Sizin reklam burada

Xal itirməyən qalmadı

Baxış Sayı:91

Xal itirməyən qalmadı

Futbol üzrə ölkə çempionatında 2-ci tur da arxada qaldı. Gözlənilməz nəticələrin qeydə alındığı tur kifayət qədər maraqlı alındı deyə bilərik. Məhsuldarlıq baxımından nə dərəcədə ürəkaçan olduğunu söyləmək çətindi. 4 matçda qapılara ümumilikdə 8 topun vurulması oyunbaşına 2 qol deməkdi. ”Sabah” qəbələlilər üzərində qələbəyə sevinməsəydi, bu, qonaqların turu kimi yadda qalacaqdı. Yubiley rəqəmləri ilə bol olan turda çempionatın ilk böyükhesablı qələbəsi qeydə alındı. Ən maraqlısı isə artıq 2 turdan sonra bütün komandaların xal itkisi ilə üzləşməsidi.
Təəccüb doğuran nəticələr hesabat turunun ilk oyun günündə qeydə alındı. Turun açılış matçında “Qalatasaray”la duelə hazırlaşan “Neftçi”nin Bakıda – özünə doğma olan stadionda “Sumqayıt”a uduzacağını sumqayıtlılardan başqa heç kim təsəvvür etmirdi. Söhbət təkcə komandalar arasındakı büdcə və səviyyə fərqində deyil. Maraqlı fakt “ağ-qaralar”ın çempionatdakı son 10 oyunda (276 gün) yenilginin nə olduğunu bilməməsiydi. Bakılılar sonuncu dəfə 2019-un noyabrın 9-da “Keşlə”yə uduzmuşdu. Roberto Bordinin baş məşqçi olduğu dönəmdə. Yeri gəlmişkən, bu, Füzuli Məmmədov üçün də baş məşqçi postunda ilk məğlubiyyət oldu. Əvəzində Ayxan Abbasov baş məşqçi kimi 100-cü oyununa çıxdı və premyer-liqada 30-cu qələbəsinə sevindi.
Son 7 ilin çempionunun “Keşlə” önündə çətinlik çəkəcəyi hardasa gözlənilirdi. Yığma üzvlərinin düşərgəyə yorğun qayıtması, sıx qrafik və təbii ki, “Molde”ylə vacib görüş ağdamlıların çempionat matçına necə hazırlaşacağını sual altına almışdı. “Qırmızılar” qarşısında kifayət qədər çətinliklə üzləşən “köhlən atlar” meydanı məğlub tərk etmədyinə görə bir neçə epizodda inamlı oynayan Şahruddin Məhəmmədəliyevə təşəkkür etməlidi. Şahruddin demişkən, yığma üzvü Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına düşmək üçün 660 “quru” dəqiqə limitini arxada qoydu. Sonuncu dəfə ötən il dekabrın 6-da “Keşlə”ylə oyunun 47-ci dəqiqəsində qapısından top buraxan qolkiper 673 dəqiqədi qapısını toxunulmaz saxlayır. Odu ki, Məhəmmədliyevin “çərçivə”dəki canfəşanlığının səbəbini anlamaq çətin deyil. Heç-heçəyə baxmayaraq, çempion 2 turdan sonra turnir cədvəlində top fərqinə görə liderdi.
“Sabah”la “Qəbələ” arasında indiyə qədər baş tutan 7 oyunun cəmi 1-də heç-heçənin qeydə alınması budəfəki qarşılaşmada tərəflərdən 1-nin qələbəyə sevinəcəyindən xəbər verirdi. Yekunda belə də oldu. Maraqlı keçən 90 dəqiqənin tamamında komandalar arasında çempionat görüşlərində ilk dəfə böyükhesablı nəticə qeydə alındı. Düzdü, bu ilin fevralında paytaxt təmsilçisi qəbələliləri oyuna 3 dəfə mərkəzdən başlamağa məcbur etmişdi, lakin həmin matç 3:2 hesabı ilə başa çatmışdı.
“Səbail”lə “Zirə”nin duelində Azərbaycan məşqçi sexinin iki gənc nümayəndəsinin qarşıdurması baxımından maraq doğururdu. Yetərincə baxımlı, təhlükəli vəziyyətlərlə zəngin oyunda penalti, tirdən və dirəkdən dönən zərbələr, “dənizçilər”in baş məşqçisi Aftandil Hacıyev demişkən, futbol adına hər şey var idi. Rəşad Sadıqov baş məşqçi kimi ilk qələbəsini qazandı – heç şübhəsiz, sevinir və sevincini də gizlətmir. Amma Aftandil bəyin komandası da “qapazaltı uşaq” təsiri bağışlamadı. “Dənizçilər” bir qədər də güclənəcəyi təqdirdə tezliklə qələbə və xal xanasındakı sıfırları silə bilər.
1-ci dövrə, 2-ci tur
11 sentyabr
Qarabağ – Keşlə 0:0
Neftçi – Sumqayıt 0:2
12 sentyabr
Səbail - Zirə 1:2
13 sentyabr
Sabah – Qəbələ 3:0
1. Qarabağ 2 1 1 0 2-0 4
2. Zirə 2 1 1 0 3-2 4
3. Keşlə 2 1 1 0 1-0 4
4. Sabah 2 1 0 1 3-2 3
5. Sumqayıt 2 1 0 1 2-1 3
6. Neftçi 2 1 0 1 2-3 3
7. Qəbələ 2 0 1 1 1-4 1
8. Səbail 2 0 0 2 2-4 0
Bombardirlər: Mahir Emreli (Qarabağ), Namiq Ələsgərov (Neftçi), Əli Qurbani (Sumqayıt) – 2.
Növbəti turun oyunları: 19 sentyabr – Sumqayıt – Səbail, Qəbələ - Keşlə; 20 sentyabr – Qarabağ – Neftçi, Zirə - Sabah.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR