqovun yeganə qolu həlledici olmuşdu və elə həmin ildəcə “köhlən atlar” turnirin pley-offuna qədər irəliləməklə azərbaycanlıları sevindirib, avropalıları şoka salmışdı. Sonrakı illərdə də ardıcıl pley-offlar oynanıldı, ardınca Avroliqanın, 2017-ci ildə isə Çempionlar Liqasının qrup sevinci yaşandı. Yəni Azərbaycan çempionunun avrokuboklardakı uğur tarixçəsindən danışanda hər şeydən əvvəl ağla “Rusenborq”la həmin oyunlar gəlir.
ÇL-in qrupuna vəsiqə qazanmaq üçün ələ olduqca yaxşı imkan düşüb. Açığı, son 10-11 ildə Qurban Qurbanovun yetirmələrinin bəxtinə bu dərəcədə uyğun rəqiblərin düşdüyünü xatırlamaq çətindi. “Sileks” və “Şerif”lə matçlar Bakıda keçirildi, favorit göstərilən təmsilçimiz növbəti mərhələyə vəsiqə qazandı. Əslində “Molde”ylə oyun da Bakıda keçirilməliydi. Bəli, KEÇİRİLMƏLİYDİ! Amma cığal norveçlilərlə ədalətin yanında olmağı bacarmayan UEFA-nın sayəsində oyun Cənubi Kiprin Larnaka şəhərinə salındı.
İndi “Qarabağ”lılar hər şeyi – növbəti dəfə ÇL-in qrup mərhələsi sevincini, reytinq xallarını, qələbəyə görə gələcək mükafatı, adı, imici, bir sözlə, qalibiyyətlə bağlı bütün mümkün müsbət məqamları bir kənara qoyub, cığal norveçlilərin payını vermək üçün mübarizə aparmalıdı. Yol yorğunluğuna və fərqli iqlim şəraitinə görə Bakıya gəlməkdən qorxan “Molde”yə futbolun nə olduğunu və necə oynanıldığını Avropanın “göbəy”ində, UEFA-dakı əsas söz sahiblərinin gözləri qarşısında vermək lazımdı. Meydana çıxacaq hər bir futbolçu bu oyunu ölüm-qalım savaşı gözündə görməli, qazonun üstündə canından keçməyə hazır olmalıdı. Təki “Molde” səddini keçmək olsun. Avropanın ən mötəbər klub turnirinin qrupuna düşmək üçün ələ bir də nə vaxt bu cür fürsət düşəcəyini Allah bilir. “Molde”ni keçirsən, pley-offda “Ferentsvaroş”la Zaqreb “Dinamo”sundan biriylə üz-üzə gəlmək imkanı yaranır. Hər ikisi zəngin tarixi və avrokubok təcrübəsi baxımından xoş təsir bağışlasa da, etiraf edək ki, “Qarabağ”ın məğlub edə biləcəyi komandalardı. Lakin hər şeydən əvvəl “Molde”ni “aradan götürmək” lazımdı. Hətta pley-offda sevinmək mümkün olmasa belə, moldelilər üzərindəki qələbə ən pis halda Avroliqanın qrupunun təmin olunması anlamına gələcək.
“Molde” adı Avropa futbolunda əzəmətli görünməsə də, ayrı-ayrı vaxtlarda azarkeşlərini sevindirməyi bacarıb. 1999/00 mövsümündə Çempionlar Liqasının qrupuna vəsiqə qazanan skandinavlar 2012/13 və 2015/16 mövsümlərində Avroliqanın qrupuna qədər irəliləmişdilər Hətta ikinci cəhddə qrup səddini adlamağı bacarıb, 1/16-də “Sevilya”ya rəqib olmuşdular. 2018 və 2019-un yayında isə Avroliqanın pley-offuna qədər gəlib, qapıdan qayıdıblar. Yəni rəqibin adında səs-küy hiss etməsək də, sıradan komanda da deyil. Heyətlərində uzun müddətdi birgə çıxış edən bacarıqlı futbolçuları var. Baş məşqçiləri Erlinq Moe isə 2 ildi komandadadı və kollektivi çempion etmiş müətəxəssis kimi tanınır.
Başqa vaxt olsaydı, “Qarabağ” Norveç təmsilçisi ilə dueldə favorit göstərilərdi. Di gəl ki, indiki vəziyyətdə “köhlən atlar”ın uğur qazanacağına hər nə qədər inanmaq istəsək də, bir o qədər çətin görünür. Səbəb isə futbolçuların durumudu. Xayme Romeronun zədə səbəbindən məşqlərdən kənar qalması və sabahkı görüşdə meydana start heyətində çıxa bilməyəcəyi acı xəbərdi. Son vaxtlar əla forma yığan ispanın itkisi azmış kimi, komandanın “vuran ayağı” sayılan Mahir Emreli də “Keşlə”ylə matçda ayaq biləyindən xəsarət aldı. Düzdü, Mahir “11-lik”də başlaya biləcək, amma iynə hesabına. Yəni Allah göstərməsin, ağrılar baş qaldırsa, Qurban Qurbanovun işi çətinləşəcək. Bununla yanaşı, təcrübəsi ilə öyünən Uroş Matiçin hələ də komandanın oyun ritmindən geri qalması, meydanda özünü yad kimi göstərməsi “Qarabağ”ın oyununa müəyyən mənada təsir edir.
Yuxarıda qeyd etdiyimiz kimi, necə olmasına baxmayaraq, “Qarabağ”lılar bu oyuna qisas hissi ilə yanaşmalıdı. Cığallar istəklərinə kağız üzərində çatdılar. Siz onların payını meydanda, otun üstündə verməlisiz. Bacaracağınıza zərrə qədər də şübhə etmirik.
Yeri gəlmişkən, “Qarabağ” oyunu idarə edəcək serbiyalı Yovanoviç üçün tanış komandadı. 2015-dən FİFA referisi statusunu daşıyan 34 yaşlı ədalət təmsilçisi indiyə qədər 48 beynəlxalq oyun idarə edib ki, həmin komandaların arasında “Qarabağ”ın da adı var. 2017-nin yayında, ağdamlılar Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində səfərdə “Samtredia”nın qonağı olanda, meydanda başverənlərə məhz Yovanoviç nəzarət edib. “Boris Payçadze”də keçirilən oyunda Vild-Donald Geryenin yeganə qolu “köhlən atlar”a qələbə qazandırmışdı. Qarşılaşmanın “CBC Sport” vasitəsilə canlı yayınlanacağını da qeyd edək.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR