Sizin reklam burada

Rəşad Sadıqov ilk qələbəyə sevindi, Aftandil Hacıyev gileyləndi

Baxış Sayı:110


7. Səbail (Bakı) – Zirə 1:2 (0:0)
96. Nikolas Hagen - 5,0
3. Turan Manafov – 5,0
55. Adil Hağıyev – 5,0
34. Ürfan Abbasov – 5,0
28. Məqsəd İsayev – 5,5
5. Vüqar Bəybalayev – 5,0
(77. Ədilxan Qarəhmədov, 73) – 5,0
8. Lema Mabidi – 5,5
(19. Elgün Nəbiyev, 84) – qiymətsiz
14. Rahid Əmirquliyev (k) – 5,5
11. Rauf Əliyev – 5,5
99. Bahadur Həziyev – 5,5
(22. Əfran İsmayılov, 84) – qiymətsiz
9. Florian Kadriu – 6,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
13. Əli Sadıxov
16. Peyman Keşavarz
17. Elçin Rəhimli
26. Kamal Qurbanov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Florian Kadriu
1. Mateus Albino – 5,5
4. Elvin Camalov (k) – 6,0
2. Sərtan Taşkın – 5,5
12. Lazar Corceviç – 5,0
13. Şəhriyar Rəhimov – 5,5
14. Rəşad Eyubov – 5,5
(8. İlkin Muradov, 68) – 5,5
7. Tural Bayramlı – 6,0
44. Dmitrios Çantakias – 5,5
91. Ruslan Qurbanov – 6,0
(17. Kayo Rangel, 84) – qiymətsiz
9. Davit Volkov – 6,0
10. Klesio Bauk – 5,5
(20. Əli Şirinov, 90+3) – qiymətsiz
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
3. Ali Sisey
5. Kərim Diniyev
62. Abdulla Seyidəhmədov
77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Ruslan Qurbanov
Qollar: D.Volkov, 47 (0:1, R.Eyubov). R.Qurbanov, 67-p. (0:2). Ü.Abbasov, 81-p. (1:2).
R.Əliyev 54-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: T.Bayramlı, 24 (qeyri-idman hərəkəti). R.Əmirquliyev, 24 (qeyri-idman hərəkəti). M.İsayev, 38 (qeyri-idman hərəkəti). B.Həziyev, 44 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 45 (qeyri-idman hərəkəti). E.Camalov, 50 (qeyri-idman hərəkəti). L.Corceviç, 78 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov (hamısı Bakı).
Hakim-inspektor: Munis Abdullayev (Bakı).
AFFA nümayəndəsi: İlham Əliyev (Bakı).
12 sentyabr. Bayıl. “ASCO Arena”. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Oyun elə sürətli başladı ki, artıq ilk 5 dəqiqədən sonra hesab 1:1 ola bilərdi. 4-cü dəqiqənin əvvəlində Şəhriyarın ötürməsindən sonra Ağabalanın yoxluğunda start heyətində görünən və oyunboyu fəal olan Ruslan qapı dirəyinin möhkəmliyini yoxladı, dəqiqə bitmədən isə Rahid Kadriunu qapıçı ilə duelə göndərdi. Təbii, bunda Çantakiasın kobud səhvi də böyük rol oynadı. Alban yarımmüdafiəçi həm özü qapıya dəqiq zərbə endirə, həm də daha əlverişli mövqedə olan Bahadura ötürmə verə bilərdi. Birinci variantı seçdi və zərbəsi dəqiq olmadı. Məhz bu məqamın üzərində dayanmaqla oyunun qarşılıqlı hücumlar şəraitində keçdiyini vurğulamaq niyyətim yoxdu. Təşəbbüsü ələ alan qonaqlar daha fəal görünür, “Səbail”in hər əks-hücumu isə təhlükəli olurdu. Qol vəziyyətlərinin sayı baxımından “Zirə”nin nisbi üstünlüyü var idi. Məsələn, 25-ci dəqiqədə Elvin Camalovun gözəl ötürməsindən sonra Ruslan hesabı aça bilərdi.
İlk yarının axarı gec-tez qol görəcəyimizdən xəbər verirdi ki, belə də oldu. Rəşad sağ cinahdan künc zərbəsini yerinə yetirdi, bir neçə müdafiəçinin lal baxışlarının müşayiəti ilə havaya tullana Volkov qvatemalalı Hagenə heç bir şans vermədi. Hissənin əvvəlindəcə buraxılan qoldan sonra bəlkə də bir başqa komanda dərhal ruhdan düşərdi. Ancaq Rahidlə Raufun irəli səslədiyi “dənizçilər” belə asan təslim olmaq fikrində deyildi. 53-cü dəqiqədə Turanın künc zərbəsi zamanı Adil tiri titrətsə də, hücumun davamında meydan sahibləri penalti qazandı. Albinonun Bahadura qapşı kobudluğuna görə təyin olunan penaltini Rauf Əliyev elə məsuliyyətsizcəsinə yerinə yetirdi ki, sanki çiynində illərin təcrübəsini daşıyan biri yox, əvəzedicilərdən gələn oyunçudu. Əlbəttə, Rauf bir qədər sonra heç nədən penalti qazanmaqla günahını yudu, amma həmin vaxt artıq hesab 0:2 idi. Əslində 2-ci qolun müəllifi kimi penaltini dəqiq yerinə yetirən Ruslanla yanaşı, ona səbəbkar olan Ürfanı da göstərmək mümkündü. Mənə elə gəlir ki, belə təcrübəli müdafiəçi cərimə meydançasından çıxmaqda olan Sərtanı o şəkildə yerə sərməməliydi. İnsafən, “Səbail” 2-ci qoldan da sonra əlini yanına salmadı. 81-ci dəqiqədə gənc hakim Vüqar Həsənli 3-cü dəfə “nöqtə”ni göstərdi. Corceviçin kobudluğuna məruz qalan Rauf bu dəfə qorxusundan penalti vurmadı, Ürfan isə rəqibin 2-ci qolundakı səhvinin acığını az qala toru deşməklə çıxacaqdı.
Son 10 dəqiqədə də meydanda barışmaz mübarizə getdi. Amma hansısa təhlükəli vəziyyətdən danışmaq çətindi. Uzaqbaşı Rangelin uzatma dəqiqələrində qapıçı ilə təkbətək çıxardığı Əli Şirinovun səliqəsiz zərbəsini qeyd etmək olar.
HUŞƏNG[/b]

[b]Gözdən qaçmadı

* Rəşad Sadıqovu baş məşqçi kimi ilk dəfə iş başında gördüyümdən hərəkətlərini, davranışını izləmək maraqlı idi. Meydana bütün iştirakçılardan gec gəlməyin eqonun cilvəsi, yoxsa inanc olduğunu bilmirəm, amma “Zirə”nin çalışdırıcısı oyunboyu hakim qərarlarına reaksiya verməkdən çəkinmədi. Vüqar Həsənlinin qərarlarına görə dəfələrlə Orxan Məmmədova narazılıq etdi, uzatma dəqiqələrindəki əvəzləməyə görə vaxta 30 saniyə yox, 1 dəqiqə əlavə olunmasının səbəbini israrla soruşdu, hətta “top dəyişmək də təzə çıxıb” kimi absurd irad da səsləndirdi.
* 77-ci dəqiqədən oyuna qoşulmaq istəyən Kayo Rangel yan xəttin yanınnda 7 dəqiqə ləngidi. Deyəsən, “Zirə”nin məşqçi korpusu əvvəlcə limitin pozulacağından şübhələndi, Borçe Xristov Rəşad Sadıqova “veyt” (gözlə) dedi, sonra Eltun Yaqublu da işə qarışdı və aydın oldu ki, hər şey qaydalar çərçivəsindədi. Penalti təyin olundu, oyun dayanmadı, beləcə 7 dəqiqə keçdi...
* Ruslan Qurbanov əvəzlənib tribunada yerini tutandan sonra üəm dirijor kimi meydandakı oyundaşlarına səslənir, həm də kimsə həkim yardımına ehtiyac duyanda tibbi personaldan “ayaqlarını sürüməyi” xahiş edirdi ki, “vaxt ölsün”. Bir sözlə, şəxsən mən özüm üçün Ruslanın yeni keyfiyyətlərini kəşf etdim.

Reaksiyalar
Rəşad Sadıqov: “Gözlədiyimiz kimi, oyun gərgin keçdi. “Səbail” “Neftçi”yə qarşı da əzmkar mübarizə aparmışdı. Cox vacib qələbə qazandıq. İlk oyunla müqayisədə daha hazırlıqlıydıq. Qarşıma hansısa hədəf qoymağı sevmirəm. Hər oyuna qələbə üçün çıxırıq. Komanda olaraq düzgün addımlar atmaq istəyirik. Həmişə hər şeyin ən yaxşısını istəmişəm. Hədəflərə düzgün oyunla çatmaq fikrindəyəm. Komanda şəklində yaxşı olmalıyıq. Qələbə həmişə şirindi, amma baxımlı oyun olanda daha yaxşı olur. İstəyirəm ki, komanda böyüsün. Bizim komandada futbolumuzun gələcəyi olan oyunçular çoxdu. Ağabala iki gün öncə məşqdə zədələndi. Futbolda zədələr var, buna hazır olmalıyıq. Ruslan Qurbanov bu gün meydanda aldığı şansdan yaxşı istifadə etdi. Ağabalanın yığmaya çağırılmamasına haqsız qərar demək olmaz. Hər baş məşqçinin öz seçimi var. Səbirli olmaq, çalışmaq və baş məşqçinin etimadını qazanmaq lazımdı. Yığmanın son iki oyununa gəlincə, ilk oyundakı böyük psixoloji zərbəni nəzərə alsaq, həm komanda, həm də kapitan sınaqdan üzüağ çıxdı. Milli çox ağır məğlubiyyətdən sonra səfərdə vacib qələbə qazandı. Kiprlə matçın ilk hissəsində oyun planında çox şey alınırdı, sonra hiss olundu ki, futbolçular bir az həyəcanlandılar və daha çox hesabı qorumaq haqda düşündülər. Amma yenə də rəqibə qol imkanı vermədən 3 xalla qayıtdılar. Maksim kapitan kimi sınaqdan başıuca çıxdı. Söhbət təkcə qol vurmaqdan getmir, komandanı arxasınca daşıyırdı, soyuqqanlı olmağa çalışırdı və həyəcanlanmırdı. Səhv etməkdən də qorxmurdu, bu amillər çox vacib idi. De Byazi də bir aydı yığmaya qoşulub, yavaş-yavaş komandanı tanıyacaq və futbolçulara uyğunlaşacaq. Kiprlə oyunda qələbə çox vacib idi. Qarşıda Monteneqro ilə səfər oyunu var, kritik matçlardan biri olacaq. Yığmaya inanıram və uğurlu çıxışı ilə bizi sevindirəcəyinə böyük ümidlər bəsləyirəm".
Aftandil Hacıyev: “Bu gün maraqlı oyun izlədik. Hər iki komanda çoxlu qol vəziyyəti yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi. İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. "Zirə"nin heyəti bizdən qat-qat genişdi. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi. Mirsahib Abbasov ailəvi problemlərinə görə matçda iştirak etmədi. Bu gün Peyman Keşavarza şans vermədik. Ürfanı bu mövqedə sınadıq, onda pis alınmadı. Çalışacağıq ki, əlimizdə olan heyətlə nəsə edək. Ürfan əvvəlki komandası "Qəbələ"də müdafiədə çıxış edib. Rauf Əliyevi həmişə penalti vuran oyunçu kimi tanımışıq. Qapıçı penaltini dəf etdi, bu, onun ustalığından xəbər verir. Rauf vura bilmədisə, o demək deyil ki, ona güvənməyəcəyik”.

Yeri gəlmişkən...
“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer-liqada bu postda 50-ci oyununu keçirdi. 2018-in yayında paytaxt təmsilçisinin “sükanı arxasına” keçən mütəxəssis komandanı 2018/19 mövsümünün 28, 2019/20 mövsümünün 20 matçına çıxarıb. Cari mövsümün 2-co oyunu çalışdırıcı üçün yubileylə əlamətdar oldu. Baş məşqçi kimi komandasının 23-cü məğlubiyyətini görən Hacıyevin hesabında 17 qələbə və 10 bərabərlik də var.
“ASCO Arena”dakı məğlubiyyət “Səbail” üçün uğursuz yubileylərlə də diqqəti çəkdi. Bakılılar evdə 20-ci, ümumilikdə 40-cı dəfə premyer-liqa məğlubiyyəti aldı. “Zirə”nin vurduğu ilk top isə komandanın öz meydanında qapısında gördüyü 50-ci top oldu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR