Sizin reklam burada

“Bir forvard kimi dubl etməyim yaxşıdı, ancaq...”

Baxış Sayı:103


Əli Qurbani “Sumqayıt”ı uğura daşımaq istəyir
Premyer-liqanın ikinci turunda adından söz etdirən futbolçu, heç şübhəsiz, “Sumqayıt”ın forvardı Əli Qurbani oldu. Cənubi Azərbaycandan olan hücumçu “Neftçi” ilə matçda dubl etməklə komandasının qələbəsində mühüm rol oynadı. “Keşlə” və “Şkendiya” ilə matçlarda heç nə ilə yadda qalmayan Əli ötən cümə sərgilədiyi performansla bağlı bunları söylədi: “Tək-tük futbolçular olar ki, yeni qoşulduğu komandada ilk gündən əlahiddə nə iləsə yadda qalsın. Çoxları kimi mənə də yeni kollektivə uyğunlaşmaq üçün bir qədər vaxt lazım oldu. Ümumiyyətlə, mövsümün əvvəlində “Sumqayıt”a yeni oyunçular gəlib ki, mənim kimi onlara da uyğunlaşmağa zaman lazım idi. Artıq neçə müddətdi bir yerdəyik və deyə bilərəm ki, həmin mərhələni geridə qoymuşuq. İstər premyer-liqanın birinci turuna təsadüf edən “Keşlə” ilə matçda, istərsə də “Şkendiya” ilə görüşdə anlaşma o qədər də yüksək deyildi. İndi isə hər şey qaydasındadı və bunun da nəticəsi olaraq səfərdə “Neftçi” kimi güclü kollektivi yenməyi bacardıq. Bir forvard kimi dubl etməyim yaxşıdı, ancaq ən vacibi komandanın qələbəsidi. Sonda 3 xal qazana bilməyəcəyiksə, mənim və ya başqa komanda yoldaşımın vuracağı qolları bir o qədər əhəmiyyəti olmayacaq”.
Ucaboy forvard ikinci turdakı qələbədə məşqçilər korpusunun xüsusi zəhmətinin olduğunu vurğuladı: “Baş məşqçimiz Ayxan Abbasov və köməkçiləri rəqibi yetərincə yaxşı təhlil etmişdi. “Neftçi”nin güclü və zəif cəhətrlərini hər xırdalığına kimi izah etmişdilər. Komanda olaraq baş məşqçinin verdiyi tapşırıqları meydanda düzgün yerinə yetirdik və azarkeşlərimizi qələbə ilə sevindirdik. “Belə oyunla komanda mövsümün sonunda Avropa Liqasına vəsiqə qazana bilərmi” sualına gəlincə, bir qələbədən sonra bu haqda danışmaq tezdi. Çempionatın sonuna 26 tur qalıb, qarşıda bizi bir-birindən gərgin matçlar gözləyir. Odu ki, gəlin tələsməyək. Hər bir futbolçu kimi, mən də qarşıma müəyyən məqsədlər qoymuşam. Hazırda bütün fikrim “Sumqayıt”dadı, başqa kluba keçmək haqda düşünmürəm. Əvvəlcə geydiyim formanın qarşılığını verib, onu uğura daşımaq lazımdı”.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR