Sizin reklam burada

Gözümüz “AEK Arena”da, ürəyimiz “Qarabağ”la

Baxış Sayı:127

Ah koronavirus, sən nələrə qadir imişsən, başımıza daha hansı oyunları açacaqmışsan?! Martdan bəri həyatımız alt-üst olub, artıq gələcəklə bağlı nəyisə planlaşdırmaq, arzularla yaşamaq da çətinləşib. Günlər oldu ki, evdən çıxmaq belə qadağan edildi, pəncərədən işıqlı dünyaya həsrətlə baxdıq. Düzü, sərt tərdbirlər sayəsində virusun yayılmasını nəzarət altına almaq mümkün olub. Bu səbəbdən də xüsusi karantin rejimində müəyyən yumşalmalar var, bəzi qadağalar aradan götürülüb. Amma yenə də tam normal həyata dönmək mümkün deyil, kabus bizimlə birlikdədi. O cümlədən də futbol bu virusun fəsadlarından əziyyət çəkir, dünyanın bir çox ölkələrində çempionatlar bərpa edilsə də, qarşılaşmalar boş tribunalar önündə keçirilir. Azarkeşsiz futbol isə ətsiz xörək, musiqisiz toy kimidi - sönük və dadsız, cansıxıcı. Çətinliklər, futbolsuz günlər gözümüzü elə qorxudub ki, indiki günümüzə də şükür edirik. Qorxuruq ki, birdən vəziyyət pisə doğru dəyişər, yenidən futbolsuz qalarıq. Ona görə də adam şikayətlənməyə də ürək etmir.
UEFA müəyyən məhdudiyyətlərlə olsa belə, avrokubok yarışlarına start verib. Azərbaycan klubları da bu həyəcana qoşulub, artıq təmsilçilərimizdən “Keşlə” və “Sumqayıt” mübarizəni dayandırıb belə. Ümidimiz “Qarabağ”la “Neftçi”yə qalıb. Düzdü, “Neftçi” “Qalatasaray”a rəqib olandan sonra “ağ-qaralar”ın növbəti mərhələyə yüksələcəyinə, yoluna davam edəcəyinə inananların sayı xeyli azdı. Bununla belə, türk dünyasının fəxri “Qalatasaray”ın Bakıya gəlməsi özlüyündə futbol bayramıdı. Bizə düşən nəticəyə çox da önəm vermədən bu futbol bayramının sevincini yaşamaq, gözəl futboldan zövq almaqdı. “Qarabağ”la bağlı məsələ isə fərqlidi. “Köhlən atlar” uzun müddətdi ki, Azərbaycan futbolunu Avropanın yaşıl meydanlarında uğurla təmsil edir. “Qarabağ”ın sayəsində tələbkarlığımız da xeyli artıb. Artıq Qurban Qurbanovdan və onun komandasından birmənalı şəkildə qrup mərhələsi gözləyirik, başqa nəticəni ağlımızın ucundan belə keçirmirik. Rəqibin kimliyini heç vaxt gözə almamışıq, bu yolda “Qarabağ”ın büdrəyə biləcəyinə inanmaq istəməmişik. Sağ olsunlar, onlar da bizi yanıltmayıb. 2014-cü ilin yayından başlayan bu uğur seriyası davam edir. Bu müddət ərzində bir dəfə Çempionlar Liqasının qrup mərhələsinə də yüksəlməyi bacarmışıq. Elə bu yüksəlişin sayəsində Avropa Liqasının qrupu bizim üçün adiləşib, “Qarabağ”ın qarşısına qoyduğumuz minimal hədəf məhz Avroliqanın qrupu olub.
Az əvvəl qeyd etdiyim kimi, bu dəfə şərtlər bir qədər fərqlidi. Koronavirus pandemiyasının fəsadlarını daha da azaltmaq üçün UEFA avrokubokların təsnifat mərhələsindəki oyunlarda ev-səfər prinsipini ləğv edib, rəqiblərə yalnız bir dəfə şans verilir ki, güclü olduğunu sübut etsin. Düzdü, indiyə qədər “kor püşk” üzümüzə gülüb, hər dəfə məhz Azərbaycan klubları ev sahibi rolunda çıxış ediblər. “Molde” ilə qarşılaşma da belə olmalıydı, “Qarabağ” Norveç çempionunu Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda qəbul etməliydi. Amma rəqib komanda cığallıq etdi, Bakıya gəlməkdən boyun qaçırdı. Əllərində Norveç hökumətinin çıxardığı absurd qərarı bayraq etdilər, bəlkə də elə bizə qarşı “Molde” ilə dövlət rəsmilərinin səyləri də birləşdirildi. Orasını isbatlamaq üçün əlimizdə fakt olmasa da, nəticədə haqqı pozulan tərəf “Qarabağ”dı. Çünki “Qarabağ” rəqibini doğma meydanda qəbul etmir, səfərə yollanır. Onsuz da ermənilərin mənfur siyasəti “Qarabağ”ı “İmarət”dən, yəni özünə doğma olan yuvadan didərgin salıb, qaçqın həyatı yaşamağa məcbur edib. Bu dəfə də norveçlilərin tərsliyi, UEFA-nın da onların çaldığı havaya qol götürüb oynaması əlimizdən rəqibi Bakıda qəbul etmək şansını aldı. UEFA-nın bu qərarının məntiqsiz olduğunu isbatlamaq üçün ortaya xeyli əks dəlil qoymaq olar. Amma bütün bunlar verilən qərarı geri çevirmək üçün yetərsiz olacaq.
“Molde” ilə oyundan əvvəl “Qarabağ”ın əhvalını pozan təkcə UEFA-nın bu qərarı olmadı. “Köhlən atlar” “Keşlə”nin müqavimətini qıra bilmədi. “Keşlə”nin ötən mövsümdəki oyununu, bürünc medal qazanmasını göz önünə gətirəndə, bu nəticəni təsadüf saymaq olmaz. Onsuz da qəsəbə təmsilçisinin doğma meydanda yaxşı çıxış etməsinə öyrəncəliyik. Qapalı oyun üslubuna üstünlük verən “Keşlə” praqmatik oyunla sərfəli nəticə qazanır. Topa sahibolmada rəqibini 65 faizlə üstələyən “Qarabağ” “dişsiz” hücum xəttiylə “Keşlə”nin qapısına yol tapa bilmədi. Ön xətdə seçim imkanları onsuz da geniş olmayan “Qarabağ” Mahir Emrelini itirincə çətinlik çəkməyə başladı ki, bu da qolsuz heç-heçəni qaçılmaz reallığa çevirdi. Ümid edək ki, Emreli Larnakadakı oyuna qədər sıraya dönəcək, hücumların kəsərini artırmaq mümkün olacaq. “Molde”nin oyun üslubu, potensialı, təbii ki, “Keşlə”dən fərqlidi. Bu dəfə “Qarabağ”ın işi daha çətin olacaq. Sevindirici məqam odu ki, “Qarabağ” Skandinaviya təmsilçilərinə qarşı yaxşı çıxış edir, sevinən tərəf olur. Bir də ki, ilahi ədalət var. Həmin o ədalət “Qarabağ”ın tərəfində olmalı, norveçlilərin və UEFA-nın haqsız davranışının cavabını “AEK Arena”da verməliyik. Haydı, “köhlən atlar”, gözümüz Larnakadadı, ürəyimiz də sizinlə!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR